Sabir Rüstəmxanlı - ruhunda azadlıq olan sənədli roman yazıb

Sabir Rüstəmxanlı

«Əslində bu kitabın bütün ruhu Azadlıq ruhudur!».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının qonağı olan yazıçı Sabir Rüstəmxanlı yenicə çapdan çıxmış «Difai fədailəri» sənədli romanı haqqında söyləyib. Elə bu üzdən də roman barədə ilk dəfə AzadlıqRadiosuna danışdığını deyən tanınmış yazıçı kitabın tezliklə satışda olacağını da bildirdi:

«Hələlik məndə cəmi bir nüsxə var. Kitabı «Qanun» nəşriyyatı buraxıb. Yəqin bir azdan satışa çıxacaq».

ROMANDA UYDURMA YOXDUR

Romanı arxivlərdən və bəlli kitablardan yararlanaraq yazdığını deyən Sabir bəy «Sənədlər romanın əsas hissəsidir. Burda uydurma yoxdur. Təbii ki, Gəncədə, Bakıda, Şuşada, Qarabağda yaşamış adamların xatirələri də burda rol oynayıb» deyib.

SƏNƏDLƏRİN ƏSAS HİSSƏSİ MƏHV EDİLİB

Sabir bəyin sözlərinə görə, 1905-ci ilin sonları—1906-cı ilin əvvəllərində yaranan «Difai» müqavimət təşkilatının fəaliyyətinə cəmi üç ildən sonra Çar hökuməti tərəfindən qadağa qoyuldu:

«Əllərində olan sənədləri məhv etdilər. Həm bizim arxivlərimizdə, həm də başqa yerlərdə çox cüzi hissəsi qalır. Mən də romanı həmin izlər əsasında yazmışam».

DEMOKRATİYA YELLƏRİ ƏSMƏYƏ BAŞLADI...


Ötən əsrin əvvəllərində Çar Rusiyasında Yapon müharibəsindəki məğlubiyyətdən sonra mərkəzi hakimiyyətə qarşı təzyiqlərin yüksəldiyini, demokratiya çağırışlarının, söz azadlığının aktuallaşdığını, milli azlıqların tələblərinin gücləndiyini deyən S. Rüstəmxanlı Azərbaycanda da maraqlı bir prosesin getdiyini vurğuladı:

«Dünyanın ən böyük universitetlərində təhsil almış, bir neçə dil bilən aydınlarımız, ziyalılarımız Azərbaycanda milli hüquqların əldə edilməsi üçün böyük bir mücadiləyə başladılar. Öncə Rusiya Müsəlmanları İttifaqının yaradılması uğrunda Volqa çayının üstündə toplantı keçirildi. Bu işin başında bir dəstə ziyalı dayanırdı. O cümlədən, Əli bəy Hüseynzadə Turan, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu».

ÇAR HÖKUMƏTİ HANSI YOLU SEÇDİ?


Belə bir zamanda çar hökuməti mərkəzi hakimiyyətə qarşı güclənən inqilabi proseslərin qarşısını almaq yolunu seçdi: «Millətlər arasında nifaq toxumu səpdi. Qafqazda ermənilərlə gürcülər, türklərlə ermənilər arasında böyük bir gərginlik yarandı. Gərginliyin arxasında Çar Rusiyası dayanırdı. Amma alət olaraq istifadə edilənlər Bakı neftinə sahiblənən erməni milyonçularının pulu ilə harınlaşmış «Daşnaksütyun» və «Qnçaq» partiyasının üzvləri idilər».

«DİFAİ» NECƏ YARANDI?

S.Rüstəmxanlının sözlərinə görə, ilk qan Bakıda töküldü. Sonra bu proseslər Yerevanda, Naxçıvanda, Şuşada, Yelizavetpolda, Tbilisidə, Batumda davam etdirildi və bütün Qafqazı bürüdü. Əhməd bəy Ağaoğlu «Difai»ni bütün bunları dayandırmaq üçün, terrora qarşı müdafiə məqsədilə yaratdı...

ROMANDA NƏLƏR VAR?

Sabir bəy romanda Əhməd bəy Ağaoğlunun Parisdəki günlərini xatırlatmaqla Şuşaya dönüşünü, orda evlənməsini, sonra Tbilisi və Bakıdakı çalışmalarını və nəhayət, 1906-cı ildə «Difai» partiyasını yaratmasını və «Difai»yə gələn insanların yollarını göstərməyə çalışdığını söylədi:

«Gəncədə yarandı, sonra Qarabağ müdafiə təşkilatı formalaşdı. Bəylər, Qarabağ fəalları bura qatıldılar. Batumdan Dağıstana qədər «Difai»nin 20 min üzvü vardı».

ELÇİ DAŞINDA KİM OTURDU?

Sabir bəy «Difai»nin güclənməsi ilə Qafqazda qüvvələr balansının dəyişdiyini də xatırlatdı. «Gücünü göstərəndən sonra o vaxtın rəsmi dairələri, həm də «Daşnaksütyun» təşkilatı «Difai» ilə hesablaşmağa məcbur oldu. Hətta, romanın sonunda bu təsvir olunub – «Daşnaksütyun» elçi düşdü «Difai»yə ki, gəl barışaq...».

- «Difai» niyə Bakıda yox, Gəncədə yarandı?

- Sabir bəy rus mənbələrində hansı faktlarla qarşılaşdı?

- Romanın personajlarından olan Cəmil və Ayçiçəyin başına nələr gəldi?

- Ağdərə rayonunun Umudlu kəndi niyə iki dəfə yer üzündən silindi?

- «Difai» müdafiə təşkilatının proqramında nələr vardı?

- «Difai» necə bağlandı?

- Sabir Rüstəmxanlı romanın üstünə niyə «Nəyi xatırlayırsansa, o sənindir, unutduqların sənin deyil!» yazmışdı?

- Yazıçı niyə «Bu kitab bədənimizə sancılan iynələr kimi gərək hər kəsin içini göynətsin» dedi?

- Bu mövzuda yazılan kinossenari Mədəniyyət və Turizm Nazirliyində necə qarşılandı?

- Bəs «Difai»nin iki qılınc arasında ay-ulduzlu möhürü necə xilas oldu?

Ən yaxşısı «İz»i dinləməkdir