Azərbaycan səhnəsi gülər üzünü itirdi...

Hacıbaba Bağırovun dəfn mərasimi, 5 oktyabr 2006

O, ovutmağı bacarırdı...Qoca-uşaq, yeniyetmə-cavan bilmədən güldürməyi bacarırdı. İnsanları gülüş notuna kökləyirdi. Söhbət Hacıbaba Bağırovdan gedir! Mərhum sənətçinin ötən ilin iyununda «Azadlıq» radiosuna verdiyi ilk və son eksklüziv müsahibədən fraqmentlər:

Suaı: -Necə üz tutum Sizə-Hacıbaba müəllim, yoxsa Hacıbaba bəy?


Cavab: -Az-çox kimisə öyrətmişəmsə, müəllim də demək olar. Ana tərəfim bəy nəslindəndir-Cəmil bəyin nəslindən. Qərəz, həm müəllim, həm də bəy demək mümkündür...


Suaı: -Belə bir deyim var: gülməli şeylər edən adama komik deyirlər. Hər şeyi-hər şeyi gülməli eləyən adama yaxşı komik deyirlər. Razısız bu deyimlə?


Cavab: -Razıyam. Üstəlik, mənim kimi sənətdə bəxti gətirən, üz güldürən adama komik deyirlər. Bir də görürsən, İrandan, Türkiyədən adamlar gəlir mənimlə şəkil çəkdirib yadigar aparmaq istəyirlər. Yəqin, yaxşı komikəm də...


Suaı: -Heç də gülməli sayılmayacaq vəziyyətə düşən adama da komik deyirlər. Çoxmu belə vəziyyətə düşmüsüz? Məsələn, nələrə gülməyə məcbur olmusunuz?


Cavab: -Bu qədər yaşım varsa, demək, olub. İndi xatırlamaq istəmirəm. Amma, başqalarının elə vəziyyətlə bağlı ovqatlarını dəyişmək, kefini kökəltmək üçün az səyim olmayıb. Sonra da öz içimi boşaltmışam…


Suaı: -Kimdir Sizin seyrçiniz-tamaşaçınız? Haradan bilirsiniz ki, onun ağlamaqdan çox gülməyə ehtiyacı var?


Cavab: -Mənə tamaşada baxmağa gəlibsə, demək, gülməyə gəlib. Başqa vaxt gəlibsə, demək, vəziyyət ağlamalıdır. Bir də ki, komediya o vaxt başlayır ki, gülməyə həvəsi olmayanları, heyi qalmayanları güldürməyi bacarasan...


Suaı: -Andre Moruanın bir sözü var: «İnsanlar rəhbərə söz deyəndə gülümsəyirlər və düz eləyib gülümsəyirlər, çünki sonra yəqin ki, gülmək həvəsləri qalmayacaq». Öz təcrübənizdən də misal gətirə bilərsiniz?


Cavab: -Çox incəliyə varmadan, öz təcrübəmdən misal gətirim. Az qala 10 ildir Musiqili Komediya Teatrının direktoruyam. Qanıqara yanıma gələn əməkdaşlar kabinetdən gülə-gülə çıxırlar. Yəqin o səbəbdəndir ki, mən rəhbərdən çox, sənətçiyəm, bu teatrda çalışanların həmkarıyam.