Cavanşir Quliyev: «Şimali Kiprdə yaradıcılıq üçün hər cür şərait var»

Cavanşir Quliyev "Azadlıq" radiosunun Bakı Bürosunda, 14 iyul 2006

Bu dəfə «İz»ə ünlü bəstəçi Cavanşir Quliyev bələdçilik edir.


AZADLIQ: Deyəsən çox darıxmısınız, Cavanşir bəy. Yoxsa, yay olsun-qış olsun, bütün dünyanın axışdığı Aralıq sahillərindən bu istili-bürkülü vətənə dönməzdiniz.


CAVANŞİR QULİYEV: Təbii ki, darıxmışam. Daş üçün, torpaq üçün deyil, insanlar, dostlar üçün darıxmışam. «Vətən» anlayışının mənası uzaqlarda daha dolğun anlaşılır.


AZADLIQ: Azərbaycanın tanınmış maestrosu Şimali Kiprdən biz tərəflərin mədəni olaylarını izləməmiş olmaz yəqin. Hansı mədəni olayın sorağı Sizə də çatdı? Və ümumən Azərbaycanla bağlı məlumatları haradan öyrənirdiniz?


CAVANŞİR QULİYEV: Azərbaycanın mədəni həyatını İnternetdən, o cümlədən «Azadlıq» radiosunun saytından daim izləyirdim. Beynəlxalq Caz Festivalından da xəbərim var, ölkənin mədəniyyət mogikanlarının yaşamı tərk etməsindən də. Gəlişim də sevinc gətirmədi – görkəmli kino rejissoru Rasim Ocaqovun itkisiylə üzləşdim. Bu dünyadakı Azərbaycanı qurub-yaratmasaq, Tanrı o son ziyalılarımızı da bizə çox görəcək, deyəsən...


AZADLIQ: Hazırda qismən mühacir həyatı yaşayan Cavanşir Quliyev, yenə qismən qürbət olan Şimali Kiprdə nə yazıb-nə yaradıb?


CAVANŞİR QULİYEV: «Azadlıq» radiosuna öncəki müsahibələrimdən bilirsiniz ki, türklər demiş, Quzey Qıprısda əsas niyyətim «Oğuznamə» baletini bitirməkdir. Artıq 30 hissə hazırdır.


AZADLIQ: Cavanşir bəy, orada Azərbaycanı nə dərəcədə tanıyırlar? Mətbuatda, televiziya və radioda mədəniyyətimizə diqqət varmı?


CAVANŞİR QULİYEV: Qıprıs yad ölkə deyil, böyük vətənimizin bir parçasıdır. Türklər oraya «Yavru Vatan» deyirlər. Orda bizi çox yaxşı tanıyırlar. Azərbaycana həssas yanaşma və diqqət var. O bircə dəfə gerçəkləşdirilən Lefkoşa-Bakı təyyarə reysini bu günədək unutmurlar. Qarabağ dərdimizə də şərikdirlər. Orada bizi daim anırlar. Təəssüf ki, Azərbaycan Şimali Kiprin problemlərinə tam biganə təsiri bağışlayır. Və mən insanların biganəliyini ayrıca vurğulardım.


AZADLIQ: Kipr türklərinin mədəniyyəti barədə qısaca nə deyə bilərsiniz? Yeni durumda ada yunanlarıyla mədəni əlaqələrdən söz açmaq mümkündürmü?


CAVANŞİR QULİYEV: Aralıq (türk dünyasında «Ağdəniz») dənizindəki adanın – Kiprin ortaq mədəniyyəti var – «Ağdəniz mədəniyyəti». Həmin mədəniyyətdə italyan, ispan, yunan, türk, hətta ingilis izini görmək mümkündür. Ada yunanları ilə türklərin, necə deyərlər, fiziki əlaqələri var, artıq qarşılıqlı gediş-gəliş kəsilmir. Digər əlaqələr bəlli səbəblərdən yox səviyyəsindədir. Qıprıs türkləri çox mülayim, istiqanlı, mədəni, hətta kübar adlanacaq sevimli insanlardır. «Daha çox avropalıdırlar» da deyə bilərik.


AZADLIQ: Cavanşir bəy, şəkililər demiş, havax gedəcəksüz? Və bir də nə vaxt Vətənə dönəcəksiz?


CAVANŞİR QULİYEV: Mən Levkoşada Orta Doğu Universitetinin Sənət Bölümündə professor kimi çalışıram. Sentyabrın ortalarında oraya qayıdacağam. Mənə çox gözəl şərait yaradılıb. Yaradıcılıq üçün hər cür imkanım var. 10-15 illik durğunluğa orda son vermişəm. Azərbaycana bir də nə vaxt dönməyimə gəlincə, Quzey Qıprısdakı şərait burada yaradılsa, bircə saniyə də yubanmadan buraya dönərəm. Quzey Qıprısa sönməyəcək sevgi və sayqılarımla bərabər.