"Tarixi roman janrının banisi"nin 140 illik yubileyi keçiriləcək

Məmməd Səid Ordubadinin ev muzeyi

AzərTAc xəbər verir ki, aprelin 10-da Prezident İlham Əliyev Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında Sərəncam imzalayıb.

Sərəncamda vurğulanır ki, 2012-ci ildə Məmməd Səid Ordubadinin anadan olmasının 140 ili tamam olur.

"Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir.
Çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların libretto müəllifi olan sənətkar, həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır".

Sərəncamda Mədəniyyət və turizm Nazirliyinə Məmməd Səid Ordubadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlik tədbirlər planını Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla hazırlamalıdır.