Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Z.Oruc: 'Cümhuriyyət ideallarını Heydər Əliyev xilas etdi'


Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev və Sov.İKP MK-nın Baş Katibi Leonid Brejnev. 1982
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev və Sov.İKP MK-nın Baş Katibi Leonid Brejnev. 1982

Düz 102 il əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti yaradıldı.

İstiqlal Bəyannaməsində Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edildi. Bəyannamədə qeyd olunurdu ki, Azərbaycan xalqı suveren hüquq daşıyıcısıdır və o, tamhüquqlu, müstəqil dövlət elan olunur.

AXC milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edib. Müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnu tanıyıb.

AXC mövcud olduğu 23 ay ərzində bir sıra qanunlar qəbul edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib, Azərbaycanda ilk universitet yaradılıb.

Bugünkü Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Cümhuriyyətin layiqli davamçısı hesab oluna bilərmi?

Z.Oruc
Z.Oruc

"Əbülfəz Elçibəy nə qədər arzu etsə də..."

Deputat, Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirir ki, Azərbaycan Cümhuriyyətinin yaradılması ölkə tarixinin şərəfli bir səhifəsidir. Onun sözlərinə görə, 102 il əvvəl Azərbaycan Qafqaz arealında siyasi bir subyekt kimi var olduğunu dünyaya sübut etdi.

"Bu, bizim müstəqil dövlətçiliyimizin başlanğıcı oldu və onun bütün atributlarının formalaşdırılması yönündə Cümhuriyyət qurucuları böyük fədakarlıq göstərdilər", - deputat deyir.

Z.Oruc hesab edir ki, Azərbaycan daha sonra Sovetlər Birliyinin tərkibində olduğu dövrdə də özünün dövlətçilik baxışlarını, institutlarını və fundamentini daha da möhkəmləndirdi: "Əlbəttə, keçən əsrin 20-ci ilindəki işğal bizim dövlətimizin həyatını dəyişdi, lakin bununla bərabər Sovetlər Birliyinin zamanındakı mövcüdluğumuzun və bütün bu tarixi nailiyyətlərimizin üzərindən xətt çəkmək çox yanlışdır. Xüsusilə də sosial-mədəni nailiyyətlər, insanlarımızın savadlanması, həmçinin ölkənin bütün bölgələrinin köklü şəkildə kənd olaraq qurulması, şəhərləşmə prosesi və digər addımlar deməyə əsas verir ki, Sovetlər zamanında da Azərbaycan dövlətçilik atributlarını möhkəmləndirə bilib. Məhz onun sayəsində Cümhuriyyət qurucularının ideallarını ikinci dəfə keçən əsrin sonunda Heydər Əliyev xilas etmiş oldu".

Respublika günü belə qeyd olundu
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Deputat hesab edir ki, Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski və digər qurucu insanların ideallarını XX əsrin sonunda xilas etməsəydi, Azərbaycan bunu yenə yalnız tarixi hadisə kimi dəyərləndirməkdən o yana keçə bilməyəcəkdi.

"Heydər Əliyevdən öncə özünü ruh, mental, dünya baxış sisteminə görə Rəsulzadəyə daha yaxın sayan Əbülfəz Elçibəy nə qədər də arzu etsə də, faktiki olaraq xilaskara çevrilə bilmədi. Bugün Azərbaycan özünün siyasi əsaslarına görə Cümhuriyyət dövrünə ehtiramını göstərməklə bərabər XXI əsrdə prezident İlham Əliyevin rəhbərliyi altında Şərqdə yeni modern cəmiyyətdən, daha güclü şəkildə dəyişmiş, möhkəmlənmiş yeni bir dövlətdən danışa bilər. Cənab prezidentin belə bir ifadəsi mövcuddur ki, Cümhuriyyət qurucuları indi sağ olsaydılar, hazırkı dövlətimizə görə sevinərdilər".

