Bəhram Bağırzadə konsertdə hansı məmurları parodiya edəcəklərini açıqladı

Bəhram Bağırzadə

«Hazırda ciddi-cəhdlə konsertə hazırlaşırıq»

Bu sözləri martın 7-də AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan tanınmış aktyor və şoumen Bəhram Bağırzadə söylədi.

Tanınmış şoumen konsertin ölkənin baş sarayında aprelin 13-14-15-də baş tutacağını bildirdi: ««Planet Parni iz Baku» teatrının konserti «Eurogülüş» adlanır».

Bəhram bəyin dediyinə görə, konsert Bakının qarşıdan gələn «Eurovision-2012» Mahnı Müsabiqəsinə hazırlığını hədəf alacaq: «Jeklər, Nəqliyyat Nazirliyi, meriya, cənab-yoldaş Abutalıbov və digərlərinin müsabiqəyə necə hazırlaşdığını parodiya edəcəyik».

«Gəncliyimin şəhəri» kitabı

Konsertin çox maraqlı olacağını deyən Bəhram Bağırzadə aparıcının: «soruşmuram, çünki bilirəm ki, ipucu verməyəcəksiniz» - sözlərinə baxmayaraq parodiyalardan birini könüllü «Can Bakı» proqramının dinləyiciləri ilə bölüşdü:

Rus jurnalist xanım mənə sual verir:

«Skajite pojaluysta, çtobı v Baku spokoyna i leqko dışalos, nado posadit mnoqo derevyev?» («Lütfən söyləyin, Bakıda arxayın və asan nəfəs almaq üçün çoxlu ağac basdırmaq lazımdır?»).

Cavab verirəm:

«Net. Dostatoçna posadit dvux-trex çelovek!» («Yox. İki-üç adamı içəri bassan, bəs edər»).

Bəhram Bağırzadə ilə yenicə çapdan çıxan Bakıya həsr olunmuş «Qorod moey molodosti» («Gəncliyimin şəhəri») kitabı haqqında maraqlı söhbəti yaxın günlərdə saytımızda oxuya bilərsiniz.