Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə Vüqar Həşimovun müsahibədə ona qarşı irəli sürdüyü ittihamlarla bağlı Azadlıq Radiosuna bunları dedi:
«Qoy eləsin. O, təkcə məni ittiham eləmir. O, Azad Rəhimovu da ittiham edir, ola bilsin Elman Rüstəmovu da ittiham edir. Məni də ittiham edir. Çünki bunu təkcə mən söyləməmişəm. Bunu həm Azad Rəhimov, həm Elman Rüstəmov söyləyib. Bütün bu fikirləri onun beyninə digər adamlar salır. O, federasiyaya dəvət olunub, mən bilirəm. Azərbaycan yığmasında oynamaq böyük şərəfdir. Tutaq ki, onu dəvət eləmək federasiyada kiminsə yadından çıxıb, məncə o, federasiyanın nəinki qapısını, bacasını döyməliydi, maraqlanmalıydı ki, məni niyə görə dəvət eləmirsiz? O ki qaldı mənim komandanı dağıtmağıma, bu onun şəxsi, subyektiv fikridir. Yenə deyirəm ki, məncə, Vüqar Həşimov özü bu fikirləri söyləmir, yəqin kimsə ona bu fikirləri aşılayır».
Vüqar Həşimovun Kasparov adına komandada oynamasıyla bağlısa Mahir Məmmədov bunları deyir :
«Bunu birincisi Azad Rəhimov söylədi, ikinci də komandanın adı doğurdan da Kasparov komandasıdır. Üçüncüsü də mən Kasparov komandasında oynamaqla bağlı şəxsi fikrimi söyləməmişəm, mən fakt söyləmişəm. Bunu heç kim dana bilməz. Mən bunu pis və yaxşı olmasına qiymət verməmişəm, ancaq faktı demişəm. O ki qaldı dövlət yardımına, bütün şahmatçılara dövlət yardımı var, ona da var».
Mahir Məmmədov Vüqar Həşimovun komandadan kənarlaşdırılması ilə bağlı dedikləri haqqında isə bunları dedi:
«Sentyabrın 6-da olimpiadaya bizim təlim-məşq toplantısı başlandı, 12-13-də qurtardı. Bu bir faktdır ki, sentyabrın 2-nə qədər mən Vüqar Həşimova komandaya qayıtmağı, gəlib öz səhvlərini etiraf etməyi dəvət etmişəm. Sentyabrın 2-nə qədər Vüqar Həşimov komandanın rəsmi siyahısına daxil edilmişdi. Vüqar Həşimovun düşərgəsindən birmənalı şəkildə dedilər ki, o, təlim-məşq toplantılarına gəlməyəcək. Bundan sonra sentyabrın 2-3-ü ərəfələrində biz FİDE-nin rəhbərliyinə utana-utana zəng edib olimpiadaya dəyişiklik edəcəyimiz xahiş etdik, bu haqda rəsmi məktubumuz oldu. Necə ola bilər ki, o, dəvət olunmasın? «SOCAR-Azərbaycan» komandasına dəvət edilməməsi haqqında isə onu deyə bilərəm ki, «SOCAR-Azərbaycan» bir klubdur. «Neftçi» və «Real» klubunun sahibinə söyləmək olarmı ki, hansı futbolçuları dəvət elə, hansıları yox. Əgər bir şəxs ki, Azərbaycan yığma komandasında oynamağa cəhd etmir, mən onu «SOCAR-Azərbaycan» komandasının üzvü görmürəm. Kim deyə bilər ki, ikinci komanda yaranmayacaq o da onu üzvü olmayacaq? »
«SƏHVLƏRİNİ ETİRAF EDİB QAPINI DÖYMƏLİDİR…»
«Sizcə, Vüqar Həşimovun hansı səhvləri olub və o, yığmaya dəvət olunacaqmı» sualına cavab olaraq Mahir Məmmədov bunları dedi:
«Hamı bilir nə işlə məşğuldur. Səhvlərini etiraf edib qapını döyməlidir, birbaşa zəng etməlidir, danışmalıdır ki, niyə görə məni qəbul etmirsiz? O ki qaldı yığmaya, biz onu gözləyirik. Heç kim onu yığmadan xaric etməyib, o özü-özünü xaric edib».
Gənclər və idman naziri Azad Rəhimov isə sentyabrın 6-da keçirdiyi mətbuat konfransında demişdi ki, son bir il ərzində Vüqar Həşimovun atdığı addımlardan narahatdır:
Nazir onu da demişdi ki, Vüqar Həşimov dəfələrlə Azərbaycan Şahmat Federasiyasına dəvət olunub. Bu məsələni o, federasiyanın prezidenti Elman Rüstəmovla da müzakirə edib. Nazir deyib ki, ancaq Vüqar Həşimov federasiyaya gəlib izahat vermək istəmir:
«İlk növbədə onun mövqeyi bilinməlidir. Hərəkətlərinin nə ilə bağlı olduğuna izahat verməlidir. Biz ondan izahat gözləyirik. İzahatdan sonra hər şey məlum olacaq».
Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov isə Vüqar Həşimovun yığmaya dəvət olunmaması ilə bağlı mətbuata bunları deyib:
«Federasiya qərara gəlib ki, turnirə bu heyəti göndərsin. Bu, bizim daxili işimizdir».
«O, YENƏ AZƏRBAYCANIN KOMANDASINDA OYNAYACAQ…»
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə deyir ki, federasiyanın Vüqar Həşimovla bağlı heç bir problemi yoxdur:
«Bu dəfə oynamayıb, gələn dəfə oynayacaq. Vüqar Həşimov Azərbaycanın yetirməsidir. Hər şey yaxşı olacaq, o, yenə Azərbaycanın komandasında oynayacaq, mən buna ümid edirəm».
Vüqar Həşimov oktyabrın 18-dən 31-ə qədər Çinin Nankin şəhərində keçiriləcək mötəbər şahmat turnirin hazırlaşır. Həmin turnirə Veselin Topalov, Vişvanatan Anand, Maqnus Karlson kimi məşhur şahmatçılar da qatılacaq.