«Şəhriyara borcum heç vaxt bitməz!»

Rəhim Çavuş Əkbəri ilə söhbət, 19 sentyabr 2006

«İz» mədəniyyət proqramı bu sayında ustad Şəhriyarın 100 yaşını anır. Proqramın qonağı şairin dostu Rəhim Çavuş Əkbəridir.

AZADLIQ: Xoş gördük, Rəhim ağa! İlk öncə Şəhriyarla necə tanış olmağınızdan danışmağınızı rica edirik?


RƏHİM ÇAVUŞ ƏKBƏRİ: Albert Eynşteyn ölən il idi. Təbrizdə 9-cu sinifdə oxuyurdum. Şeir də yazırdım və yazdıqlarımı Şəhriyarın dinləməsi üçün canımdan belə keçərdim. Bu o vaxt idi ki, Şəhriyar Tehrandan Təbrizə dönmüşdü. Şah dövrü olduğundan türkcə yazmaq yasaq sayılırdı. Təbrizdə farsca yazanlar çox idi, amma mən türkcə yazırdım...Onun kiçik qardaşına bu arzumu da çatdırmışdım və diləyim gerçək oldu. Böyük şair mənim şeirimi dinlədi və sonra «Sən 2-ci Şəhriyarsan» dedi. Və daha sonra da bildirdi ki, lap gecəyarısı da olsa, kefin istəyən vaxt mənə öz şeirlərini oxumaqdan çəkinmə. Elə o vaxtdan dostlaşdıq və 30 il ona şagirdlik və sirdaşlıq etdim və indi də ondan öyrənməkdəyəm.


AZADLIQ: Şəhriyar 1906-cı ildə doğulub-Səttarxan hərəkatı dönəmində. Şairin ata-anası Məşrutə dövrünü görüb. Şəhriyarda hüquq və azadlıqlara can atma, öz soyunu-dilini-mədəniyyətini tanımaq yanğısı bəlkə elə həmin dönəmdən qalıb?


RƏHİM ÇAVUŞ ƏKBƏRİ: Böyük Şəhriyar nəql edərdi ki, Səttarxan onu qucağına götürüb üzündən öpüb. Şəhriyarın atası Xoşginabdan idi, vəkillik edərdi və pullu bir adam idi. Yayların birində doğma Xoşginaba dönəndə Səttarxan da onlara baş çəkib və balaca Şəhriyarı bağrına basıb. Bəşər sevgisi, İran sevgisi və doğma türkcəyə bağlılıq da elə o dönəmlərdən qalıb demək mümkündür. Yeri gəlmişkən, Heydərbaba dağı da Xoşginabda yerləşir və türkcə adi bir qəzetin də qadağan edildiyi vaxtda ustad Şəhriyar həmişəyaşar poemasını yazıb, çap edib. Artıq 76 dilə tərcümə edilmiş «Heydərbabaya salam»ı!..


AZADLIQ: Rəhim ağa, yeri gəlmişkən, o dövrdə hansı xalq mahnıları dəbdə idi? Nə oxuyurdular Təbrizdə? Şəhriyarın özü nə oxuyurdu?


RƏHİM ÇAVUŞ ƏKBƏRİ: Şimali Azərbaycanda hansı mahnıları oxuyurdularsa, Cənubda da onları oxuyurdular. Şəhriyar da həmçinin. «Yar bizə qonaq gələcək» mahnısını çox sevirdi. Yeri gəlmişkən, Bakıya gələndə radioya, telekanallara çox qulaq verirəm, amma əcnəbi mahnılara üstünlük verirlər. O cür gözəl xalq mahnılarımızı doyunca dinləyə bilmirəm. Mən özüm 5 dil bilsəm də öz mahnılarımızın özgə yeri var və heç nəyə dəyişmənəm.


AZADLIQ: Şəhriyar böyüdü. Kimləri gördü? Kimlərdən dərs aldı?


