Azərbaycan televiziyaları hansı tərəfə üz tutub

Teletənqidçi Xatirə Qasımova, 10 noyabr 2006

-Bu həftə Azərbaycan efiri 2 yubileyini yaşadı-radio 80, Televiziya 50 yaşını geridə qoydu. Sizcə, Azərbaycan vətəndaşları efirin simasında görən gözlərini və eşidən qulaqlarını qazandılarmı?

-Qazandılar demək olar. Teleradioya münasibətin müxtəlifliyini danmamaq şərti ilə, əhalinin bir qismi onun timsalında baş verən hadisələrin bələdçisini qazandılar, əlbəttə.


-Xatirə xanım, «Televiziya və mədəniyyət» mövzusunu diqqətdə saxlayacağıq. Öncə soruşum: Bir televiziya tamaşaçısı kimi neçə yaşınız var? Yəni neçə ildir televiziyaya baxırsınız?


-AzTV 1956-cı ildə yayıma başlayıb. Təbii ki, onun ilk tamaşaçıları sırasında ola bilməzdim. Sadəcə, o səbəbdən ki hələ doğulmamışdım. Artıq 2-3 yaşından TV-yə baxdığımı göz önünə alsaq, tamaşaçı stajımın 40-ı haqladığını deyə bilərəm.


-Azərbaycan televiziyası Məşədi İbad yaşına çatdı və yəqin ki, seyrçilərinə «o olmasın, bu olsun» mesajını verdi. Sizcə, nə olsun və nə olmasın dedi?


-Öncə Üzeyir bəyin bir etirafını xatırlayaq ki, 50 yaş heç də qocalıq yaşı deyilmiş...Sualınıza cavab olaraqsa bildirərdim ki, təəssüf ki, Azərbaycan televiziyaları dəqiq, doğru-dürüs mesajlar verməyiblər. Müxtəlif səbəblərdən. Di gəl, bir səbəbi-peşəkarlığın axsamasını daha önəmli saymağa dəyər. Üstün zövqlü seyrçilər sovet vaxtlarında Mərkəzi TV-nə baxmağı xoşlayır və müqayisədə AzTV-yə nisbətən zəif, qeyri-peşəkar və əyalət TV-si kimi yanaşırdılar. İndi müstəqil dövlətin TV-ləri var və bu fakt bizləri sevindirir, ancaq peşəkarlığın axsaması yenə danılmaz gerçəkdir.


-Xatirə xanım, Azərbaycan teleməkanı genişlənib...yeni telekanallar açılıb. Sizcə, hansı özəlliklər onların üzünü ağardır və hansı keyfiyyətlər üz qaraldır?


-Təkrar edirəm ki, yeni kanalların açılması sevindirici faktdır-seçim imkanı verir. Di gəl, qeyri-peşəkarlıq aradan qalxmayıb və bəzi hallarda daha da artıb. Veriliş formatlarının yoxsulluğu, aşağı aparıcılıq mədəniyyəti, qeyri-peşəkar məlumatlandırma və s. baxımlardan geri qalma danılmazdır. Düzdür, bu yubiley günlərində yalnız üzağardan şeylərdən söhbət açmaq istərdim, ancaq gerçəyi də danmaq olmaz.


-Postsovet dönəmində yaşayırıq və keçid demokratiyası ölkəsi sayılırıq. Bizim televiziyaların hansı sualı-«nə» sualını, «necə» sualını, yoxsa «niyə» sualını cavablamasını arzulardınız? Telekanallar məlumatlandırsın, anlatsın, ya da ki, əyləndirib-ovundursun?


-İstərdim ki, həmin sualların hamısı cavablandırılsın. Həqiqəti axtarmaq, seyrçiyə seçim imkanı yaratmaq və qərar vermək hüququnu seyrçiyə saxlamaq lazımdır. Bu, çağdaş medianın dönməz prinsipidir.


-Söz var, deyirlər peşəkar televiziya hamıya və təkcəyə eyni zamanda üz tutur. Bu baxımdan bizim efiri necə dəyərləndirərsiniz?


-TV-lər auditoriyanın bir addım önündə olmağı da bacarmalıdırlar. Seyrçilər TV-ni örnək götürməkdən, tərs proses baş verir-bizim TV-lər aşağı səviyyəli seyrçini əsas götürür və sanki onun zövqünü oxşamağı məqsəd bilir. Hamıya ünvanlanmaq və təkcəni unutmamaq yüksək peşəkarlıq tələb edir.


-Xatirə xanım: Məşhur nağılı xatırlasaq, bizim televiziyalar hara üz tutub-işıq gələn tərəfə, yoxsa it hürən tərəfə?


-İşıq gələn tərəfə üz tutublar. İstərdim hər iki tərəfə üz tutsunlar. İt sadiqdirsə, bizi qoruyursa, biz nədən ona dəyər verməyək? TV-lər həm it hürən tərəfə, həm də işıq gələn tərəfə getməlidir. İnformasiya TV-si it hürən yana, bədii TV-işıq gələn yana getsə, bütövlükdə həm seyrçi, həm də TV qazanar.