Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasına köçürüldüyü bildirilir. Bu barədə AzadlıqRadiosuna onun anası Leyla İsmayılova məlumat verib.
Ana deyir ki, oğlunun Bakı İstintaq Təcridxanasından köçürülməsindən sentyabrın 20-də xəbər tutub: "Son vaxtlar telefon zəngi hüququnu bərpa eləmişdilər, həftədə iki dəfə zəng eləyirdi. Şənbə günü zəng günüydü, amma eləmədi. Bazar günü də zəng gəlməyəndə narahat qaldım. Sonradan öyrəndim ki, oradan aparıblar".
"Deyilənə görə, yeni tutulan kimlərləsə üzləşdirəcəklər"
İsmayılovanın sözlərinə görə, öncə ona oğlunun ömürlük həbs cəzası almış məhkumların saxlandığı Qobustandakı qapalı həbsxanaya köçürüldüyünü deyiblər. Sonradan məlum olub ki, DTX-ya aparılıb: "Deyilənə görə, yeni tutulan kimlərləsə üzləşdirəcəklər. Amma dəqiq bilmirəm, çünki bizə rəsmi şəkildə heç bir məlumat verilməyib".
Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev də AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin köçürülməsi barədə ona rəsmi orqanlar heç bir məlumat verməyib. Vəkil hesab edir ki, bu, saxlanılan şəxsin hüququnun pozulmasıdır: "Çünki şəxsin öz yeri barədə ailə üzvlərinə, vəkilinə xəbər vermək hüququ var. Bu, cinayət-prosessual qanunvericiliyində də əksini tapıb. Təəssüf ki, bu norma bir çox hallarda pozulur. Bir çox hallarda tutulan şəxsdən günlərlə xəbər olmur. Nəticədə saxlanan şəxs oğurlanmış adama bərabər tutulur".
"Heç bir məlumat verilməyib"
Müdafiəçi bildirib ki, Səfərovun köçürülməsi haqda anasından məlumat alıb. Sonradan şəxsi kanalları vasitəsilə onun hara aparıldığını dəqiqləşdirməyə çalışıb: "Anası əvvəl dedi ki, deyəsən, Qobustana köçürüblər. Hökm qüvvəyə minməmiş onun icrası mümkün deyil. Yunis Səfərovun haqqında ömürlük azadlıqdan məhrumetmə hökmündən apellyasiya şikayəti verildiyinə görə qüvvəyə minməyib. Yalnız apellyasiya instansiyasının qərarından sonra qüvvəyə minəcək".
Vəkil Hacıyev əlavə edib ki, həbsdə olan şəxsin saxlandığı yerdən köçürülməsi üçün mütləq məktub, rəsmi qərar olmalıdır. Müdafiəçinin də həmin sənədlə tanış olmaq hüququ var: "Amma bizə köçürülmənin detalları, nə vaxt və hansı səbəbdən köçürülməsi barədə heç bir məlumat verilməyib".
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, məhkumların saxlandığı müəssisə, onların yerdəyişməsi barədə məlumatlar konfidensial informasiyalar hesab olunur. Bu barədə yalnız şəxsin ailə üzvlərinə məlumat verilir.
DTX-dan isə münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıb. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, sui-qəsdə günahlandırılan Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Səfərov isə bu iddianı məhkəmədə təkzib edib, sabiq icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.
Rəsmi məlumata görə, bundan sonra, həmin il iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.
Bu iki məsələ ilə bağlı mühakimə olunanlar (ümumilikdə 70-dən çox) Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi (qəsdən adam öldürməyə cəhd, terrora çağırış̧, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ilə ittiham olunub. Onlara müxtəlif illərə həbs cəzası verilib.
Bu il avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi Yunis Səfərovu isə ömürlük həbsə məhkum edib.