Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:11

Əli Kərimlinin mühafizəçisinə 4 ay həbs


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədov barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, N Əhmədov Cinayət Məcəlləsinin 214.1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə açılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıb.

Verilən məlumata görə, mayın 16-da Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin təqdimatına baxıb və N.Əhmədov barəsində həbs- qətimkan tədbiri seçib.

Partiyadan bildirildiyinə görə, N.Əhmədov özünün vəkilini tələb etsə də, ona dövlət hesabına başqa müdafiəçi təqdim olunub.​ "O, artıq 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb", - partiyadan qeyd ediblər.

14 il həbs…

AXCP ittihami qurma sayır. N.Əhmədovun ictimai əsaslarla AXCP sədri Əli Kərimlinin mühafizəçisi olduğu deyilir.

Həmin maddə üzrə şəxsə 10 ildən 14 ilə kimi həbs nəzərdə tutulur.

Hələlik, bu açıqlamaya Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq rəsmi qurumlar, bir qayda olaraq, insanların dinc siyasi fəaliyyətlərinə görə həbs olunması haqqında deyilənləri qəbul etmirlər.

İnzibati həbs müddəti mayın 15-də başa çatırdı…

Aprelin 16-da AXCP üzvü N.Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu.

AXCP onun həbsini partiyaya qarşı təzyiq kimi qiymətləndirirdi. Partiyadan onun həbsdə işgəncələrə məruz qalması ilə bağlı məlumatlar aldıqlarını açıqlayıblar. Amma rəsmi qurumlar onun işgəncəyə məruz qalması ilə bağlı iddiaları təsdiqləməyiblər. Rəsmilərin vurğulamasına görə, ölkədə məhkəmələr müstəqildir və heç kim dinc siyasi fəaliyyətinə görə basqılara məruz qalmır.

N.Əhmədovun bir aylıq inzibati həbs müddəti mayın 15-də başa çatsa da, o, sərbəst buraxılmamışdı.

Martın 24-dən koronavirus pandemiyası ilə bağlı Azərbaycanda karantin rejimidir.

XS
SM
MD
LG