Tatar şairi Abdulla Tukayın şeirlər toplusu çıxdı

Ramiz Əskər
«Türksoy» seriyasından Azərbaycan dilində 10-cu kitab işıq üzü görüb. Bu, böyük tatar şairi Abdulla Tukayın 125 illiyinə həsr olunmuş «Millətim» şeirlər toplusudur. Kitabın tərtibçisi və çevirəni Ramiz Əskərlə qısa müsahibəni həm dinləyə, həm də oxuya bilərsiniz.

2011-Cİ İL ABDULLA TUKAY İLİ ELAN EDİLİB

--Ramiz bəy, ötən il məlum seriyadan dalbadal çıxan kitablardan sonra daha bir kitabın çapını duyduq. Lütfən, dinləyicilərimizi, oxucularımızı bu nəşrlə bağlı bilgiləndirin.

--Elədir. «Türksoy» seriyasından tərtib etdiyim 10-cu kitab—Abdulla Tukayın «Millətim» kitabı çapdan çıxdı. Böyük tatar şairinin 125 illiyinə həsr olunan kitab MEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Bildiyimiz kimi, UNESKO 2011-ci ili Abdulla Tukay ili elan edib. Bu çərçivədə «Türksoy» türk UNESKO-su olaraq özünün üzvü olan ölkələrdə yaşadığımız ili «Tukay ili» kimi qeyd edəcək. Elə bu münasibətlə məndən xahiş etdilər ki, Abdulla Tukayın bir kitabını çevirim və nəşr edim. Mənə bəzi yardımlar oldu. Tukayın tatarca şeirləri rusca sətri tərcüməsi ilə birlikdə mənə göndərildi. Və mən qısa müddət ərzində bu kitabı tərcümə edib nəşriyyata təqdim etdim.

ŞEİRLƏR TATARCA DA VERİLİB


--Kitabın sponsoru kim oldu?


-- Sponsor mənim qardaşım Kanada universitetlərinin birində çalışan doktor Əli Əskərdir. Redaktoru prof. Rafael Hüseynovdur. Kitab 268 səhifədir və mənim yazdığım «Böyük tatar şairi Abdulla Tukay» adlı 10 səhifəlik ön sözlə açılır. Burada qısaca onun həyatını nəql etmişəm. yaradıcılığından söz açmışam. Daha sonra Tukayın öz qələmindən çıxan «Yadımda qalanlar» adlı kiçik bir yazısı verilib—həm dilimizdə, həm də tatarca. Kitabda Tukayın 75 şeiri yer alıb, solda tatarca, sağda Azərbaycanca yerləşdirilib.

KİTAB DÖVLƏT MÜKAFATI ALA BİLƏR

--Maraqlıdır. Nə əcəb bu yolu seçdiniz?


--Bunu ona görə etdik ki, Azərbaycanlılar tatarca kitab əldə etmiş olsunlar, tatarların isə Azərbaycanca kitabları olsun. Həm də müqayisə olunsun. Məsələn, mənim bacıoğlum deyir ki, tatarcanı ayrıca oxuyuram, anlamıram, amma Azərbaycanca ilə tutuşdurub oxuyanda, onların bir-birinə nə qədər yaxın olduğuna heyrətlənirəm. Hə, kitabı sürətlə tərcümə edib nəşr etdik. Göndərdim Tatarıstana. Orada Abdulla Tukay adına dövlət mükafatı var. Fevralın 15-nə qədər xüsusi komissiya Tukay haqqında çıxan kitablara müsabiqə elan etmişdi. Sonra Münsiflər heyəti baxacaq bu kitablara. Aprelin 26-sı Abdulla Tukayın doğum günüdür. Adətən, o ərəfədə mətbuatda mükafatın sahiblərinin adları açıqlanır. Mənim də dumanlı bir ümidim var ki, bu kitab da mükafat alanlar siyahısında olar. Hər il 3 əsərə verilir. Bu il yubiley ili olduğu üçün 5-10 əsərin mükafatlandırılacağı gözlənilir. Demək, bir az şansım var...

TUKAY BİZİM SABİRİMİZDƏN BƏHRƏLƏNİB

--Onda biz də sizə şansınız açıq olsun deyək. Ramiz bəy, bizi maraqlandırdınız. Abdulla Tukay necə şairdir? Onun bir şeirini sizin dilinizdən eşidə bilərikmi?


--Sizə bir şey deyim ki, Tukayın şeirlərinin əksəriyyəti Sabirin təsiri altında yazılıb. Onun bizlərə yadigar qalan 28 rəsminin birində böyük şair 1907-ci ildə əlində «Molla Nəsrəddin» jurnalı tutmuş vəziyyətdə çəkilib. Yəni şeirlərini anlamaq rahatdır --Şərq poetik sistemidir, qafiyələrdir, əruzdur. Amma bəzi şeirlərini hətta tatarlar özləri anlamaqda çətinlik çəkirlər. Əvvəlcədən desəydiniz daha yaxşı bir şeir seçərdim. Əlimin altında onun uşağa həsr etdiyi bir şeiri var. İndi onu oxuyaram (Şeiri eşitmək istəyən söhbəti dinləsin-S.İ.).

YƏQİN APRELDƏ BAKIDA DA YUBİLEY TƏDBİRİ OLACAQ

--Ramiz bəy, şeirə görə sağ olun. Kitab hansı xətlə yayılacaq-sualını da cavablayın, söhbətimizi bitirək.

--Bir qismini Tatarıstana göndərəcəyəm, bir qismini «Türksoy»a. Yəqin ki, apreldə Bakıda da bir yubiley tədbiri olar. Ya «Türksoy» keçirər, ya Azərbaycan tərəfi. Sözsüz ki, Tatarıstana-yubiley tədbirlərinə dəvət edəcəklər, ora da aparacağam. Burada kitabxanalara paylanılacaq. BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasına veriləcək. Bir də, dost-tanışlara. redaksiyalara da pay düşəcək.