Eurosport: «Ağacan Əbiyev Olimpiya yarışlarından uzaqlaşdırılıb»

Hakim İşanquli Meretniyazov Məhəmməd Əbdülhəmidovu qalib elan edərkən

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Olimpiya yarışlarından uzaqlaşdırılıb. Bu barədə «Eurosport» saytı məlumat yayıb.
Onun davranış qaydalarını pozduğu iddia olunur.
Yaponiyalı Şatori Şimizu və azərbaycanlı Məhəmməd Əbdülhəmidov arasında keçirilən görüşün baş hakimi türkmənistanlı referi İşanquli Meretniyazovun da oyunlardan kənarlaşdırıldığı bildirilir. Hakim İşanquli Meretniyazov avqustun 1-də Məhəmməd Əbdülhəmidovun 6 dəfə yıxılmasına baxmayaraq oyunu dayandırmayıb. O, ədalətli hakimlik etməməkdə ittiham olunur.
«Mən dərin təəssüf hissi keçirirəm ki, belə bir qərar vermək məcburiyyətində qaldıq», deyə Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti Wu Ching-Kuo deyib:
«Bizim əsas məqsədimiz yarışlarda həmişə dürüst və ədalətli qərar çıxarmağı qoruyub saxlamaq olub və bu həmişə belə olacaq. Mən bunu daha da gücləndirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm».
Beynəlxalq Həvəskar Boks Federasiyası məlumat verib ki, Azərbaycan rəsmisi- Ağacan Əbiyev Olimpiya ilə bağlı 2 qaydanı pozub. Oyunlar zamanı texniki heyətin, xüsusilə milli federasiyalardan olan şəxslərin yarışma ilə bağlı kiminləsə kontaktda olması qadağandır. AİBA bildirib ki, Əbiyevin Olimpiadadan uzaqlaşdırılması öz ölkəsinin idmançıları və federasiya rəsmiləri ilə ünsiyyət qaydalarını pozduğuna görə baş verib.
London Yay Olimpiadası çərçivəsində təşkil olunan boks yarışlarının 1/8 final mərhələsində yaponiyalı Şatori Şimizu və azərbaycanlı Məhəmməd Əbdülhəmidov arasında keçirilən görüş böyük qalmaqala səbəb oldu.
56 kq çəki dərəcəsində mübarizə aparan boksçuların duelində azərbaycanlı idmançı qalib elan olunsa da, yaponların şikayətindən sonra onun nəticələri ləğv edilib və yaponiyalı boksçu qalibiyyəti açıqlanıb.

YENƏ DƏ RÜŞVƏT İDDİALARI...

CBS Sports bildirib ki, Olimpiya rəsmiləri Azərbaycanın qızıl medal üçün rüşvət ödəmiş ola biləcəyi barədə iddaları araşdırırlar.

Tamamilə təbiidir ki, bu hadisə hələ Olimpiadadan xeyli əvvəl meydana çıxmış qalmaqalı bir daha gündəmə gətirəcək.

Olimpiadadan çox əvvəl BBC-nin Newsnight proqramı iki qızıl medal üçün Azərbaycanın 9 milyon dollar rüşvət ödədiyini iddia etmişdi

Olimpiya Oyunlarının təşkilatçılarından biri olan AİBA Azərbaycan vətəndaşının AİBA-nın yarışlarından biri üçün sponsor kimi 9 milyon dollar ödədiyini təsdiq edib.

The Guardian yazır ki, 2011-ci ilin dekabrında AİBA iddiaların araşdırılması üçün beş nəfərdən ibarət komissiya təşkil etsə də, təhqiqatın nəticələri elan edilməyib.