Mehriban Zeynalova: «Sığınacaq gərək onda dolub-daşa...»
Bugünlərdə yazıçı-jurnalist Kəramət Böyükçölün həyat yoldaşı Çinarə Böyükçölə (o, artıq Böyükçöl ləqəbindən imtina edib – A.R.) qarşı zorakı davranışı haqda məlumatlar geniş etirazlara səbəb oldu. Eyni zamanda, Azərbaycanda qadına qarşı zorakılığı yenidən gündəmə gətirdi. Çarəsiz qalan qadınlara dəstək duracaq qurumların, demək olar, olmadığı üzə çıxdı. Bu səbəbdən dəstək bir az uzaqlardan – Avropada yaşayan xanımlardan gəldi. Hərçənd gənc qadının müraciət etdiyi ilk ünvan Bakıda fəaliyyət göstərən «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyi olub.
AzadlıqRadiosu Çinarəylə danışa bilməsə də, burda qarşılaşdığı münasibət KİV-də, sosial şəbəkələrdə az tənqid edilməyib.
«Təmiz Dünya»nın sədri Mehriban Zeynalovanın sözlərinə görə, sığınacağa böyük təhlükə ilə üzləşən, dəstəyi olmayan insanları qəbul edirlər: «Hamını qəbul etsək, gərək onda sığınacaq dolub daşa...».
O, ailədə zorakılıqla qarşılaşan gənc qadına hüquqi, psixoloji yardım göstərildiyini qeyd edib: «O xanımı biz qəbul etdik. Ona qarşı kobudluq olmuşdu, amma təhlükə yox idi. Bizi qeyri-peşəkar kimi qələmə vermək istəsələr də, orda başqa məsələ vardı. O, uşaqları ər evində qoyub gəlmişdi. Heç kimə burda olduğunu deməmişdi. Atasının, qardaşının telefonuna cavab vermirdi. Bunu da polisə, axtarışa verəcəkdilər. İki uşaqla bağlı analıq məsuliyyəti var, o gedəndə məlumat verməlidir ki, körpələrlə bağlı tədbir görülsün. Bəzi nüanslar var, açıqlamaq istəmirəm. Bu söhbət elə sığınacaqda da qalmalıdır. Ancaq hüquqşünas ona başa saldı ki, uşaqları indi götürməsə, sonra məhkəmə yolu ilə ala biləcək. Ondan sonra telefonu açaraq qardaşı ilə danışdı, ondan dəstək aldıqdan sonra uşaqların dalınca getdi».
Çinarə qardaşı evindədir. Mətbuata danışmaq istəmir. Amma yaxınlarının dediyinə görə, gənc qadın psixoloji gərginlik içindədir.
«Fond lazımdır»
Çinarənin timsalında işgəncə görən qadınlara dəstək isə bir qrup xanımdan gəldi. Azərbaycanda şiddətə məruz qalıb köməksiz vəziyyətə düşən qadınlara yardım məqsədilə təşəbbüs qrupu yaradılıb. Qrup Günel Mövlud, Günay Mustafayeva, Gülnarə Mehdiyeva, Səmra Sədrəddinli və başqalarının təşəbbüsü ilə formalaşıb.
Qadınlara maddi yardım göstərilməsi üçün bank hesabı açılıb. Bundan başqa, zorakılıqla üzləşən qadınlara hüquqi, psixoloji və s. yardımlar da ediləcək. Hər ay ortaq hesaba göndərilən pulun köməyi ilə belə qadınlara dəstək göstəriləcək. Amma ən başlıcası, pulsuz hüquqi yardım, mühasibatlıq, həmçinin evsiz qalanlara könüllü olaraq öz evini təklif etməklə dəstək olanlar da var.
Təşəbbüs qrupunun müraciətində deyilir ki, bu yardımları institutlaşdırmaq, sistemləşdirmək qərarına gəliblər: «O qadınlara birdəfəlik yardım lazım deyil, hər ay xırda bir məbləğ yardım edə biləcəyimiz bir fond lazımdır».
Qrupun üzvlərindən Gülnarə Mehdiyeva AzadlıqRadiosuna deyir ki, kampaniya hələ bir neçə gündür başlayıb, indilik digər zərərçəkənlərdən müraciət almayıblar: «Maddi yardım vəkil tutmağa, ilkin maddi yardıma, yemək və digər xərclərə gedəcək. Eyni zamanda, bir çox könüllü insanlar var ki, pulsuz psixoloji dəstək və digər köməyi etməyə hazır olduqlarını bəyan ediblər».
