Hüseyn Abdullayevə cinayət işi açıldığı bildirilir

Hüseyn Abdullayev

-
Sabiq deputat, bəstəkar Hüseyn Abdullayev axtarışa verilib.

Bu xəbəri hüquq-mühafizə orqanlarına istinadla APA yayıb.

Sabiq deputatın külli miqdarda vergidən yayınmaqda ittiham edildiyi bildirilir.

Məlumatda o da qeyd olunur ki, H.Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.

Onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyi deyilir.

DİN və Baş Prokurorluq bu haqda məlumatlı olmadıqlarını bildirib.

Bir neçə ay öncə internetdə Hüseyn Abdullayevin yazdığı «Susma» mahnısı ilə bağlı videoklip yayılıb. Klipdə 2003-cü ildə Azadlıq Meydanında polisin seçki saxtakarlığına etiraz edənləri döyməsi, son illər Fəvvarələr Bağında keçirilən aksiyalardan görüntülər əksini tapıb. «Susma»da xalq haqsızlığa qarşı mübarizəyə çağırılır. Mahnını ifa edən «Şeron» qrupu iyunun 25-də mətbuat konfransı keçirərək klipdən xəbərsiz olduğunu, onu Qarabağ hadisələrinə həsr edilmiş mahnı kimi oxuduqlarını bildiriblər.