«İz» qəribə adlı yeni bir mədəni nəşrdən söz açır. «ALma» qəzetinin məsul əməkdaşları-şef redaktor Zahir Əzəmət və redaktor Ceyhun Musaoğlu «İz»in qonaqlarıdır.
AZADLIQ: Bəlkə də hər şey addan başlamır...ancaq addan da çox şey başlayır. Niyə belə ad seçmisiniz? Üstəlik də söhbət ictimai qəzetdən gedir...
CEYHUN MUSAOĞLU: Nəsə fərqli bir ad qoymaq istədik və... «Alma»nın üzərində dayandıq. Azərbaycan nağıllarında «alma» nəyinsə sonucu-bitimidir. Yəqin «Alma» adında da bir yekun mənası var ki, onu seçdik.
AZADLIQ: Az qala 2700 mətbu nəşrin üzə-gözə və ayağa dolaşdığı bir zamanda «Alma» qəzetiylə nəyi hədəfləmisiniz və nədən «ictimai qəzet» sözlərini vurğulamısınız?
ZAHİR ƏZƏMƏT: İndiyədək «ictimai nəşr» adına iddialılar oldu və hələ indi də var. Uğurları ilə yanaşı, bir danılmaz yenilkləri də gözdən qaçmadı-nədənsə hansısa kəsimin (siyasi, sosial-mədəni və s.) qəzetinə çevrildilər. Biz, «Alma» qəzeti olaraq ölkə ictimaiyyətini tam əks etdirməyi hədəfləmişik. İstər yaradıcı, istərsə təşkilati-maliyyə planında kimlərdənsə asılı olmağı düşünmürük. Cəmiyyətin bütün təbəqələrinə açığıq və mədəniyyət mövzularını vurğulamaqla digər mövzu spektrlərini də unutmamağa qərarlıyıq.
AZADLIQ: Qəzetin reklam elanlarında «etiraz» sözünü də qabardaraq, sanki inkarçı təsiri bağışlamısınız. Sirr deyilsə, nəyi təsdiqləmək istəyirsiniz? «Alma» nəyə «hə» deyir?
CEYHUN MUSAOĞLU: Söz və ifadə azadlığına «hə» deyirik. Müstəqil düşüncələrə, yozumlara, şərhlərə «hə» deyirik. Əsl ictimai maraqlara söykənməyə, cəmiyyəti dinləməyə «hə» deyirik...
ZAHİR ƏZƏMƏT: İnsanın azad ruhunu, onun hüquq və azadlıqlarını, qloballaşan dünyadakı yerini-yurdunu təsdiqləmək istəyirik. Yaradan-quran insanı ön plana çəkirik.
AZADLIQ: Sıra Napolyonun məşhur «para-pul» deyiminə çatdı. Nəşrin maliyyələşdirilməsində nəyə bel bağlayırsınız? Yəni pulu hardan tapırsınız?
ZAHİR ƏZƏMƏT: Elə reklamverənlər var ki, nə müxalif düşüncəlilərə, nə də iqtidar yandaşlarına reklam vermir, bundan çəkinir. Yəqin bizdən-hamının «Alma»sından çəkinməyə əsas tapmazlar və bizi reklam payından məhrum qoymazlar...
CEYHUN MUSAOĞLU: Sözə, sənətə, mədəniyyətin gəlişməsinə diqqət və qayğı yetirənlər bizim potensial maliyyəçilərimizdir. Onları tapacağıq, inandıracağıq, dost-tanışa da ümid bəsləyəcəyik. Başlıcası, oxucu dairəsini genişlətmək, məhz «ictimai nəşr» olduğumuzu təsdiqlətməkdir.
AZADLIQ: Hansı müəllifləri tanıdacaqsınız? «Azadlıq» radiosunu xarici ölkələrdə dinləyənlər «Alma»nı necə tapıb-oxuya bilər? Yəni İnternet səhifəniz olacaqmı?
ZAHİR ƏZƏMƏT: Gələn saydan ünvanımızla bağlantı qura bilərlər. Qəzetimiz hər bazar çıxacaq. Müəlliflərdən hamını sadalamaq çətin olar. Məsələn, ünlü sənətçi Həmidə Ömərovanın yazar keyfiyyətlərini görə biləcəksiniz.
CEYHUN MUSAOĞLU: «Kapelhaus»dakı sərbəst mühazirələriylə gənclərin kumirinə çevrilmiş hüquqşünas Erkin Qədirli də müəlliflərimiz sırasında olacaq. Mədəniyyət məsələlərinə üstünlük versək də, hüquq, siyasət, iqtisadiyyat, diplomatiya və s. mövzulardan da yan keçməyəcəyik.
AZADLIQ: Sizə uğurlar, «Alma»nın çürüməməsini, təzə-tər qalmasını arzulayırıq.