«Planetdəki ən son kommunistlərdən» biri vəfat etdi [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Dünyaca məşhur memar Oscar Niemeyer 104 yaşında vəfat edib

-
Dünya şöhrətli memar Oscar Niemeyer 105 yaşının tamamına 10 gün qalmış həyatla vidalaşıb.

Memarın ölüm səbəbi bildirilmir.

Ancaq ötən ay Niemeyer-in böyrəklərindəki problemlə bağlı Rio-de-Janeyrodakı xəstəxanalardan birinə yerləşdirildiyi xəbəri yayılmışdı.

Oscar Niemeyer 1907-ci il dekabrın 15-də elə bu şəhərdə doğulmuşdu.

Rio-de-Janeyro Milli Arxitektura Məktəbini bitirib.

Onun layihəsi ilə ilk uşaq bağçası binası 1937-ci ildə bu şəhərdə tikilib.

Niemeyer 70 ildən çox sürən fəaliyyəti dövründə 600 binanı layihələndirib.
O, ölkənin paytaxtındakı əksər binaların və məşhur Rio Karnavalının keçirildiyi «Sambodrom»un müəllifidir.

Niemeyer 1957-ci ildə paytaxt Brazilianın qurulmasında iştirak edib.

Kommunist olduğu üçün hələ səhraya bənzəyən paytaxtın baş arxitektoru təyin edilməsi etirazla qarşılanıb.

Ancaq ölkə prezident «Niemeyer olmasa, Brazilia da olmayacaq» deyib və beləcə sonralar UNESCO-nun siyahısına düşən «ideal şəhər» yaranıb.

Memar BMT-nin Nyu-Yorkdakı, Fransa KP-nin Parisdəki mənzil qərargahının da layihələndirilməsində iştirak edib.

Niemeyer əfsanəvi memar Le Corbusier-nin həmkarı və silahdaşı sayılırdı.

Onun fikrincə, memarlıq dünyanı yaxşılığa doğru dəyişdirməlidir.

1988-ci ildə Niemeyer arxitektura sahəsində ən nüfuzlu mükafat olan – «Pritzker Architecture Prize»ə layiq görülüb.

Onun ən son layihəsi 2010-cu ildə açılan Belu-Horizontidəki 804 kvm-lik administrativ kompleksin binasıdır.

Oscar Niemeyer ölənəcən kommunist qaldı.

Dostu Fidel Castro onu və özünü «planetin ən son kommunistləri» adlandırmışdı.

Memar Oscar Niemeyer-dən qalan əsərlər