Aclıq aksiyası keçirən tələbələrdən daha üç nəfərinin səhhəti pisləşib

Tələbələr aksiyanı davam etdirəcəklərini bildirirlər

Başqa ali məktəblərə keçirilmək tələbi ilə aclıq aksiyası keçirən Müstəqil Azərbaycan Universitetinin daha üç tələbəsinin səhhəti pisləşib. Həkimlərin verdiyi məlumata görə, artıq 4 gündür aclıq edən tələbələr təzyiqin aşağı düşməsindən əziyyət çəkirlər. Tələbələr özləri isə aksiyanı davam etdirəcəklərini bildirirlər:


«Aksiyamız davam edir. Səhər saatlarında bir neçə tələbənin vəziyyəti pisləşdi. Ancaq axıra qədər aksiyanı davam etdirəcəyik. Bu qədər tələbə aclıq edir, rəsmi səviyyədə reaksiya yoxdur».


Tələbələrin sözlərinə görə, onlara baş çəkən Təhsil Nazirliyinin nümayəndəsi İlyar Vahabov bildirib ki, keçən il bu ali məktəbi bitirənlərə diplom veriləcək, bu il bitirənlər də diplom müdafiəsinə başlaya bilərlər. 2004-cü ildə qəbul olunanların taleyi isə məhkəmə qərarından sonra müəyyənləşəcək. Tələbələr isə bildiriblər ki, deyilənlərlə bağlı rəsmi qərar olana qədər aclığı davam etdirəcəklər.


Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə bildirir ki, Müstəqil Azərbaycan Universitetinə qanuni daxil olanlar başqa ali məktəblərə keçiriləcək, testdənkənar qəbul olunmuş 1700 nəfərin qəbulu isə qanunsuz sayılır.


1992-ci ildə qəbul olunmuş «Təhsil haqqında» qanun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) apardığı qəbul kampaniyasından sonra özəl ali məktəblərdə boş qalan yerlərə həmin ali məktəblərin özlərinin tələbə qəbul etməsinə imkan verirdi. 1995-ci ildə prezidentin verdiyi fərmana görə, tələbə qəbulunu ancaq TQDK aparır. Bu norma 2004-cü ilin iyununda qanunvericiliyə daxil edilib. Respublika Prokurorluğu qanunsuz tələbə qəbulu keçirən Müstəqil Azərbaycan və Beynəlxalq universitetlərə qarşı cinayət işi qaldırıb.