Dövlət Komitəsi: «10 mərkəzdən ikisi fəaliyyət göstərir»
Rəsmi qurumlar ailədə zorakılıqla üzləşən qadınlara hansı dəstəyi göstərir və ya göstərməlidir? AzadlıqRadiosu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bəzi suallar ünvanlayıb. Yazılı verilən cavablar çox ümumidir, ancaq görünən odur ki, görüləsi çox iş var.
Beləliklə, ilk sual: Ailədaxili zorakılığa, qadınların döyülməsinə, təhqir olunmasına son qoymaq üçün ilk növbədə hökumət hansı işləri görür, onlara hansı dəstək göstərilir?
Komitənin cavabında deyilir ki, məişət zorakılığının önlənməsi üçün yerlərdə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Qrup icra başçılarının sərəncamına əsasən formalaşır, yerli icra orqanları, bir sıra nazirliklərin təmsilçilərindən ibarət olur. Rəsmi qurum bu monitorinq mexanizmini «etibarlı» sayır. Bu qrupların riskli ailələri müəyyən etdiyi və dəstək göstərdiyi, zorakılıq qurbanlarının müdafiəsini və yardımlarla təminatını əlaqələndirdiyi bildirilir.
Qeyd edilir ki, zorakılıq halı baş verdikdə rayon icra hakimiyyətində komissiya iclası keçirilir və ailədəki vəziyyət müzakirə olunaraq Komitənin iştirakı ilə ailəyə səfər edilir.
Bu işlər yetərli sayıla bilərmi?
Komitədən buna cavab olaraq deyirlər ki, zorakılıq hallarının aşkarlanması üçün qaynar xətlərin, sığınacaqların yaradılması və multidissiplinar komanda heyəti ilə təmin edilməsi önəmlidir. Komitə hüquq-mühafizə orqanlarında, yerli icra hakimiyyətlərində və məhkəmələrdə psixoloq və sosial işçi ştatlarının yaradılmasını vacib sayır.
«Qanunda məişət zorakılığından zərər çəkən şəxslər üçün dövlət və qeyri-dövlət yardım mərkəzlərinin yaradılması, xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulub», – rəsmi cavabda bildirilir.
Qadınların hələ də üz tutacağı sığınacaqlar, demək olar, yoxdur. Bu cür sığınacaqların yaradılmasına nə mane olur?
Komitədən deyilir ki, «Məişət zorakılığının qarşısının alınması haqqında» Qanunda zərərçəkənlər üçün dövlət və qeyri-dövlət yardım mərkəzlərinin yaradılması, xüsusi proqramların gerçəkləşməsi nəzərdə tutulub: «10 akkreditasiyadan keçmiş qeyri-dövlət yardım mərkəzi olsa da, onlardan yalnız ikisi davamlı olaraq fəaliyyət göstərir».
Bu sığınacaqlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzarət edir.
«Oğlum o travmanı almalıydı, sonra boşanmalıydım?..»
25 yaşlı Ayşən Ağayeva 20 yaşında qaçırılmış və 12 ildən artıq ər əziyyətinə dözmüş anasının əhvalatını danışır. Deyir ki, atasının anasını sevdiyi haqda çox eşitsə də, ağlı kəsəndən başqa mənzərənin şahidi olub, atası anasını incidib, döyüb, söyüb, bir də fiziki, mənəvi yaralar, göz yaşı görüb. Bir yandan da anası kənardakıların töhmətiylə üzləşib, atasını sevmədiyinə görə qınanıb. Elə ayrılandan sonra da bu çətinliklərə dözmədiyinə görə az irad eşitməyib.
«Əmim dedi ki, istəsəydin dözərdin. Amma o cür ailədə böyüyən uşaqların psixologiyası necə olur, hansı travmalarla böyüyür?», – bunu Ayşənin anası Yaqut Səfərova özü deyir.
«Oğlum anadan olanda sağlam doğulmuşdu, 4 kilo 600 qram idi. Yoldaşımla ayrılanda 5 yaşına keçmişdi. Sonradan onda əsmələr başladı. Həkimə apardım, uşağın sudurğa keçirdiyini dedilər, onun beynində qıcıqlanma gedirdi. Buna «sonradan qazanılmış travma» deyirlər. Evdə dava-qırğın, bir neçə dəfə atasının bıçaq çəkdiyini görmüşdü. Bu da ona təsir göstərmişdi», – xanım Səfərova danışır. Deyir ki, oğlu ilə bağlı həkim rəyini alandan sonra boşanma haqda qərarını qətiləşdirir: «Düşündüm ki, bunu uşaqlarıma yaşatmağa heç bir haqqım yoxdur».
