.
Zülfüqar Rüfətoğlu/LONDON
Britaniyanın 1 nömrəli saatı Big Ben 30-cu Yay Olimpiadasına qalan saatları hesablayır. Sanki bütün ölkə qəribə bir seytnotdadır. Həm də siyasi-ictimai seytnotda. Sanki hamının dərdi indiyə qalıb və sanki müxalifət və hökumətdən narazı olanlar bütün haqq-hesabları bu bir neçə gündə çürütməyə tələsirlər.
Əvvəlcə, Londonun məşhur qara taksiləri üsyana qalxdılar. Taksi sürücüləri onlara da London küçələrində Olimpiada nəqliyyatı üçün ayrılmış xüsusi zolaqlardan istifadə icazəsinin verilməsini istəyirdilər. Qara taksilər Londonun tam mərkəzində yerləşən Parlamentin qarşısına yığışaraq şəhər nəqliyyatını iflic vəziyyətinə saldılar.
Lakin mühafizəkarların hökuməti bir qayda olaraq etirazlara qarşı barışmaz olur.
Mühafizəkarlar partiyasından olan London meri Boris Johnson bildirdi ki, taksilər üçün heç bir xüsusi imtiyaz nəzərdə tutulmayıb. Onlar Londonun qonaqları yox, sahibləridirlər və özlərini ev sahibi kimi aparmalıdırlar.
Bu da azmış kimi, ölkənin Baş Naziri David Cameron, necə deyərlər, odun üstünə benzin tökdü. O nazirlərə və rəsmiləri ciddi şəkildə tapşırdı ki, onlar Olimpiada günlərində yalnız ictimai nəqliyyatdan istifadə etməlidirlər.
London metrosunda, necə deyərlər, dünyanın düz vaxtında mövcud olan xaosu göz önünə gətirən nazirlərdən biri isə dedi ki, “Yaxşısı budur, Olimpiadaya evdə oturub, televizorda baxaram”.
Lakin etirazlar səngimək bilmir. Bu həftənin ortalarında, hökumətin iş yerlərinin ixtisarı siyasətinə qarşı çıxan sərhəd xidmətinin işçiləri tətil elan etdilər. Saatlar ərzində Britaniyanın darvazalarında xaos yarandı. Hökumətin bu etirazlara reaksiyası sərt oldu. Daxili İşlər naziri Thereza May tətili “qeyri-vətənpərvər” aksiya adlandırdı.
Mədəniyyət naziri Jeremy Hunt isə bildirdi ki, heç bir etiraz aksiyası Olimpiya Oyunlarını poza bilməz və ictimaiyyət etirazçıları dəstəkləmir.
Bu arada Olimpiya məşəli əldən-ələ keçərək Londona doğru irəliləyir və onun üçün heç bir nəqliyyat problemi yoxdur. Çünki məşəli idmançılar qaçaraq piyada daşıyırlar.