Palçıq vulkanları və problemlərlə dolu Şıxzairli kəndi

Şıxzairli (Şıxzəyirli) Qobustan rayonunun bir kəndidir. Bakı-Şamaxı yolu üzərində, Qobustanın mərkəzi Mərəzəyə təqribən 10 km qalmış, yolun sol tərəfində yerləşir və palçıq vulkanları ilə məşhurdur.

Burada yaşayışın ta Orta Əsrlər dövrünə gedib çıxdığı güman edilir. Arxeoloji araşdıralar aparılmasa da kənd ətrafındakı qədimi məzarlar bu haqda düşünməyə əsas verir.

Kənd bölgə iqliminə uyğun olaraq quralıq yerdə yerləşir. Ona görə kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır.

Kəndin əsas problemləri içməli su və yoldur.

Kənd əsas magistral yoldan təqribən iki km uzaqlıqda yerləşsə də, yollar o qədər pis vəziyyətdədir ki, maşınla bu yolu 30 dəqiqəyə qət etmək olur. Bundan əlavə kəndə avtobus işləmir. Ona görə şəxsi maşını olmayan şəxslər yolu piyada gedir.

78 yaşlı Əbdülhüseyn dayı ömrünü bu kənddə keçirdiyini, kəndin ciddi problemlərinə baxmayaraq ömrünün sonuna qədər də burada yaşayacağını deyir.

Əbdülhüseyn dayı deyir ki, bu kənddə ev sayı 200-ə yaxın idi. İndi demək olar ki, boşalıb. Kənd camaatı kəndin problemləri qarşısında duruş gətirə bilməyib üzünü daha böyük yaşayış yerlərinə çüvirirlər.

Kənd qəbirstanlığı.

Bu kənd həm də tez-tez püsgürən palçıq vulkanları ilə məşhurdur.

2012-ci ildə püsgürən bu vulkanlar kənd sakinlərini qorxuya salmışdı. Alovun hündürlüyü 15 metrə çatırdı.

Əbdülhüseyn dayı deyir ki, vulkanlar püsgürəndə ətrafa kül səpələnsə də, vulkandan kənd camaatı faydalana da bilir. Belə ki, vulkanın palçığını camaat toplayıb divar suvağı kimi istifadə edirlər.

Kəndin kənarında olan palçıq vulkanı.