London-2012: Azərbaycan ilk gümüş və daha bir bürünc medal qazandı

London 2012

Azərbaycanlı güləşçi 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Yunan-Roma güləşçisi Rövşən Bayramov 55 kq çəki dərəcəsində yarımfinalda cənubi koreyalı Qyujin Çoya qalib gəlib – 1:0, 2:0.

Rövşən Bayramov 1/16 finalda rusiyalı Mingiyan Semyonovu məğlub edib – 1:0, 1:0. Növbəti mərhələdə ABŞ idmançısı Tomas Spenser Manqonu udub – 4:0, 4:0.

1/4 finalda isə Bayramov çinli Şujin Liyə qalib gəlib gəlib – 3:0, 2:0.

Ancaq Rövşən Bayramov final mərhələsini adlaya bilməyib. İranlı Həmid Məhəmməd Soryan Reyhanpura uduzub.

Bayramov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da gümüş medalla kifayətlənmişdi.

DAHA BİR BÜRÜNC MEDAL

Azərbaycanın daha bir Yunan-Roma güləşçisi də London Yay Olimpiya Oyunlarında medal sahibi olub.

74 kq çəki dərəcəsində çıxış edən Emin Əhmədov yarımfinalda Ermənistan güləşçisi Arsen Julfalakyana uduzub – 0:2, 0:3. Ancaq bürünc medal uğrunda təsəlli görüşündə belaruslu Aleksandr Kikinyov üzərində xal qazanıb və bürünc medal əldə edib.

Hazırda Azərbaycanın aktivindəki medalların sayı 3-ə yüksəlib. Yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq) gümüş, ağırlıqqaldıran Valentin Xristov (56 kq) isə bürünc medala sahib olub.

BİR MEDAL DA GÖZLƏNİLİR

Azərbaycan idmançıları eyni zamanda daha bir medalı təmin edib.

Boksçu Teymur Məmmədov yarımfinala vəsiqə qazanıb. Onun yarımfinalda rəqibi Klemente Russo (İtaliya) olacaq. Boks qaydalarına əsasən, hətta yarımfinalda uduzan boksçular bürünc medala layiq görülürlər.