A.Hacılı
A.Hacılı

"Bu, Cümhuriyyət dəyərlərinə uyğun bir yol deyil"

Müsavat Partiyasının başqanı Arif Hacılı isə hesab edir ki, hüquqi baxımından bugünkü Azərbaycan Respublikası Cümhuriyyətin davamıdır: ​"1991-ci ilin 18 oktyabrında biz Azərbaycanın müstəqilliyini bərpa edərkən ilk cümlə olaraq müasir Azərbaycan Respublikasının məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmişik. Həmin müddəalar sonradan Azərbaycan Respublikasının Konstitusiyasına da daxil olub. Ancaq real olaraq, xüsusilə 1993-cü ilin qiyamından sonrakı hakimiyyətin apardığı siyasət nəticəsində bugünkü Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğuna iddia edə bilmirik".

A.Hacılının sözlərinə görə, 102 il bundan əvvəl yaranmasına baxmayaraq, dünyada mövcud digər dövlətlərlə müqayisədə Azərbaycan Xalq Cümhuriyyəti insan haqlarına əsaslanan, hakimiyyət bölgüsünü həyata keçirmiş, demokratik seçkilər keçirən bir dövlət idi.

Azərbaycan tarixində kimi ən böyük şəxsiyyət hesab edirsiniz?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

"Azərbaycan Xalq Cümhuriyyəti ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin qurulması istiqamətində durmadan fəaliyyət göstərirdi. Təəssüf ki, 1993-cü ildən sonra yaranmış hakimiyyət Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini davam etdirmədi, Cümhuriyyət dəyərlərinin bəzən açıq, bəzən gizli olaraq qarşısına çıxdı. Eyni zamanda, bugünkü hakimiyyətin tutduğu yol ölkədə avtoritar rejimin yaranması yoludur, bu, heç Cümhuriyyət dəyərlərinə uyğun bir yol deyil".

Partiya rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü respublikadan ərazi baxımından da fərqləndiyini, daha böyük ərazilərə sahib olduğunu vurğulayır.

"Azərbaycan Cümhuriyyəti yaranarkən dövlətin ərazisi 114 min kvadratkilometr idi. Sovet dövründə dövlət xeyli ərazisini itirdi və Azərbaycan müstəqilliyini bərpa edərkən 86.6 min kvadratkilometr ərazi ilə dünya birliyinin subyekti kimi tanındı. Hazırda bu ərazilərin də təxminən 15 min kvadratkilometri erməni-rus birləşmələrinin işğalı altındadır. Buna görə, həm ərazi baxımından, həm dövlət quruluşu və cəmiyyətin inkişafı baxımından, bugünkü Azərbaycan Respublikasına Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqi varisi deyə bilmərik", - A.Hacılı deyir.

Q.Məhərrəmli
Q.Məhərrəmli

"Gerçək varislik yoxdur"

Jurnalist, siyasi icmalçı Qulu Məhərrəmli AzadlıqRadiosunun "Azad söhbət" proqramına bu haqda sualı cavablandırıb. O, bugünkü respublikanın mənəvi, idarəçilik, demokratiyanın səviyyəsi, xalqın iradəsinin ifadəsi baxımından, AXC-nin mənəvi varisi olmamasına təəssüfləndiyini söyləyib. Onun qənaətincə, "gerçək varislik yoxdur".

"Ölkənin idarəçilik sisteminə baxaq. O vaxt parlamentli respublika idi… Biz indiki parlamentlə ovaxtkı Məclisi-Məbusanı müqayisə edə bilərik? Qətiyyən yox. Qərarların keyfiyyəti, hökumətin hesabatlılığı yoxdur", - Q.Məhərrəmli deyir.

AXC 1918-ci il mayın 28-də yaradılıb və 23 ay sonra XI Qırmızı Ordunun işğalı ilə süquta uğrayıb.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib və müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisi olduğunu bəyan edib.

28 May dövlət səviyyəsində qeyd olunur.

XS
SM
MD
LG