İran Şimali Koreyanı dəstəkləyir

Şimali Koreyanın raket sınaqdan keçirməsini İran dəstəkləyir

İran Şimali Koreyanın raket sınaqdan keçirməsini dəstəkləyir. Ölkənin Xarici işlər nazirinin sözçüsü Həsən Qaşqavi jurnalistlərə belə deyib.

O bildirib ki, İran fəzanın «sülh məqsədləri üçün istifadəsi» ideyasını müdafiə edir və belə düşünür ki, «buna hər kəsin haqqı var». Lakin sözçü İran nüvə proqramının Şimali Koreya ilə hər hansı əlaqəsi olmasını inkar edib.

Fevral ayında İran da öz raketini sınaqdan keçirib.

Aprelin 5-də ABŞ və Yaponiya Şimali Koreyanın raket sınağı keçirməsini təcili BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa nail olub.

Yaponiya iddia edirdi ki, raket onun ərazisindən keçərək Sakit okeana düşüb. ABŞ prezidenti Barak Obama Şimali Koreyanın bu addımını fitnəkarlıq adlandırmışdı və bildirmişdi ki, Pxenyan Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, özünü BMT-dən təcrid edir.

BMT-nin təcili yığışan Təhlükəsizlik Şurası isə heç bir qərar qəbul edilmədən sona yetib və bu məsələ ilə bağlı məsləhətləşmələrin davam edəcəyi bildirilib.