Kolizey bərpa olunacaq

Kolizey, 2009

-
Roma şəhərinin rəhbərliyi Kolizeyin bərpa olunması vaxtını açıqlayıb.

Üstündən 73 il ötəndən sonra iyulun 31-də nəhayət Kolizeydə yeni bərpa işləri başlayacaq.

İtaliyanın TG1 saytı bu xəbəri Romanın meri Gianni Alemanno'nun açıqladığını bildirib.

Bərpa işləri 6 inşaat meydançasında aparılacaq.

Bu meydançaların hər birində iş eyni vaxtda başlayacaq və 2-3 il davam edəcək.

Bərpa zamanı Kolizeyin bağlanıb-bağlanmayacağı barədə hələlik məlumat verilmir.

Kolizeyin bərpası 25 milyon avroya başa gələcək.

Bərpanın sponsoru Diego della Valle ayaqqabı kompaniyasının sahibidir.

O, əvəzində 15 il ərzində Kolizeydə öz kompaniyasının reklamını yerləşdirəcək.

Kolizeyin bərpasının vacibliyi bir neçə il idi ki, aramsız səslənirdi, amma maliyyə çatışmazlığı ucbatından bu iş ertələnirdi.

Deyilənə görə, Flavi amfiteatrının (Amphitheatrum Flavium) divarlarında 3 minə yaxın çat yaranıb.

Kolizeydən vaxtaşırı—məsələn, şiddətli şaxtalarda qırıntılar qopduğu da bildirilir.

Kolizeyin tikintisinə eramızın 1 əsrinin 72-ci ilində başlanılıb və 80-ci ilində tamamlanıb.

O, dünyada ən böyük amfiteatrdır.

Kolizey Romanın simvolu və 2007-ci ildən dünyanın 7 yeni möcüzəsindən biri sayılır.