Hüseyn Abdullayev musiqili müxalifət yaradır

Hüseyn Abdullayev

-
Son günlər keçmiş deputat Hüseyn Abdullayevin «Susma» marşı sosial şəbəkələri ağuşuna alıb. İqtidarlı-müxalifətli hamı bundan danışır. Gah tənqidçilər tərifləyənləri, gah da tərifləyənlər tənqidçiləri üstələyir.

«BÜTÜN BUNLAR MƏNİM YARADICILIĞIMLA BAĞLIDIR»

İndi xaricdə yaşayan Hüseyn Abdullayevin özünü şair və bəstəçilik yaradıcılığından çox, ona olan təzyiqlərin nə vaxt kəsiləcəyi maraqlandırır:

«Əziz və çox dəyərli xalqım. Sizə bildirməliyəm ki, dünəndən başlayaraq bugünkü hakimiyyət mənə və ailə üzvlərimə qarşı çirkin şəkildə bir hədə-qorxu və təhdid kampaniyasına start verib. Belə ki, artıq mənim qardaşım Azər Abdullayev əsassız olaraq işdən çıxarılıb və mənim keçmiş biznes fəaliyyətimi yoxlayıb buna qondarma bir cinayət donu geyindirməyə çalışırlar. Bütün bunlar mənim yaradıcılığımla, son günlər yazdığım «Susma» əsəri ilə bağlıdır».

«DÜZ HƏRƏKƏT ETMİR»

Onun Azərbaycan xalqına bu müraciəti musavat.com saytına müsahibəsindən götürülüb. Bəs keçmiş deputatın həmkarları onun haqqında nə düşünürlər? YAP-çı sabiq millət vəkili Eldar İbrahimov öz münasibətini mediaya açıqlayıb:

«Hüseyn Abdullayev doğru davranmır, dövlətçilik əleyhinə çağırışlar edir. Keçmiş millət vəkili dövlətə dəstək verən adam olub. Onun belə çıxışlar etməsinin səbəbi bəlli deyil. Hər halda düz hərəkət etmir».

Sevənlər və sevməyənlər arasında «Quska» ayaması ilə tanınan Hüseyn Abdullayev kimdir?

Sahibkar, keçmiş millət vəkili, üstəlik, mahnı və marş müəllifi də olan Hüseyn Abdullayev Naxçıvanda – Culfada doğulub. Anası uşaq bağçasında, atası müxtəlif idarələrdə rəhbər vəzifələrdə çalışıb. Ailədə 3 uşaq olublar.

«BARMAQLARI DƏMİRƏ DƏYİR...»

Gerisini özəl səbəblərdən kimliyini açıqlamayan həmyerlisi danışır:

«O, Culfa rayon 38 saylı dəmiryol orta məktəbinin rus bölməsini bitirib. Eyni zamanda Culfa şəhər musiqi məktəbində də oxuyub. Qarmon dərslərinə gedib. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgəri xidməti çox qısa sürüb, ordudan təxris olunub və qayıdıb Culfaya. Yerlisini dediyinə görə, yaxşı pianino ifaçısı olub. Culfaya qayıdandan sonra uzun müddət el şənliklərində sintezator çalaraq qazancını çıxarıb».

...Və günün birində onun qarmon və sintezatorun dilimlərinə toxunan barmaqları pas tutmuş və ya paslanmayan dəmirə dəyir... Bu sehrli toxunuşdan sonra musiqiyə, sənətə meylli Hüseyn çevrilir olur sahibkar Hüseyn və daha sonra da sadəcə, «Quska»... Gerisini yenə həmyerlisi danışır:

«O dövrdə təzə-təzə ara qarışan vaxtlar idi. Qatarlar hələ Culfadan keçib Yerevana gedirdi. Elə ki vəziyyət dəyişdi, Yerevana gedən qatarlar Culfa stansiyasında ilişib qaldı. Sonra o qatarlar İrana üz tutdu. Vaqon, dəmir-dümür qara metal kimi İrana satıldı. Oradan milyonlar əldə edildi. Beləcə, Hüseyn pullanıb Bakıya gəldi. Burada Rza İbadov ona dəstək verdi. Beləliklə, dəmir biznesini keçirdilər ələ».

