Seçkiyə ac Azərbaycan?!

Natiq Cavadlı

«Azərbaycanın demokratik seçkiyə ehtiyacı var, ölkə seçkiyə acdır».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Builki seçki təcrübəsi Bakılılara nə qazandırdı?» mövzusunda açdığı müzakirədə jurnalist Natiq Cavadlı söylədi. Onun sözlərinə görə, ölkənin çıxış yolu demokratik seçkilərdən keçir: «İmkan verin xalq özü seçsin».

SEÇİCİ FƏAL İDİ

Verilişin digər qonağı - AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı 400 məntəqədə, 106 seçki dairəsində müşahidə apardıqlarını dedi. Seçki günü 5 dəfə məlumat yaydıqlarını deyən M. Zülfüqarlı operatorların məntəqədə olan müşahidəçilərə qanun pozuntusu və əhalinin seçkidə fəallığı ilə bağlı sual ünvanladıqlarını da vurğuladı: «Seçicilərin fəallığı var idi. Bunu kim təşkil edirdi, necə edirdi - bu, başqa mövzudur».

HANSI YENİLİKLƏR OLDU?

M.Zülfüqarlı 2005-ci ilə qədər QHT-lərə seçkini müşahidə imkanı yaradılmadığını yada saldı:

«Qanunda da belə bir maddə var idi ki, xarici donorlar tərəfindən maliyyələşən QHT-lər müşahidə apara bilməzlər. 2005-ci ilin oktyabrında prezident sərəncamı ilə bu qadağa götürüldü. Paradoks budur ki, qadağa götürüləndən sonra müşahidə aparanlar azaldı».

Məhərrəm Zülfüqarlı veb kameraların quraşdırılmasını, elektron səsverməni də builki seçkidə ən böyük yenilik hesab etdiyini dedi. O, parlamentdə qadınların sayının artmasını da xüsusi vurğuladı: «Artıq parlamentdə 20 qadın deputat var. Bu da çox müsbət haldır. Təxminən 35 millət vəkili ilk
Məhərrəm Zülfüqarlı
dəfə seçilib».

ÇATIŞMAYAN BİR ŞEY VAR

M. Zülfüqarlının fikrincə, seçki qanunu namizədliyi irəli sürmək baxımından xeyli sadələşib:
«Əvvəlki illərdə 2000 imza lazım idi, indi 450 imza. Bir seçici ancaq bir namizədə imza verə bilərdi, indi isə istənilən sayda. Bu baxımdan, təəssüf ki, TV debatlarda gördüyümüz təsadüfi namizədlərin sayı çoxalıb».

MƏNFİ 100-LƏ?

Aparıcının «Seçicilər üçün yaradılmış seçim imkanını 5 ballıq sistemlə necə qiymətləndirərdiniz»sualını verilişin digər iştirakçısı «Qış bulvarı» salınacaq ərazinin sakini, ilk dəfə namizədliyini irəli sürmüş Hikmət İsmayılov belə cavablandırdı: «Beş ballıq sistemə baxa bilmirəm. Seçki kampaniyasını mənfi 100-lə qiymətləndirirəm».

Natiq Cavadlı «bu dəyərləndirməni bir az da aşağı salmaq olardı» deyə əlavə etdi.

YÜZ BALLIQ SİSTEMLƏ 80!


Məhərrəm Zülfüqarlı isə seçkiyə 100 ballıq sistemlə 80 bal verdiyini söylədi: «Deputatlığa namizədin və jurnalistin fikirlərinə hörmətlə yanaşıram, görürəm ürəyi yanır. Amma bu da mənim fikrimdir».

Hikmət İsmayılov
TV DEBATLAR ŞOKA SALDI?

Qonaqlarımız «TV-dəki 4 dəqiqəlik çıxışlar insanları şənləndirdi, yoxsa sarsıtdı, şoka saldı?» sualını da cavabladılar. Natiq Cavadlının fikrincə, çox savadsız, hətta tərbiyəsiz çıxışlar oldu: «Eləsi vardı ki, arenda ilə arena sözünün fərqini bilmirdi. Bir qadın Heydər Əliyev Fondunun nə olduğunu belə bilmirdi. Əksəriyyəti də bitərəf adı ilə hakimiyyəti tərifləyirdilər, məddahlıqla məşğul idilər».

ONLAR DEPUTAT SEÇİLMƏYƏCƏKLƏRİNİ BİLİRDİLƏR?!

Hikmət İsmayılovun fikrincə, həmin namizədlər seçilməyəcəklərini bilirdilər və ora tapşırıqla gəlmişdilər: «Bir nəfəri millət vəkili etmək üçün. Bunu hamı bilir».

DÜNYANIN HEÇ BİR YERİNDƏ PULSUZ EFİR VAXTI YOXDUR

Məhərrəm Zülfüqarlının fikrincə, Seçki Məcəlləsinə görə, 60-dan yuxarı dairədə namizədlikləri qeydə alınan partiyalara və siyasi bloklara pulsuz efir vaxtı verildiyindən, partiyaların hamısı bu güzəştdən yararlanmağa çalışırdı:

«Dünyanın heç bir ölkəsində pulsuz efir vaxtı yoxdur. Seçkiyə qatılan namizədlərin resursları olmalıdır—maddi, insan və vaxt resursu. Pulsuz efir vaxtı uğrunda mübarizə cılız bir məsələdir. Güclü namizəd pullu efirdən istifadə etməlidir».

M. Zülfüqarlı 4 dəqiqədən mənasız yararlananları da qınadı: «Bəlkə də yaxşı oldu ki, onlara 4 dəqiqəni verdilər və biz onları tanıdıq. Gələcəkdə biz həm namizədləri, həm də seçki komissiyalarının üzvlərini maarifləndirməliyik».

Gözdən əlil insanlardan «karusel» kimi istifadə edilməsi
- Natiq Cavadlı Sumqayıtdakı seçkilərdə hansı qanunsuzluqların şahidi oldu?
- Dünən AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputatlığa namizəd Cəmil Həsənlinin açıqladığı seçkidə gözdən əlil insanlardan «karusel» kimi istifadə edilməsi məsələsinə necə münasibət bildirildi?
- Hikmət İsmayılov seçki prosesində nələr yaşadı?
- Seçki günü MSK-ya 100 dəfə zəng vurub müraciət edən Hikmət İsmayılov televiziyalardan adıçəkilən Komissiyaya heç bir zəng olunmadığı xəbərini eşidib nə hala düşdü?
- Deputatlığa namizəd MSK sədrinə müraciətində nələr yazdı?
- Məhərrəm Zülfüqarlı nədən «Mən Azərbaycanın gələcəyinə nikbin baxıram» söylədi?
- «Əsas məsələ kimin necə səs verməsi deyil, səsləri kimin saymasıdır» qəbilindən Stalin aforizmi Azərbaycan reallığına nə dərəcədə uyğundur» sualı necə cavablandı?
- Bu seçkidən Azərbaycan nə qazandı, Bakı nə qazandı və hamımız nə itirdik?
- Və nəhayət, seçki kampaniyasından narazı qalanlar hüquq müstəvisində nə edə bilərlər?