Düzdür, boşandıqdan sonra həyatının güllük-çiçəklik olmadığını, keçmiş ərinin hədə-qorxularının davam etdiyini söyləyir. Bu üzdən Bakıya köçür. Ən böyük dəstəyi anası olur, ayda 150 manat təqaüd alan ana təqaüd kartını ona verir. İlk işi oğlunun müalicəsi olur, 6 il davamlı müalicə alır. Paralel olaraq yarımçıq qalan təhsilini davam etdirir. Qaçırılanda ali məktəbin ikinci kursunda oxuyurmuş. Amma dediyinə görə, yoldaşı ondan icazəsiz sənədlərini geri alıbmış.
Pedaqoji təhsili başa vurur, repetitorluq edir, kurslara gedir. Bir ildən çox 200 manat maaşa mühasib köməkçisi işləyir, mühasibatlığı öyrənir. 8 ilə yaxın mühasib işləyir. Amma bir gün... Yenidən işsiz qalır. Uzun zaman yaş məhdudiyyətinə görə iş tapa bilmir. 45-yaşlı xanım yeni proqramlar öyrənməyə başlayır və bunun sayəsində hotellərdən birində yenidən mühasib düzəlir. O, indi 47 yaşında isə ingilis dili öyrənməyə başlayıb, yenə də uşaqlara görə...
«Kirayədə, balaca bir otaqda yaşamışıq, amma həyatımızda hüzur vardı. İndi də düşünürəm, oğlum o travmanı almalıydı, sonramı boşanmalıydım? Mən əvvəldən də boşana bilərdim... Ayşənin sosial şəbəkədə yazdıqlarını oxuyandan sonra ağlamışam. Daha sonra qızımdan da, oğlumdan da üzr istəmişəm. Demişəm, bağışlayın, keşkə vaxtında boşanaydım», – ana deyir.
«Bacarmayanlar da var»
İki övladı üçün çalışıb-çabalayan anaya o zaman rəsmi qurumlar hansı yardımı göstərib? Y.Səfərova deyir ki, bu onun yaralı yeridir, belə qadınlara mütləq dəstək olmalıdır: «Özümün də, uşaqların da allergiyası var. İmkanım 100 manatlıq ev tutmağa çatıb, kifli, nəmli həyət evində yaşamışıq. Kif uşaqları vurmasın deyə, gecə yarısı işdən gəlib onu yuyucu vasitələrlə yumuşam. Həmin vaxt dəfələrlə özümün, uşaqların səhhəti, evimin olmaması haqqında prezidentə, Mehriban xanıma, hər yerə yazmışam. 12-13 ildir kirayədəyəm. Əlbəttə, dəstək olmalıdır. Belə kömək olsa, qadınlar da ayaq üstdə durar, əzilməzlər, bataqlığa düşməzlər. Mən çətinliklə də olsa, öhdəsindən gəldim. Qızım artıq ailə qurub, oğlum Türkiyədə oxuyur. Amma bacarmayanlar da var...».
Ayşən Ağayeva isə düşünür ki, ailədə zorakılıqla üzləşən qadınlara pulsuz psixoloji və hüquqi yardım göstərilməlidir: «Tənha analara maddi yardım edilməlidir. Bir çox ölkələrdə bu təcrübə var, bizdə də olsun. Olsun ki, qadınlar bir qarın çörək üçün, özlərini sahibsiz hiss etdikləri üçün hansısa manyaka dözməyə məcbur qalmasınlar. Əsas da polis, məhkəmə sistemlərinə tapşırıq verilməlidir ki, ailədə şiddətə məruz qaldığı üçün qadınlar müraciət edəndə onlara el ağbirçəkliyi edib mənasız məsləhətlər verilməsin. Qadının şikayəti də, təhlükəsizliyi də təmin olunsun. Şiddət göstərən kişilər isə qanun çərçivəsində cəzalandırılsın».
«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hesab edir ki, ailədə zorakılıqla üzləşənlərlə əvvəlcə profilaktik iş görülməlidir: «Sosial iş düzgün qurulsa, evdə o problemlərin, xüsusən də zorakılığın qarşısını vaxtında almaq olar. Türkiyədə əhalinin sayına uyğun 160-dan çox sığınacaq, danışma mərkəzləri də var. Əvvəlcədən problemi dinləyir, təzyiq varsa, vətəndaşı sığınacağa yönləndirirlər. Təzyiq yoxdursa, sosial iş aparılır. Daimi iş o ailədəki vəziyyəti dəyişdirməyə imkan yarada bilər».
O, Azərbaycanda da belə mərkəzlərin yaradılmalı olduğunu düşünür.