«Əsəd bəyin əzabları» bitdi?!

Nuridə Atəşi

-

«Film Azərbaycan, rus və ingilis dillərinə çevrilərək geniş tamaşaçı kütləsinə təqdim edilərsə, Əsəd Bəyə beynəlxalq bəraət verilməsində, xalqın onu daha yaxşı tanımasında, dərk etməsində və sevilməsində böyük rol oynayacaq».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Məhəmməd Əsəd bəyin Almaniyada yaşayan tədqiqatçısI Nuridə Atəşi söyləyib.

FİLM 1 MİLYON AVROYA BAŞA GƏLİB

Onun sözlərinə görə, Berlin Um Velt Film studiyasının çəkdiyi «Əsəd bəyin əzabları» adlı iki seriyalı sənədli-bədii film başa çatıb.

1 milyon Avroya başa gələn bu film hələlik yalnız alman dilindədir.

Filmin çəkilişləri 2004-cü ildən başlayıb.

Rejissoru Ralph Marshallak-dır.

Çəkilişlər Almaniyada, Avstriyada, İtaliyada və Azərbaycanda aparılıb.

Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası və digər beynəlxalq qurumlar maliyyələşdirib.

FİLMDƏ ƏSƏD BƏYİN AZƏRBAYCAN HƏSRƏTİ VAR…

Nuridə Atəşinin bildirdiyinə görə, filmdə Əsəd Bəyin Qurban Səid təxəllüsü ilə yazdığı son əlyazması olan «Sevgidən bixəbər kişi» romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi minbir haqsızlıqlar, çəkdiyi dözülməz əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib.

Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı «Əli və Nino» romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə əks olunub.

Ağır xəstəliyi və dözülməz ağrıları ilə ölüm yatağında qələmə aldığı son romanının yazıldığı şərait 70 ildən sonra belə tamaşaçını sarsıdır…

FİLMİN YAYIM HÜQUQU KİMDƏDİR?

Filmin MDB ölkələri üçün yayım hüququ Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutuna aiddir.

Nuridə Atəşi filmin çəkilişlərində yaxından iştirak edib və əsas rollardan birinə çəkilib.

Xatırladaq ki, 2009-cu ildə rejissor Ralph Marshallak filmi Bakıya gətirib tamaşaçılara təqdim etmişdi.

Təqdimat mərasimində o, filmin bitmədiyini, çəkilişlərin bundan sonra da davam edəcəyini açıqlamışdı.

Filmin ilk adı «Aslanın izi ilə» idi.

Aradan keçən illər onun ad dəyişməsinə səbəb olub.

Gördüyünüz kimi, film «Əsəd bəyin əzabları» adı ilə tamamlanıb.