RƏHİM ÇAVUŞ ƏKBƏRİ: Orta məktəbi Təbrizdə bitirdi. «Füyuzat» məktəbini bitirəndən sonra Tehrana yollandı. Universitetə daxil oldu. Cəmi bir il qalmışdı ki, həkim olsun, sevgi macərası başına gəldi-Şirazlı gözəl Sürəyyaya vuruldu. Amma bu sevgisi daşa dəydi. Sürəyyanı Rza şahın yaxın qohumuna ərə verdilər və Şəhriyarı da sürgün etdilər Nişapura. Hətta atasının dəfninə də buraxmadılar ki, Təbrizə gəlsin. Sonralar Sürəyya Şəhriyarın uzun illər evlənmədiyindən xəbər tutub onun Tehrandakı evinə gəlib, anası Kövkəb xanımla görüşüb, ürəyini ona açıbmış. Di gəl, Şəhriyar gözəl Sürəyyadan imtina edərək, anası Kövkəb xanım vasitəsilə ona belə cavab verib: «Mən tülkünün artığına qalmayan şirlərdənəm»...təxminən 50 yaşlarında Şəhriyar Təbrizdəki əmisiqızı Əzizəylə ailə qurur və Şəhrzad, Məryəm və Hadi adlı 2 qız və bir oğlan atası olur...


AZADLIQ: Şəhriyar nə vaxtdan şair kimi tanındı? İlk şeirini bilməmiş olmazsınız.


RƏHİM ÇAVUŞ ƏKBƏRİ: Tehranda eşqi daşa dəyəndən sonra şeirləri dillərə düşür. Məliküşşüəra Bahar və ünlü şair Bəxtiyarinin də diqqətini çəkir. Məliküşşüəra Bahar Şəhriyara «Şərqin iftixarı» fəxri adını verəndən sonra onun əsərlərini mətbuat çap edir, radiolar səsləndirir, televiziyalar diqqət yetirməyə başlayırlar. Beləcə, Şəhriyar çox məşhurlaşır. İlk şeirinə gəlincə, özünün dediyinə görə, uşaq şeiri olub. Farscadan tərcümə etsək, təxminən bu məzmunda imiş: «Günahkaram, vay mənim halıma. Mərdiməzaram, vay mənim halıma»...


AZADLIQ: Şəhriyarın çağdaş fars poeziyasında rolu vurğulanır. Onun farsca şeirləri modernist idi, ya necə? Çoxmu fərq vardı türkcə yazdıqlarından?


RƏHİM ÇAVUŞ ƏKBƏRİ: Yox, türkcə şeirlərinin eynidir. Şəhriyar ilk öncə qəzəl şairi olub. Türkcə divanındakı bir çox şeirlərin farscası da var. Türkcə yazmasında anası Kövkəb xanımın rolu danılmazdır, çünki anası türkcədən başqa dil bilməyib, bu səbəbdən oğlundan türkcə də yazmasını təvəqqe edib. Şəhriyar da sevimli anasının sözünü yerə salmayıb və daha sonra türkcə şeirlərə bəlkə də daha çox bağlanıb.


AZADLIQ: Və Şəhriyar başladı ana dilində yazmağa. Nə dəyişdi? Ona münasibət də dəyişdimi?


RƏHİM ÇAVUŞ ƏKBƏRİ: Bircə özəlliyi söyləyim ki, ana dilində yazdığı əsərlər də həyatında danılmaz iz buraxan 3 qadını əbədiləşdirdi. Söhbət anası Kövkəb xanımdan, sevgilisi Sürəyyadan və həyat yoldaşı Əzizə xanımdan gedir. Hə, orasını da söyləyim 32 il öncə Təbrizdə ədəbiyyat müəllimlərinin konfransı keçirilirdi. Konfransa Şəhriyar da dəvətliydi. Gəlməmişdi. Mənim sözümü yerə salmadığından o məclisə ustadı gətirdim. Orada öyrəndik ki, tanışlıqlarından 40 il sonra Sürəyya Şəhriyara bir məktub da yazıb və unudulub-unudulmadığını ustaddan soruşub. Şəhriyar da cavab verib ki (bu cavabın həm farscası, həm də türkcəsi var): «Hər nə qədər qocalsam da, ürəyim cavanlığın yadındadır. Hər nə qədər qocalsam da, könlüm sən tək qadındadır»... Şəhriyar şair idi – farsca yazsın, ya türkcə fərq etməzdi və axıracan şair ömrü yaşadı. Həyatında böyük rolu olan hər 3 qadını sağlığında itirdi (anasını, həyat yoldaşını ölüm ayırdı, sevgilisi Sürəyyanı tale)...dəfninə yaşlı bir qadın gül gətirmişdi. Heç vaxt üzünü görməsəm də Sürəyya xanım olduğunu bildim…. Dünya fani dünyadır! Hərçənd, ustada minnətdarlıq və şagirdlik borcumuz heç vaxt bitməyəcək...