İnflyasiya təkrəqəmli səviyyədədirmi?

Milli Bankdan bildirdilər ki, bankın əsas hədəfi inflyasiyanın artımını müəyyən səviyyədə saxlamaqdır

Hökumət nümayəndələri hələ də ilin sonuna qədər inflyasiyanın təkrəqəmli səviyyəni keçməyəcəyindən əminliklərini bildirirlər. Amma, həm yerli, həm də beynəlxalq ekspertlərlə söhbətdə belə aydın olur ki, bu elə də real deyil. Məsələn, «Turan» informasiya agentliyinin eksperti Rasim Hüseynov hətta vəziyyəti belə qiymətləndirir ki, hökumət birrəqəmli inflyasiya səviyyəsi haqda öhdəliklər götürəndə Statistika Komitəsini pis vəziyyətdə qoyur. Nəticədə, həmin Komitə də hökuməti haqlı çıxarmaq üçün müəyyən üsullara əl atmalı olur. Rasim Hüseynovun sözlərinə görə, onların müstəqil araşdırmaları göstərir ki, ilin əvvəlindən bəri inflyasiya 20 faizi keçib.


Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin baş mütəxəssisi Vitali Kramarenkonun da verdiyi açıqlamalarında Azərbaycanda inflyasiyanın artıq 10.2 faizi keçdiyini demişdi. Eyni müddətdə manatın dollara nisbətdə möhkəmlənməsi də davam edib.

«Məzənnə bahalaşanda idxalçıların gəlirləri artır, və deməli istehlak zənbilinin 1/3 təşkil edən idxal malları ucuzlaşmalıdır və bu da inflyasiyanın azalmasına kömək edir»
Düzdü, İqtisadi İnkişaf naziri Heydər Babayev manatın dollara nisbətən möhkəmlənməsinin özünün antiiflyansiya tədbiri kimi istifadə olunduğunu və bu üzdən ixraca mənfi təsir göstərsə də, dolların kursunun düşməsinə müdaxilə etmək istəmədiklərini demişdi. Milli Bankın Tədqiqatlar və statistika departamentinin direktoru Emin Hüseynov deyir ki, doğrudan da nəzəri olaraq manatın bahalaşması inflyasiyaya iki yolla azaldıcı təsir göstərir:


«Məzənnə bahalaşanda idxalçıların gəlirləri artır, və deməli istehlak zənbilinin 1/3 təşkil edən idxal malları ucuzlaşmalıdır və bu da inflyasiyanın azalmasına kömək edir».


Amma, «Turan»ın eksperti Rasim Hüseynovun fikrincə, bu fikirlər Azərbaycanda ancaq nəzəriyyədə işə yarayır. Reallıqda isə idxala nəzarət edən monopoliyalar qiymətlərin düşməsinə imkan vermir: «Azərbaycanda monopoliyalar idxala nəzarət edir və kurs necə olur olsun-onlar gəlirlərinin azalmasına imkan vermir, yəni qiymət düşmür-bunun da inflyasiyaya dəxli olmur».


Milli Bankın rəsmisi Emin Hüseynov deyir ki, manatın möhkəmlənəsi başqa yolla da bazarda qiymətlərin düşməsinə səbəbə ola bilər. Azərbaycanda qeyri-dövlət sektorunda çalışan orta təbəqə və xaricə işləyənlərin ailələrinə göndərdiyi vəsaitlər yetərincə böyük məbləğlərdir və dollarla olur.

«Azərbaycanda monopoliyalar idxala nəzarət edir və kurs necə olur olsun-onlar gəlirlərinin azalmasına imkan vermir, yəni qiymət düşmür-bunun da inflyasiyaya dəxli olmur»
Dolların ucuzlaşması və manatın möhkəmlənməsi onların alıcılıq qabiliyyətinə və deməli bazara da təsir edir.


O ki qaldı, İqtisadi İnkişaf nazirinin səsləndirdiyi-gələn il üçün dolların proqnozlaşdırılan kursuna-85 yeni qəpiyə-yəni 4290 köhnə manatlıq kursa, Rasim Hüseynov deyir ki, adətən hökumətin proqnozları çox optimist olur. Ola bilsin ki, dollar həmin səviyyəyə elə yeni ilin əvvəlində düşsün. Milli Bankdan isə bildirirlər ki, onlar manatın kursunun sıçrayışlarla deyil, daha stabil şəkildə olmasını təmin etmək üçün bazara müəyyən müdaxilələr edirlər.


Əgər bu müdaxilələr olmasaydı-manat daha çox möhkəmlənərdi. Amma, Milli Bankdan onu da bildirdilər ki, bankın əsas hədəfi heç də manatın müəyyən kursda saxlamaq yox, inflyasiyanın artımını müəyyən səviyyədə saxlamaqdır. Bundan sonra Bankın görəcəyi tədbirlər də, bu istiqamətdə olacaq.


Bütün bunların-manatın möhkəmlənməsindən tutmuş, ixrac potensialının azalmasına qədər olan amillərin ölkə iqtisadiyyatı üçün yaxşı nəticələr verməyəcəyini elə hökumət rəsmiləri də etiraf edirlər. Hələ ki, görünən odur ki, hökuməti indilik daha çox-inflyasiyanı prezidentə söz verdikləri səviyyədə-birrəqəmli səviyyədə saxlamaq yolları maraqlandırır. BVF və yerli ekspertlərin artıq bu həddin keçilməsi ilə bağlı şərhlərini isə, Azərbaycan rəsmiləri fərqli hesablama variantları ilə bağlayır.