İçərişəhərə virtual tur açıldı

“İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən “Virtual İçərişəhər turu” istifadəyə verilib.

APA -nın məlumatına görə, “Virtual İçərişəhər turu”nun rəsmi açılışı da gerçəkləşib.

Açılışda çıxış edən Qoruq İdarəsinin rəis müavini Samir Nuriyev bildirib ki, layihənin əsas məqsədi İçərişəhəri daha da populyarlaşdırmaq və buradakı tarixi və mədəni abidələri təbliğ etməkdir.

Virtual tur Qoruq İdarəsinin saytında yerləşdirilib.

İçərişəhərin gecə və gündüz görüntülərindən ibarət bu xidmətin köməyi ilə ziyarətçilər İçərişəhərə virtual səyahət edə biləcəklər.

Virtual tur İçərişəhərdəki əsas turist marşrutlarını və abidələri əhatə edir.

Xəbərdə vurğulanır ki, tur 80-ə yaxın dayanacaq nöqtəsindən və 150-dən artıq ponorama şəkillərindən ibarətdir.

Gələcəkdə virtual turdakı dayanacaq nöqtələrinin sayının artırılacağı nəzərdə tutulub.

360 dərəcəlik panorama və bir-birinə keçid imkanı olan şəkillərdən ibarət bu xidmətdən turistlər, xaricdə yaşayan və buranı gəzmək imkanı olmayanlarla yanaşı, Azərbaycan vətəndaşları da istifadə edə biləcəklər.

Xatırladaq ki, virtual tur http://icherisheher.gov.az/virtual_tur saytında yerləşdiirlib.

Bu sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.