«Xan əmini unutmaq özümüzü yaddaşlardan silmək deməkdi»

Xan Şuşinski, Bəhram Mansurov, Tələt Bakıxanov

Bir neçə gün öncə Xan Şuşinskinin, bir başqa deyimlə – şuşalı Aslan ağanın oğlu İsfəndiyarın 105 yaşı tamam oldu. «İz» verilişi ustad sənətçinin doğum gününü yazıçı-jurnalist Mustafa Çəmənli ilə birgə anır.


AZADLIQ: Mustafa bəy, öncə Xan əmidən yox, İsfəndiyar Cavanşirdən, yəni şuşalı Aslan ağanın oğlu Cavanşirdən danışa bilərsinizmi? Başqa sözlə, o Xan əmi olacaq İsfəndiyar hansı mühitdə, hansı ailədə dünyaya göz açmışdı?


MUSTAFA ÇƏMƏNLİ: İsfəndiyarın atası Aslan ağa müflisləşmiş bəy idi. Özü də az-çox musiqiyə bağlı adam olub – tar çalıb, məclislər təşkil edib və oğlunu ustad xanəndələrin mühitində böyüdüb. Bu mühitdə Keçəçi Məhəmmədin, Cabbar Qaryağdının, İslam Abdullayevin, Seyid Şuşinskinin və başqalarının adları daxildir.


AZADLIQ: O dönəmlərin Şuşasında azdan-çoxdan məktəb də vardı, mədrəsə də. Şəhərdən mühəndislər də çıxırdı, hüquqçular da, yazıçı-dramaturqlar da, bir-birindən ünlü pedaqoqlar da, hərbçilər də, jurnalistlər də...Balaca İsfəndiyar məktəbdən kənar qaldı, ya nədi? Axı o Şuşa mədəni özəllikləri olan və heç də dünyaya qapalı olmayan bir şəhər idi...


MUSTAFA ÇƏMƏNLİ: Xan əmi mollaxanada təhsil alıb, ərəb əlifbasıyla yazıb-oxumağı bacarıb. Farsca da bilib. Kim deyirsə ki, Xan əmi saya adam olub, savadsız olub, yanlışa yol verir. O, sadəcə, çox təvazökar, ancaq iti ağılla malik və hazırcavab bir şəxs olub.


AZADLIQ: İsfəndiyar Cavanşir nədən dönüb Xan oldu? Özü də nə vaxt-nə vaxt – 1918-ci ildə!.. Xanlara, bəylərə meydan oxunan bir zamanda...


MUSTAFA ÇƏMƏNLİ: Xan əminin ustadı İslam Abdullayev indi və bir gün Novruzlu kəndinə öz şagirdi İsfəndiyarı da aparır. İş elə gətirir ki, orada yeniyetmə xanəndə İsfəndiyar təbrizli Əbülhəsən xanın ifasında məşhur olan «Kürdü-Şahnaz»ı oxuyur. Elə ustalıqla və elə bənzərsiz oxuyur ki, deyirlər əsl Xan sənsən. Beləcə, İsfəndiyar dönüb Xan olur.


AZADLIQ: Bu Xan əmi bolşeviklərlə-kommunistlərlə necə yola getdi? Özü də kommunist oldu-olmadı?


MUSTAFA ÇƏMƏNLİ: Yox, heç vaxt kommunist olmadı. Müsavatın əsgəri oldu, amma kommunist olmadı. Xan kimi qalmağı da yalnız və yalnız səsinin, ifasının xidməti idi. «Kommunist»likdən yayınmağı da bacarıb. Bir əhvalatı misal göstərim: Xan əmi filarmoniyaya gələndə deyirlər ki, qəzetlərə abunə var, səni nəyə yazaq? Xan əmi qımışaraq soruşur: «İqbal» çıxırmı, ayə? Deyirlər ki, yox. «Onda məni «İqbal»a yazın!»- deyə Xan əmi hamını çaşdırır və güldürür...


AZADLIQ: Mustafa bəy, Azərbaycan xanəndələrinin taleyini, bütövlükdə musiqi mədəniyyəti tarixini ardıcıl izləyən, araşdıran həmkarımsınız. Əbülhəsən xan Təbrizli, Xan əmi Şuşalı. Sizcə, Qarabağ xanəndə məktəbinin formalaşmasında «Qoca Təbrizin payı az olub, ya çox olub» mübahisəsi aça bilərikmi? O dönəmlərdə Təbrizlə Şuşanın mədəni bağlılığı haqqında yeni nələr söyləmək mümkündür?


MUSTAFA ÇƏMƏNLİ: Təbii ki, qarşılıqlı faydalanma həmişə olub. Seyid Şuşinski 2 ay İranda Əbülhəsən xanın qonağı olub. Təbrizli böyük xanəndənin Tiflisdə verdiyi ilk «şərq konsertləri»ni də məhz Seyid Şuşinski təşkil edib. Daha sonra «şərq konsertləri» çox geniş yayılıb və Azərbaycan muğamının təbliğində misilsiz rol oynayıb. Amma bir incəlik də var: Qarabağ məktəbi güclü səs imkanlarına dayanır və sakitcə, asta səslə qəzəl oxumaqla bitmir. Qarabağ xanəndəsi dünyəvi kədərlə kifayətlənmir, daha savaşçı və nikbin ovqat yaradır.


