Elnur Baimov redaksiya siyasətinin dəyişməyəcəyini deyir

Day.az-ın baş redaktoru Elnur Baimov

Day.az internet saytı öz fəaliyyətini bu il fevralın 25-də bərpa edəcək. Adı çəkilən saytın baş redaktoru Elnur Baimov «Azadlıq» radiosuna belə deyib.

O, saytın fəaliyyətini bərpa etdikdən sonra redaksiya siyasətinin heç bir dəyişikliyə uğramayacağını söyləyib:

«Həmin tərkiblə, həmin informasiya siyasətilə fəaliyyətimizi davam etdirəcəyik».

Elnur Baimov deyir ki, saytın fəaliyyətini müvəqqəti dayandırması texniki səbəblərlə bağlıdır. Amma o, hansı texniki səbəblərdən söhbət getdiyini açıqlamayıb.

E.Baimov niyə əvvəlcədən saytın oxucularına texniki nasazlıqlarla bağlı deyil, layihənin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat verildiyini də izah etmək istəməyib. Sadəcə onu deyib ki, bu da texniki qüsurlarla bağlıdır.

Saytın digər əməkdaşlarının «Azadlıq» radiosuna dediklərinə («Bizə dedilər ki, layihə bağlandı») gəlincə, E.Baimovun fikrincə, bu da anlaşılmazlıqdır.