Bayram ərzaqlarının reydinə başlanılıb

Ən çox qablaşdırılma zamanı qaydalar pozulur

«Biz gücləndirilmiş iş rejiminə keçmişik. Həm pərakəndə, həm də topdansatış yerlərdə bayram ərzaqlarını araşdırırıq».

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı İmran Abdullayev «Azadlıq» radiosuna belə deyib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində satılan ərzaqların, xüsusilə də quru meyvələrin, qoz-fındığın düzgün saxlanılması, qablaşdırılması və satışı zamanı gigiyenik qaydalara riayətə nəzarət olunacaq:

«Daha çox Bakı və Sumqayıtda fəaliyyət göstərən satış mərkəzlərində araşdırma aparacağıq. Məhsullar havalanan və quru yerdə saxlanılmalıdır. Xüsusən də, qurudulmuş meyvələr nəm yerdə saxlandıqda, keyfiyyəti itir və insan həyatı üçün zərərli olur».

İ.Abdullayev deyir ki, ən çox qablaşdırılma zamanı qaydalar pozulur:

«Ərzaqları daha çox sellofan torbalarda qablaşdırırlar. Məlumdur ki, qida məhsulunu uzun müddət sellofan qabda və yaxud torbada saxlamaq olmaz. Çünki belə qablarda hava keçiriciliyi kəsilir və ərzaq keyfiyyətini itirir. Novruz bayramı ərəfəsində bakılılara müraciət edirəm ki, bayram ərzaqları alanda ehtiyatlı olsunlar».

İ.Abdullayev deyir ki, əgər reydlər zamanı saxlama müddəti keçmiş, keyfiyyətsiz, mənşəyi məlum olmayan yeyinti və məişət məhsulları aşkar edilsə, həmin məhsullar dərhal satışdan yığışdırılacaq.