Xalq rəssamı vəfat etdi

Azərbaycan incəsənətinə ağır itki üz verib. Xalq rəssamı Oqtay Şıxəliyev dünyasını dəyişib.

Oqtay Şıxəliyev 1931-ci ildə Bakıda doğulub. Əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, daha sonra Leninqradda (Sank Peterburq) Ali Rəssamlıq Məktəbini bitirib.

Mərhum son ana qədər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyirdi.

O, Azərbaycanın ilk monumental rəssamlarından idi. Monumental rəngkarlıq, dekorativ tətbiqi sənət və dəzgah rəngkarlığı sahəsində maraqlı əsərlər yaratmışdı.

O, dəfələrlə yerli və xarici sərgilərdə iştirak edib. Dünya şöhrətli monumentalist rəssamlarla-- R.Tamayo və D.Sikeyrosla təmasda olub.

Onun əsərləri dünyanın müxtəlif ölkələrində yerləşən muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

Bakıda "Uşaq aləmi" univermağı, uşaq kafesi, "Ceyran " kafesi, "Turist" mehmanxanasının bədii tərtibatı, Dövlət sirkinin, "Azərbaycan" nəşriyyatının binası, Heydər Əliyev adına İdman və Konsert Kompleksi və digər binaların interyerlərini bəzəyən təsvirlər Oqtay Şıxəliyevin yaradıcılıq işidir.

Ötən illərdə sökülən “Qarabağ” mehmanxanasının bədii tərtibatını da Oqtay Şıxəliyev vermişdi.

İki il öncə tanınmış rəssam 80 yaşını qeyd etmişdi.

Ruhu şad olsun!