Hollivud ulduzu Ayasofyanın... işıqlarını təzələdi

Ayasofyanın işıqlandırma sistemi güclü deyil

Hollivud ulduzu Ben Affleck İstanbula gələrkən, kinin ağlına gələrdi ki, o, Ayasofyanın azman çıl-çıraqlarındakı lampaları dəyişdirəcək.

Axı söhbət 1979-cu ildə Tehranda girov götürülən amerikalıların taleyindən bəhs edən filmin çəkilişlərindən gedirdi.

Prodüseri bir başqa ünlü sənətçi – George Clooney olan və “Argo” adlanan bu film İstanbulun Beyoğlu, Fatih və Eminönü səmtlərində çəkiləcəkdi.

Buralarda İran paytaxtının küçələrini andıran yerlər çox idi.

Bəzi səhnələr də möhtəşəm Ayasofya muzeyində lentə alınacaqdı.

Ancaq möhtəşəm Ben daha möhtəşəm Ayasofyanın ana qübbəsindəki nəhəng çil-çıraqdan yayılan işığı bəyənmədi və bütün lampaların dəyişdirilməsini istədi.

Ben Affleck çilçıraq və şamdanlardakı lampaların estetik görünmədiyini və onlardan sızan ağ işığın məbədin ruhuyla uyuşmadığını əsas gətirdi.

Muzey rəhbərliyi onun arqumentləri ilə razılaşaraq lampaların dəyişdirilməsinə icazə verdi. Beləcə, Ayasofyanın ana salonunu işıqlandıran az qala 150 lampa dəyişdirildi, amma iş bununla bitmədi: hər birində 48 lampa olan 30 çilçırağa hərəsi 7,5 vat gücündə zəif və sarımtıl işıq saçan lampalar taxıldı.

Bütün xərclər yeni filmin büdcəsindən ödənildi. Bərpa sırasında muzeyin illərdir baxım görməyən və yıpranan qalay şamdanları, elektrik və işıqlandırma sistemi də təzələndi.

Təkcə Amerika filmi yox, Türkiyə də qazandı.

Yeri gəlmişkən, “Argo” filmində baş rolu oynayan Ben Affleck-lə yanaşı, Clea Du Vall, Kerry Bishe, Nelson Franklin və Tate Donovan digər kimi ünlü sənətçilər də çəkilirlər.

Yaradıcı heyət İstanbulda olduğu müddətdə həm şəhərin tarixi abidələrinə baxmağa, həm istanbullularla söhbətləşməyə, həm də dükan-bazarları dolaşıb bazarlıq etməyə macal tapıblar.