Yeni kino ittifaqının üzvlərinə vəsiqələr verilib

Foto: Arxiv

-
Dövlət Film Fondunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Xəbərdə deyilir ki, tədbirdə mədəniyyət və incəsənət xadimləri, yaradıcı gənclər iştirak edib.

İttifaqın icraçı katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev tədbiri açaraq, ötən ilin yayında yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyətini uğurla davam etdirdiyini bildirib.

C.Quliyev hazırda qurumun 186 üzvü olduğunu deyib. O bildirib ki, ittifaqın əsas məramı milli kinonun inkişafına töhfələr vermək və bütün səyləri bu istiqamətə yönəltməkdir:

«Bizi bu işdə yalnız kinonun inkişafı maraqlandırır. Üzvlərimizin, kino xadimlərimizin problemlərinin aradan qaldırılması, gənc kadrların hazırlanması qarşımızda duran önəmli vəzifələrdir».

İcraçı katib bildirib ki, kino xadimlərinə diqqət və qayğı, böyük xidmətləri olan kino işçilərinin müxtəlif mükafat və təltiflərə təqdim olunması da diqqət mərkəzindədir:

«Biz çalışacağıq ki, Azərbaycan kinosuna töhfə verən hər kəsə yardımçı olaq».

Qurum beynəlxalq əlaqələrini də inkişaf etdirir, beynəlxalq konfrans keçirmək niyyətindədir.

«HƏM QOCAMAN KİNO XADİMLƏRİNİN, HƏM DƏ GƏNCLƏRİN DƏSTƏYİ BİZİ ÜMİDLƏNDİRİR»

Daha sonra, ARKİ-nin üzvlük vəsiqələrinin təqdimatı olub. Xalq artistləri Şəfiqə Məmmədova, Eldar Quliyev, Vaqif Mustafayev, Oktay Mir-Qasım, Mərahim Fərzəlibəyov, Vasif Babayev, Tofiq İsmayılov, Tariyel Qasımov, Siyavuş Kərimi, İlham Namiq Kamal, Arif Quliyev, Nuriyyə Əhmədova, kinorejissor Ayaz Salayev, Əməkdar incəsənət xadimi Ənvər Əbluc və başqalarına vəsiqələr təqdim edilib.

ARKİ-nin sədri Şəfiqə Məmmədova tədbiri yeni qurumun tarixində əlamətdar hadisə kimi qiymətləndirib:

«Çox xoşbəxtəm ki, bu anı sizinlə birgə yaşadım. Ötən ilin yayında ittifaqımız yeni yaranmışdı, o vaxtlarda bizə dəstək verən hər kəsə təşəkkür edirəm. Onların arasında gənclər də var. Kinomuzun inkişafı naminə gənclərimizin də fəallıq göstərməsi, yeniliklərə can atması sevindiricidir. Yeni ittifaqın yaranması bir zərurət idi və biz zamanla sübut edəcəyik ki, bu işin öhdəsindən gələ bilərik. Məqsədimiz Azərbaycan kinosuna yeni töhfələr verən bir təşkilat formalaşdırmaqdır. Bu yolda həm qocaman kino xadimlərinin, həm də gənclərin dəstəyi bizi ümidləndirir».

Tədbirdə sənətşünaslıq doktoru, ARKİ-nin üzvü Əlisəftər Hüseynovun «Səhnədən o yana, yaxud sözün şəkli» kitabının təqdimatı da olub.