Türk dünyasına xidmət ödülü kimlərə verilir?

Ramiz Əskər

Görkəmli tarixçi-alim, millət vəkili Cəmil Həsənli Türk Dünyasına Xidmət Ödülünə layiq görülüb. Bu barədə geniş bilgi almaq üçün mükafatın ötən ilki laureatlarından biri, araşdırmaşı jurnalist Ramiz Əskərə telefon açdıq. Söhbəti həm dinləyə, həm də oxuya bilərsiniz.

- Ramiz bəy, xoş gördük! Ödülü ən son alan olduğunuzdan, suallaımızı Siz cavablamalı olacaqsınız. Türk Dünyasına Xidmət Ödülünü hansı təşkilat verir? Və təbii ki, hansı xidmətlərə görə verir?

- Ankarada bir Fond var, onlar Vəqf deyirlər, qısa adı belədir—TürkSAV—Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi. Dediyim kimi, Ankarada yerləşir, nürk dünyasının mənəvi birliyi üçün çalışır. Müxtəlif tədbirlər, simpoziumlar, ədəbiyyat-sənət günləri, konfranslar, yubileylər keçirir və hər ilin ilk həftəsində ötən ilə yekun vurur. Türk dünyasında baş vermiş ən mühüm elmi, mədəni, ədəbi olayları gözdən keçirir, dəyərləndirir və mükafatlandırır.

- Vəqfin başqanı kimdir?

- Bu Vəqfin rəhbəri tanınmış şair və ictimai xadim Yəhya Akəngindir. Mən onu 1997-ci ildən tanıyıram. Tez-tez Azərbaycana gəlir. Burada çoxlu dostları var. Bizim mətbuatda da şeirləri, yazıları dərc olunur. Çox istedadlı, vətənsevər bir adamdır. Və hər il bu mükafatı verməklə, mənim fikrimcə, türk dünyasına mühüm xidmət etmiş olur.

- Nə vaxtdan verilir bu mükafat?

- Mükafat ilk dəfə 1996-cı ildə qurulub. Bu il 13-cü dəfə verilir. Bizim ölkədən 8 laureat olub. İlk dəfə 2001-ci ildə türk dünyası qarşısında siyasi xidmətlərinə görə mərhum prezident Heydər Əliyev alıb. 2002-ci ildə bu mükafata məşhur türkoloq, Azərbaycanda türkologiyanın bayraqdarı və vicdanı, MEA-nın müxbir üzvü, BDU-nun türkologiya kafedrasının müdiri, professor Tofiq Hacıyev—türk dünyası qarşısında elmi xidmətlərinə görə layiq görülüb. Ondan sonra laureatlarımız sənət adamları olub. Şair Məmməd İsmayıl, Anar, Elçin Əfəndiyev alıb. İnişil Sabir Rüstəmxanlı layiq görüldü. Ötən il mən aldım (Ramiz Əskər bu mükafata Mahmud Kaşğarinin «Divan»ını Azərbaycan türkcəsinə çevirdiyinə görə layiq görülüb - S.İ.). Bu ilki namizəd səkkizincidir.

- Ramiz bəy, ötən il siz təqdimat mərasiminə də qatıldınız. Mükafat hansı atmosferdə verilir? Lütfən, bir az o ab-havanı canlandırın…

- Mükafatın laureatları - elm, sənət adamları, bəzən də qurum və təşkilatlar ilin ilk həftəsində élan olunur. Təxminən, aprel-may aylarında mükafatın təqdimetmə mərasimi keçirilir (bu il martda veriləcəyi deyilir - S.İ.). Mərasim çox təntənəli olur. Süleyman Dəmirəl prezident olanda, mükafatı özü təqdim edərdi. Prezidetliyi bitəndən sonra da bir neçə dəfə iştirak etdi. Amma məsələn, Sabir Rüstəmxanlı mükafat alan il Böyük Millət Məclisinin sədri Bülənd Arınç təqdim etdi. Ötən il Baş bakan yardımçısı Cəmil Çiçək verdi. Əslində, Abdulla Gülün verəcəyi nəzərdə tutulmuşdu. Amma səfərlər səbəbindən Cəmil Çiçək təqdim etdi. Təntənə ilə verirlər, radio-televiziya, Türksatla yayımlanır, «Avaz» kanalı ilə göstərilir və s. Dediyim odur ki, çox böyük bayram ab-havası olur. İctimai təşkilatlardan, dövlətdən, hökumətdən adamlar iştirak edirlər. Bir sözlə, mükafat böyük mükafatdır, təqdimat mərasimi də türk dünyasının birliyini nümayiş etdirir.

- Mükafat nədən ibarətdir?

- Ödülün maddi tərəfi yoxdur. Bilgə Tonyukuk (xaqanların vəziri olub, çox ağıllı adam imiş) qəbirüstü abidəsinin mərmərə köçürülmüş heykəlini verirlər. Xaqanların sinə daşı tısbağa şəklində olub, üstü qayalar, heykəl də o cürdür.

- Ramiz bəy, son sual: Mükafatı qazanan bir şəxs kimi deyə bilərsinizmi, bu ödül onun sahibinin boynuna hansı əlavə öhdəliklər, missiya qoyur?

- Deyirlər ki, biz səni seçdik. Çünki sən bütün türk dünyasına çox böyük xidmət etmisən! Buna dəyər verdik. Demək, sən bundan sonra da fəaliyyətini davam etdirməlisən! Artıq sən türk dünyasının seçkin adamları siyahısında oldun.
Ola bilməz ki, bundan sonra getdiyin yolu yavaşıdasan! Demək, daha əzmlə, zövqlə, şövqlə bu xidməti davam etdirməlisən!

- Ramiz bəy, təşəkkür edirik verdiyiniz bilgilərə görə. AzadlıqRadiosu olaraq, bu ilki laureatları təbrik edirik. Hörmətli Cəmil Həsənlini ürəkdən alqışlayırıq. Heyif ki, özü xarici səfərdədir. Və eynən Türk Dünyasına Xidmət Ödülünın qurucuları kimi Sizə «Yolunuz açıq olsun!»deyirik!

- Sağ olun.