AZADLIQ: Təbrizdən danışdıq, Şuşadan söz açdıq...keçək Bakıya!.. Bakı Xan əmini necə qarşıladı? Və Xan əmi nə vaxtdan Bakıya köçdü? Və niyə köçdü?


MUSTAFA ÇƏMƏNLİ: Xan əmi arada-sırada Bakıya gəlir və konsertlər verirdi. O, filarmoniyaya – çıxış etməyə yollanarkən insan seliylə üz-üzə qalırdı. O dönəmlər atlı milis bir tərəfdən «Azərnəşr»dən filarmoniyaya, o biri yandan «Azneft» meydanından filarmoniyaya kimi Xan əminin heyranlarını sakitləşdirməyə çalışırmış ki, o, filarmoniya səhnəsinə çıxa bilsin. Di gəl, qapı və pəncərələr sınmadan bunu edə bilmirmiş... Amma Xan əminin Bakıya gəlişi siyasi qərarla bağlıdır. 1938-ci ildə Moskva dekadasına getməyən Xan barədə söz-söhbət gəzirmiş ki, Şuşada toyları qoyub Moskvaya vacib dövlət tədbirinə getmək istəməyib. O dönəmlərdə Azərbaycanın kommunist rəhbəri Mircəfər Bağırov Xan Şuşinskinin Bakıya köçürülməsini əmr edir və 1939-cu ildə – 38 yaşında Xan əmi Bakıya gəlməyə məcbur olur – səsi və sənəti yenə onu xilas edir. 1940-cı ildə isə Xan əmiyə birbaşa xalq artisti adı verilir.


AZADLIQ: Xan əmi bəstəçi də olub, bizə dadlı-duzlu mahnıları yadigar qalıb. Sizinlə söhbətlərində o mahnıların tarixçələrindən də söz düşməmiş olmazdı...


MUSTAFA ÇƏMƏNLİ: «Şuşanın dağları»ndan tutmuş yaşlı çağlarında – qızının doğulması münasibətiylə yazdığı «Ceyran»adək çox mahnısı olub Xan əminin. Amma özünü müəllif saymayıb və həmişə deyib ki, «xalqdan aldığımı xalqıma qaytarıram». Yeri gəlmişkən, «Şuşanın dağları» mahnısı Xan əminin başına bəla açıbmış. «Şuşanın dağları başı dumanlı» misrasını məcbur edib «Şuşanın dağları deyil dumanlı» şəklində oxutdurublar. Bəhanə də bu olub ki, «duman» deyərkən Müsavatın xiffətini çəkirsən yəqin...


AZADLIQ: Xan əminin gülməcələri, hətta siyasi çalarlı atmacaları da dillərdə gəzib. Bu onun həyatsevərliyindən nişan verirdi, yoxsa içində süniliyə, yalançı müasirliyə bir etiraz vardı?


MUSTAFA ÇƏMƏNLİ: Müdrik şəxsiyyət olub Xan əmi. Çox dözümlü və mətin olub. Şəxsən mənə danışdığı bir gülməcəsini söyləyim: Günün birində arvad-uşağının evdə olmadığı vaxt qapı döyülür. Xan əmi, adəti üzrə, baxıb, soruşmadan qapını açır. İçəri canlı, boylu-buxunlu bir kişi daxil olur. Xan əmi yenə soruşmur ki, kimsən-nəçisən və ona nərd oynamağı təklif edir. Adam razı olur. Xan əmi «qonağı» bir-iki tas udandan sonra, ona çay-çörək təklif edir. Adam daha dözməyib «partlayır»: «Xan əmi sən heç bilirsən mən kiməm? Mən Azərbaycanın ən bərkgedən oğrusuyam. Evini oğurlamağa gəlmişdim, amma gördüm yaxşı adamsan... indi gedib qonşunun evini oğurlayacağam». Xan özünü itirməyib deyir: «Qardaş, oğurlayırsan mənim evimi oğurla, ta qonum-qonşuda işin olmasın!..» Oğru utanıb çıxıb-gedir...


AZADLIQ: Mustafa bəy...Xan əmini unutmamaq mədəniyyətə nə qazandırır?


MUSTAFA ÇƏMƏNLİ: Bizi, özümüzü qazandırır! Xan əmi 27 ildir dünyasını dəyişib! Qəbri nurla dolsun!.. Sağlığında da tərif-zad xoşlamazdı. Bəy oğlu bəy idi – vüqarlı, qürurlu, ləyaqətli! Xan əmini unutmamaq Azərbaycan mədəniyyətini mənalandırır, ona sifət və dərinlik qazandırır. Təkcə ifaçılıq sənətinə görə yox, ilk növbədə insanlıq və bütövlük örnəyinə görə... Allah ona möcüzəli səs və istedad vermişdi, amma əvəzində neçə-neçə sınağa çəkmişdi… Düz 34 il övladsızlığa dözüb və yalnız yaşlı çağlarında atalıq sevinci dadıb! Şuşadan güclə Bakıya köçürüblər – dözüb! Bəy-xan nəslindən olduğunu dilinə gətirməyib – dözüb (axı dayıları müsavatçı olub, sonra mühacirətə gediblər) və yalnız ölüm yatağında deyib ki, mən İbrahim xanın nəslindənəm. Doğrudan da Xan əminin soyadı Cavanşir olub axı!.. Yəni Xan əmini unutmaq özümüzü danmaq, özümüzü yaddaşlardan silmək olardı!..