Sahibkar niyə həbsxanadadır?

Arxiv fotosu

-

“İş adamı Müqayis Verdiyevin əməlində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya istafetmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməli yoxdur”.

Bunu AzadlıqRadiosuna Goranboy rayonundan olan iş adamı, 2 saylı Gəncə İstintaq Təcridxanasında saxlanılan Müqayis Verdiyevin vəkil Adəm Məmmədov deyib.

Müqayis Verdiyevin məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilir. Prosesə hakim Elbəy Allahverdiyev sədrlik edir.

VƏKİL: ŞAHİD YALAN İFADƏ VERİB

Vəkilin sözlərinə görə, sonuncu məhkəmə iclasında “Fəqan Xidmət Təşkilatı” MMC-nin direktoru Fəyyaz Məmmədov ifadə verib. Bildirib ki, guya о, Müqayis Verdiyevə zəng vurub, görüşüblər və gördüyü işlərin müqabilində ona ayrı-ayrı vaxtlarda 101.800 manat məbləğində pul verib. Ancaq vəkil iddia edir ki, Fəyyaz Məmmədovun məhkəmədə dedikləri iş üzrə toplanmış sübutlarla təkzib olunur.

Vəkil:

"Məhkəmə istintaqı zamanı Fəyyaz Məmmədovun yalan ifadə verməsi tam sübuta yetirilib. O, heç vaxt Müqayis Verdiyevlə görüşməyib, ona pul verməyib. Müqayis Verdiyev əvvəllər ümumiyyətlə, Fəyyaz Məmmədovu tanımayıb, onunla ilk dəfə istintaq zamanı üzləşmədə görüşüb və adıçəkilən şəxs ona heç vaxt pul verməyib. Buna digər sübut isə Baxış Abdullayevin verdiyi ifadədir. Fəyyaz Məmmədov ifadəsində göstərib ki, guya pulu Baxış Abdullayevin tapşırığı ilə ona verib. Lakin Baxış Abdullayev onun dediklərini təkzib edib. İfadəsində göstərib ki, Fəyyaz Məmmədova heç vaxt Müqayis Verdiyevə pul verməsi ilə bağlı göstəriş verməyib, onun yanında Fəyyaz Məmmədov Müqayis Verdiyevə pul ödəməyib. O, bu məlumatı Fəyyaz Məmmədovdan aldığını deyib”.

"ONLAR BİR-BİRLƏRİNİ TANIMAYIBLAR"

Vəkilin sözlərinə görə, B.Abdullayevlə F.Məmmədovun ifadələri arasında ziddiyyət var. F.Məmmədov ifadəsində pulu B.Abdullayevin yanında verməsini göstərsə də, sonuncu bunu təkzib edir:

“Belə çıxır ki, ola bilsin, Fəyyaz Məmmədov həmin pulu özü mənimsəyib, elə Baxış Abdullayevi və icra başçısını aldadaraq o pulu Müqayis Verdiyevə verməyini göstərir. Ya da ki, Baxış Abdullayev Fəyyaz Məmmədovu məcbur edir ki, o, Müqayis Verdiyevə qarşı yalan ifadə versin”.

Vəkil Adəm Məmmədovun vəsatəti əsasında hər iki tərəfin telefonlarının antenn dairəsi və zənglər barədə məlumatlar məhkəməyə tıqdim olunub. Məlum olub ki, Fəyyaz Məmmədovla Müqayis Verdiyev arasında heç vaxt telefon danışığı olmayıb, eyni zamanda Fəyyaz Məmmədov Müqayis Verdiyevə pul verməsini göstərdiyi vaxtlarda onlar müxtəlif yerlərdə olublar, bir dəfə də olsun görüşmək imkanları olmayıb.

Vəkilin sözlərinə görə, “Fəqan” MMC-nin görülən işlərlə bağlı maliyyə və tikinti sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilib: “Baxmayaraq ki, bu iş üzrə hələ istintaq gedir. Fəyyaz Məmmədov adıçəkilən sənədləri arxivə vermək adı ilə məhv edib və bununla da sübutları gizlədib”.

İş adamı Müqayis Veridyevə qarşı sürülən ittiham odur ki, o, Goranboy rayonunda həyata keçirilən tikinti işlərində külli miqdarda pulu mənimsəyib, ayrı-ayrı şəxslərin əmlakını talayıb.

İŞ ADAMI QURBAN SEÇİLİB?

İttihama görə, “Fəqan Xidmət Təşkilatı” MMC ilə aralarında şifahi olaraq razılaşdırılmış subpodrat müqaviləsinə əsasən 2012-ci ilin oktyabr ayından 2013-cü ilin mart ayının əvvəlinə kimi olan dövrdə Goranboy rayonu ərazisində aparılan tikinti-abadlıq işlərini həyata keçirmək üçün 27 nəfər usta və fəhləni görüləcək təmir-tikinti işlərinə cəlb edib. Onlara gördükləri işin müqabilində əməkhaqqı kimi verilməli olan pulu (21138 manatı) “Fəqan Xidmət Təşkilatı” MMC-dən nağd qaydada alsa da həmin şəxslərə verməyərək mənimsəyib.

Müqayis Verdiyevin - İmişli və Goranboy rayonlarında yenidənqurma və təmir işlərini həyata keçirən şirkətin rəhbərinin həbsinin sifarişçisi kimi Goranboyun icra başçısı Nizaməddin Quliyevin adı çəkilir. Elə Müqayis Verdiyev ölkə başçısı İlham Əliyevə ötən il ünvanladığı müraciətində də bu barədə yazıb.

O müraciətində qeyd edib ki, Goranboyda həyata keçirilən təmir-tikinti işləri ilə bağlı tenderin icrasının bir hissəsi ona həvalə olunub. Bu tenderi “Fəqan Xidmət Təşkilatı” firması udub və onun ümumi dəyəri 1,3 milyon manat olub. İş adamı müraciətində vurğulayırdı ki, bu firma Nizaməddin Quliyevin oğluna məxsusdur və icra başçısı da oğlunun daha çox pul qazanması üçün tenderdə onu qalib elan etdirib. Lakin “Fəqan”ın rəhbəri tenderin pullarını mənimsəyərək atası üçün ikinci problem yaradıb. Sahibkar bununla da bağlı deyir ki, N.Quliyev oğlunu oyundan çıxarmaq üçün günahkar axtarışına başlayıb. Çox keçmədən 1,3 milyon manatlıq tenderin cəmi 256 min manatlıq hissəsi üzrə təmir işi aparan M.Verdiyev qurban gedib.