«NƏ VAXTA QƏDƏR BİZİ TƏHQİR EDƏCƏKLƏR?»

Biznesmen Hüseyn Abdullayev az sonra siyasətə də meylini salır. Milli Məclisin deputatı olur. Adı tez-tez mediada hallanır. Amma deputatlığın dadını çıxara bilmir. 2007-ci uilin martında hökumətin hesabatının deputatlara öncədən verilməməsinə etirazını bildirir:

Hüseyn Abdullayev

«Nə vaxta qədər bizi təhqir edəcəklər? Hətta sorğularımıza da cavab vermirlər...».

Bu replikaya millət vəkilləri gülüşlə reaksiya verirlər. Amma deputat həmkarı Fəzail Ağamalının «Otur aşağı!» deməsi onu lap təbdən çıxarır. Hər iki deputat əlbəyaxa olur. Bu konfliktdən sonra Hüseyn Abdullayevin mandatı əlindən alınır və o, daha sonra həbs edilir.

«MƏN BU İQTİDARA BİLDİRMƏK İSTƏYİRƏM Kİ...»

Sonralar həbsdən buraxılan keçmiş deputat xaricə yollanır. İqtidarla əvvəlki münasibətləri də pozulur. «Susma» marşı, çox güman, olub-bitənlərə onun duyğulu reaksiyasıdır. Biznesmen, siyasətçi və şair-bəstəkarın son müsahibəsindən daha bir sitat:

«Xalqımı ona qarşı olan bütün haqsızlıqlara, ədalətsizliklərə biganə qalmamağa çağırdığım üçün hakimiyyət mənə və ailə üzvlərimə qarşı bu cür cılız təzyiq üsulundan istifadə edir. Mən bu iqtidara bildirmək istəyirəm ki, belə metodlarla məni heç bir vaxt öz haqlı mövqeyimdən və əqidəmdən döndərməyə nail olmayacaqlar! Mənə qarşı hansı təzyiq formalarını tətbiq etsələr, yenə də bu gün postmodern diktatura rejimində əzab-əziyyət çəkən Azərbaycan xalqının mövqeyindən çıxış edəcəyəm. Sonadək millətimin yanında olacağam, Vətənimin rifahı, azadlığı və firavanlığı üçün əlimdən gələni əsirgəməyəcəm».

Baba Vəziroğlu. Foto: Lent.az

BABA VƏZİROĞLU: «SƏNƏTİ GÖZ QABAĞINDADIR»

Beləcə, Hüseyn Abdullayev bir vaxtlar sadiq müdafiəçisi olduğu hakimiyyətə əlcək atır və onu «postmodern diktatura» adlandırır. Və bütün bunlar, üstəlik, «Susma» marşı yavaş-yavaş seçkiöncəsi ab-havaya bürünən Azərbaycanda baş verir.

Şair Baba Vəziroğlu Hüseyn Abdullayevin yaradıcılığını yüksək qiymətləndirdiyini deyir:

«Əvvəlcə mən onu yaxın dostum kimi qiymətləndirərəm. İkincisi də sənəti göz qabağındadır. Bu gün sevilən bir çox mahnıların musiqisi elə Hüseynə məxsusdur. Hətta son zamanlar bir az irəli gedib bəstəsinə sözləri də özü yazır. Bu da pis bir şey deyil. Özünün duyduğu muqsiqiyə elə özündən başqası söz yaza bilməz. Təəssüf ki, işlərimin çoxluğuna görə son marşını dinləməyə macal tapmamışam».

«SUSMA» VƏ «BUREVESTNİK»

Sonda sosial şəbəkələrdə yayılan bir fikri də diqqətinizə yetirməyə dəyər. Laçın adlı FB istifadəçisi yazır:

- Maksim Qorki inqlabçıların yanına gələrək soruşur ki, mən Sizə necə kömək edə bilərəm? Ona cavab verirlər ki, get elə bir əsər yaz ki bir inqlaba bərabər olsun. Maksim Qorki də gedib oturur və «Burevestnik»i yazır. Huseyn Abdullayevin «Susma» əsərinə baxarkən «Burevestnik» yadıma düşdü...