Mayın 15-dən talassemiyalı xəstələrə dərmanlar pulsuz veriləcək

Azərbaycan talassemiyanın ən çox yayıldığı ölkələrdəndir, Şəkil: Talassemiya İnformasiya Mərkəzi

Səhiyyə Nazirliyindən verilən məlumata görə, irsi qan xəstəliyi olan talassemiyadan Azərbaycanda 2000 uşaq əziyyət çəkir


Azərbaycan həm də talassemiyanın ən çox yayıldığı ölkələrdəndir. Ölkə əhalisinin hər 12 nəfərindən biri talassemiya daşıyıcısıdı. Mütəxəssislər deyirlər ki, daşıyıcılıq xəstəlik deyil, daşıyıcılar tam sağlam adamlardı. İki daşıyıcı ailə quranda isə xəstə uşağın doğulması riski 25 faiz olur. Daşıyıcı olan qan qohumlarının ailə qurması isə riski daha da artırır.


Rauf Muradov qan qohumu ilə ailə qurmasa da, onun övladlarından biri talassemiya xəstəsidi. O da, həyat yoldaşı da daşıyıcı olublar. Ancaq çoxları kimi, onlar da talassemiya daşıyıcısı olduqlarını bilmədən ailə qurublar. Rauf deyir ki, digər xəstə uşaqlar kimi, onun övladı da bu illər ərzində daha çox qan çatışmazlığından əziyyət çəkib:


«Oğlum əqli inkişafına görə, öz yaşıdlarını belə ötür, heç kimdən geri qalmır. Kompyuterlə, idmanla məşğul olur. Ancaq gərək hər 21 gündən bir vaxtlı-vaxtında ona qan vurulsun. Qan isə hələ də problem kimi qalır. Qan Bankının əldə etdiyi qan talassemiyalı xəstələrin tələbatının 50 faizini ödəyə bilmir. Halbuki bu bank 82 səhiyyə müəssisəsinə xidmət edir».


Rauf Muradov deyir ki, ona görə də valideynlər daha çox dindarlardan və orta məktəblərdən kömək gözləyirlər.


Talassemiya xəstələriylə bağlı bu vaxta qədər problemlərin olmasını Səhiyyə Nazirliyində də təsdiq edirlər. Ancaq nazirliyin baş hemotoloqu Çingiz Əsədov deyir ki, qan xəstəlikləriylə müalicəyələ bağlı dövlət proqramı təsdiq olunandan sonra bu ildən talassemiyalı xəstələr üçün pulsuz müalicəyə başlanılır.


Proqrama uyğun olaraq talassemiyalı xəstələrin müalicəsini dövlət üzərinə götürüb: «Müalicə dövlət büdcəsindən pulsuz maliyyələşdiriləcək. Bununla bağlı hazırda Səhiyyə nazirinin əmri icra olunur. Xəstəliyin müalicəsində istifadə edilən bahalı desferal dərmanıdır ki, büdcə hesabına artıq ölkəyə gətirilib. Hazırda tibb ocaqlarına paylanır. Qan köçürəndən sonra fəsadlar olmasın deyə, qanı köçürən bahalı filterlər də alınıb, xəstəxanalara paylanıb. Xəstələr bunlardan tam pulsuz istifadə edəcəklər».


Dövlət proqramını Nazirlər Kabineti bu ilin yanvarında təsdiq etsə də, icrası yubandığından talassemiyalı xəstələrin valideynlərini birləşdirən «Savab» Cəmiyyəti aprel ayında Səhiyyə Nazirliyinin qarşısında piket də keçirmişdi. Cəmiyyətdən verilən məlumata görə, xəstələrə pulsuz dərmanlar mayın 15-dən veriləcək.


Sözügedən xəstəliklə bağlı dövlət proqramı təkcə müalicəni deyil, xəstə uşaqların doğlmasının qarşısının alınmasını da nəzərdə tutur. Səhiyyə Nazirliyindən verilən məlumata görə, laborator avadanlıqlar alınandan sonra proqramın bu hissəsi də işə düşəcək.


Gələn il Bakıda tikiləcək Talassemiya Mərkəzində isə ailə quranlara talassemiya testindən keçmək təklif olunacaq. Amma bu proses başlayana qədər həkimlər gənclərə ailə qurmamışdan əvvəl ailə planlaşdırma mərkəzlərində müayinədən keçməyi təklif edirlər.