Əli İnsanov qardaşının yasına buraxılmadı

Əli İnsanov.

-

Sabiq səhiyyə nazirinin vəkili Toğrul Babayev AzadlıqRadiosuna deyib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi müraciətlərinə mənfi cavab verib: «Rejim qaydalarına uyğun olmadığını əsas gətirərək imtina etdilər».

Əli İnsanovun qardaşı oktyabrın 26-da Bakının Qaraçuxur qəsəbəsində dəfn olunub.

Cəzaların İcrası Məcəlləsinə görə, Əli İnsanova yas mərasimində iştirak etmək üçün 7 gün müddətinə məzuniyyət verilə bilərdi.

Əvvəllər də beynəlxalq təşkilatların siyasi məhbus saydığı Emin Milli atasının, Tofiq Yaqublu qızının yas mərasiminə buraxılmışdı.

Əli İnsanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub. Daha sonra ittiham ayrı icraata götürülüb. 2007-ci ilin aprelində o, iqtisadi cinayətlərə görə mühakimə olunub və 11 il azadlıqdan məhrum edilib. Sonradan Əli İnsanov hüquq-müdafiə təşkilatları tərəfindən «siyasi məhbus» kimi tanınıb.