Naşistlər Limonovun kitab təqdimatını yenə pozdular

Rusiyada hakimiyyətyönlü gənclər hərəkatı tanınmış yazıçı Eduard Limonovun yeni kitabının təqdimat mərasimi yenə pozublar.

Həm də hakimiyyəti kəskin tənqid edən solçu müxalifət partiyasının (millətçi bolşevik) sədri olan Limonov "Книга мертвых-2. Некролог" adlanan kitabının təqdimatını Moskvada “Rospeçat” kitab dükanında keçirmək istəyirdi.

Təqdimata az qalmış “Naşi” hərəkatının 60-a yaxın üzvü dükanın qarşısına toplaşıb yazıçının əleyhinə şüarlar səsləndiriblər.

Kasparov.ru saytı xəbər verir ki, Limonov təqdimatı "təhlükəsizlik nöqteyi-nəzərindən" ləğv edib.

Bir gün əvvəl naşistlər eyni kitabın paytaxtın “Biblio-qlobus” dükanında keçirilməli olan təqdimatını da pozmuşdular.

"Книга мертвых-2. Некролог"da Limonovun vaxtilə ünsiyyətdə olduğu, dünyalarını dəyişsələr də, yazıçının yaddaşında iz buraxan insanlardan danışılır.

Bunlar rəssamlar, qadınlar, generallar, prezidentlər, Limonovun öz partiyasının sıravi üzvləridir. Yazıçı onların taleyini həm də öz taleyinin bir hissəsi sayır.

67 yaşlı Limonov Rusiyada 2012-ci ildə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi kimi iştirak etmək arzusunu bildirib.