Qulu Məhərrəmlinin həbsini istəyirlər

Qulu Məhərrəmli

-

Az TV sədri Arif Alışanov tanınmış teleaparıcı Qulu Məhərrəmlini şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə verib.

Bu haqda teleaparıcı özü Turan-a danışıb.

Q.Məhərrəmlinin sözlərinə görə, Az TV sədri ona xüsusi ittiham qaydasında cinayət işi açılması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

“Araif Alışanov mənim Cinayət Məcəllləsinin 147.1-ci (böhtan) və 148.1-ci maddələrilə (təhqir) məsuliyyətə cəlb edilməyimi istəyir. Bu maddələrdə şəxsin azadlıqdan məhrum edilməsi cəzası da nəzərdə tutulur” - deyə Q.Məhərrəmli bildirib.

Q.Məhərrəmli Az.TV sədrinin Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı Moderator.az saytına müsahibəsində tənqidi fikirlər səsləndirməsinə görə məhkəməyə üz tutduğunu deyib:

“Onun şikayət ərizəsində məni niyə ittiham etdiyini dəqiq müəyyənləşdirə bilmədim. Məlum müsahibəmdə Azərbaycan televiziyasının tarixini qısaca təhlil etmişəm. Bu gününə nəzər salmışam. Yaxşısı, pisi barədə mülahizələrimi söyləmişəm. Təhlükəli saydığım tendensiyaları göstərib, bunları doğuran bəzi səbəblər haqqında danışmışam”

Telaparıcı daha sonra deyib:

“İctimai nəzarətin bir üsulu kimi tənqid, görünür, AzTV-də hələ yaxşı başa düşülmür. Haqqında söhbət gedən tənqiddən sonra A.Alişanovun atdığı impulsiv addımlar onun tutduğu vəzifənin məsuliyyətini lazımınca dərk etməməsini göstərir”.

AzTV tamamilə dövlət büdcəsindən maliyyələşən, dövlətin nəzarətində olan milli yayımçıdır. Son on ildə dövlət büdcəsindən telekanala 600 min manatdan çox vəsait ayrılıb. Arif Alışanov 2006-cı ildən AzTV sədridir.