Keçmiş futbol ulduzu Cantona prezident olmaq istəyir

Dünya futbolunun keçmiş ulduzu 45 yaşlı Eric Cantona Fransada aprel ayında keçiriləcək prezident seçkilərinə qatılmaq üçün Fransanın bütün şəhərlərinin merlərinə müraciət göndərib.

Qaydalara görə, Cantonanın müstəqil namizəd kimi qeydə alınması üçün seçkili vəzifə tutan 500 adamın imzası lazımdır.

Fransa yığmasının, İngiltərənin “Manchester United” klubunun keçmiş üzvü, sonradan uğurla özünü aktyorluqda sınayan, foto və şəkil sərgiləri keçirən Cantona öz müraciətində yazır ki, məqsədi təkcə prezident kürsüsü deyil, onun əsas məqsədi Fransada evsizlərin, ev şəraiti pis olanların, “yaddan çıxmışların” vəziyyətinə diqqəti cəlb etməkdir.

Statistikaya görə, Fransada 3 milyon 600 min ya evsizdir ya da çox pis şəraitdə yaşayır.
Cantona Liberation qəzetinə müsahibəsində 10 milyon belə adamın olduğunu bildirir.

"BANKLARI DAĞIDAN" CANTONA

Cantona 2010-cu ilin sonunda bankları məhv etmək çağırışı ilə də siyasi gündəliyə gəlmişdi.

Cantona o vaxt deyirdi: “Aydındır ki, bu baş verənlərdən biz xoşbəxt deyilik. Ancaq küçələrlə yürüş etməkdən nə fayda. Siz bununla yalnız özünüzü aldadırsınız.
İndiki vaxtda inqilab etmək üçün ələ silah almaq lazım deyil. İnqilabı çox asan etmək olar. Sistem banklar üzərində qurulub. Ona görə o 3 milyon adam ora-bura qaçmaqdansa, yaxınlıqdakı banka gedib, ordakı pulunu çıxartsın. 10 milyon belə adam yığılsa, bankların sonu gələcək”.

Öz davranışı və fikirləri ilə Cantona həmişə diqqət mərkəzində olub.

1990-cı illərdə Manchester United klubunda oynayanda azarkeşlər ona kral Erik deyirdilər.

O vaxtlar rəqib klubun bir azarkeşini ayağı ilə vuranda və yarım illiyə futboldan uzaqlaşdırılanda Cantona demişdi: “balıqçı gəmisinin dalınca qağayılar uçur, çünki onlar gəmidən balıq atılacağına ümid edirlər”.

Bundan sonra Cantonaya İngiltərədə filosof deməyə başladılar.

Fransada 36 min 782 mer var. Onlardan 500 imzanı toplamaq Cantona üçün çətin olmayacaq.

Cantona deyir ki, o, seçkilərdə iştirak edəcək, ancaq seçki kampaniyası aparmayacaq.

SİYASƏTƏ KEÇƏN FUTBOL ULDUZLARI

1995-ci ildə dünyada ilin futbolçusu seçilən George Wea 2005-ci ildə öz doğma ölkəsi olan Liberiyada prezident seçkilərinə qatıldı. Ancaq o vaxt və sonra 2011-ci ildə prezident seçkilərini uduzdu.

Futbol kralı Pele 1995-ci ildə siyasətə keçdi və Braziliyanın idman naziri oldu.

1994-cü ildə dünya kubokunu qazanan Braziliya yığmasının iki ulduzu – Romario və Bebeto hazırda uğurla siyasətlə məşğuldurlar.

Romario


Barcelonanın keçmiş hücumçusu Romario Sosialist partiyasının üzvüdür və 2010-cu ildə Konqresə seçildi.

Bebeto isə Demokratik Fəhlə partiyasının üzvüdür və Rio de Janeironun dövlət təmsilçisi seçilib.