Azərbaycan sahibkarının aqibəti...

Sevgim Rəhmanov

«Mən mütəmadi qaydada sahibkarlarla görüşürəm, onlara öz siyasi dəstəyimi verirəm. Yerli icra orqanlarına da tapşırıq verirəm ki, onlara kömək olsunlar, onları dəstəkləsinlər. Bununla bərabər mərkəzləşmiş büdcədən ayrılan xərclər ildən-ilə artacaq ki, bütün məsələlər öz həllini tapsın. Sahibkarlığın inkişafı bundan sonra da sürətlə getməlidir».

Ölkə başçısı İlham Əliyev keçirdiyi müşavirələrin demək olar ki, hər birində məmurlara sahibkarların fəaliyyətinə müdaxilələrə son qoymalarını, sahibkarlıq fəaliyyəti üçün onlara münasib şərait yaratmalarını tövsiyyə edir.

DƏYİRMAN ÖZ İŞİNDƏDİR…

«Prezidentimiz tapşırır ki, baxın ha, ay məmurlar, sahibkarların işinə müdaxiləni dayandırın. Müdaxilələr cürbəcür olur, məsələn, gəldi 5 dəqiqənin içərisində sözünü dedi, qanıqaraçılıq saldı, getdi. Bu, xırda müdaxilədir. Ancaq bir də var ki, gələsən, tamam sökəsən, deyəsən ki, bura bizə lazımdır. Bu, elə köklü müdaxilədir ki, bundan o yanası yoxdur».

Bunu isə 1998-ci ildən Bakıda fəaliyyətə başlayan «Halal» şirkətinin icraçı direktoru Nəsib Əliyev deyir. Onun sözlərinə görə, prezident məmurlara sahibkarlara qarşı münasibəti dəyişməyi tövsiyə etsə də, məmurların bu tövsiyələrdən nəticə çıxarmırlar ki, çıxarmırlar.

«HALAL» ŞİRKƏTİ SÖKÜLƏN OBYEKTİNİ HALAL ELƏMİR

İki il əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsi «Halal» şirkətinin və onunla eyni ərazidə fəaliyyət göstərən daha üç sahibkarın obyektini yerlə-yeksan edib.

Nəsib Əliyev deyir ki, həmin obyektlərdə avtomobillərə texniki xidmət göstərmək üçün 15 boks, yeməkxana və mağazalar fəaliyyət göstərirmiş. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ümumi ərazisi 21 sot olan, 4 sahibkara məxsus həmin obyektləri sökərkən bunu əvvəlcə orada idman kompleksinin tikilməsi ilə izah edib. Sonra isə sahibkarlara deyilib ki, ərazidə idman kompleksi yox, xarici səfirliklər üçün binalar inşa olunacaq. Obyektlər sökülərkən sahibkarlara yüksək məbləğdə kompensasiyalar vəd edilib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sonradan kompensasiya söhbətinin üstündən sükutla keçib və sahibkarlara sökülmüş obyektlərin əvəzinə Nərimanov rayonu ərazisində yer təklif edib. Ancaq sahibkarlar təklif olunan yeri qəbul etmirlər. Nəsib Əliyev:

«Təklif olunan yerlər bir metr suyun içindədir. Üstü açıq, insan ayağı dəyməyən bir ərazidədir».

Bir sözlə, həmin ərazi sahibkarlıq fəaliyyəti üçün münasib deyil.

OBYEKT TƏZƏDƏN TİKİLSİN, DƏYMİŞ ZƏRƏR ÖDƏNİLSİN

Sahibkarlar məsələni Əmlak Məsələləri üzrə Komitə ilə məhkəmə müstəvisində həll etməyi qərara alıb. Ərazi üzrə Xətai rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə sahibkarların iddiasını təmin edib.

Qətnamə çıxarılıb ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ərazidəki obyektləri bərpa etməli və bərpa işləri başa çatana qədər sahibkarlara hər ay dəymiş zərər qismində 2 min manat ödəməlidir. Lakin qarşı tərəfin apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsi bu qətnaməni ləğv edib. Nəsib Əliyev:

«4 nəfərin 4-ü də bu günə qədər məhkəmələrdədir. Məhkəmə də nüfuzlu tərəfi müdafiə edir».

50 MİN MANAT ZİYAN

Nəsib Əliyev deyir ki, 2 il ərzində fəaliyyətsiz qaldıqlarına görə, 4 sahibkara ümumilikdə 50 min manat ziyan dəyib:

«Birinin üç balası, o birinin 4 balası var. Axı bunların çörəyini kəsmək düzgün deyil, axı niyə bu yolla edirlər? Orda deyilənə görə, Gürcüstanın, Qazaxıstanın və Belorusiya səfirlikləri olacaq. İndi neyləyək, gedək əllərimizdə reyestr çıxarışlarımızla dayanaq gələcəkdə həmin səfirliklərin qabağında, deyək bura bizim mülkiyyətimizdir? Niyə hər şeyi halallıqla etmək istəmirlər?»

SAHİBKARIN QARANTI DÖVLƏT BAŞÇISIDIRSA…

Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov deyir ki, sahibkar onsuz da bir obyekti özəlləşdirməkdən ötrü soğan qabığı kimi soyulur. Hələ üstəlik obyekti işə salandan sonra gəlib həmin obyekti sökmələri sahibkara birə-beş zərbədir:

«Sahibkarlar obyekti iki dəfə özəlləşdirirlər, bir obyektin özünü, bir də onun yerləşdiyi torpağı. Hələ mən verilən rüşvətləri demirəm, dövlətə keçirdiyi rüsumlardan danışıram. Sahibkar bu günə qalmalıdır? Bir tərəfdən deyirik ki, dövlət başçısı sahibkarların qarantıdır. Əgər qarantıdırsa, nəyə görə sahibkarın əlindən obyekti alınmalıdır?»

Sevgim Rəhmanov deyir ki, sahibkarların fəaliyyətinə süni əngəllər yaradan məmurlar əslində ölkədə orta təbəqənin yaranmasına əngəl yaradırlar:

«Kapitalizm sistemində, bazar iqtisadiyyatında sahibkarlar orta təbəqənin yaradıcılarıdır. Onların fəaliyyətinə olan əngəllər ölkədə bazar iqtisadiyyatına keçiddə orta təbəqənin yaranmasında problemlər yaradır».

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə bu məsələyə münasibət bildirərkən deyib ki, həmin ərazi dövlət ehtiyacları üçün alınıb və sahibkarlar müvafiq yerlə təmin olunub. Ancaq Qulu Xəlilov sahibkarların yerlərinin hansı dövlət ehtiyacları üçün alındığını deməyib.

«Halal» şirkətinin icraçı direktorusa deyir ki, dövlət bu yerləri onlardan alarkən heç bir alqı-satqı qaydalarına əməl etməyib:

«Alınıb deyəndə, ortalıqda alqı-satqı sənədləri olmalıdır, qəbz olmalıdır, həqiqətdə ortalıqda heç nə yoxdur».