Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:22

'Yeni Klinika'nın baş həkiminə hökm oxundu


"Yeni Klinika"nın keçmiş direktoru Pərviz Abbasov. 2020
"Yeni Klinika"nın keçmiş direktoru Pərviz Abbasov. 2020

Bakıda pandemiya dövründə, əsasən, koronavirusa yoluxanların müalicə olunduğu "Yeni Klinika"nın keçmiş direktoru Pərviz Abbasova 8 il 6 ay həbs cəzası kəsilib. Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Abbasov koronaviruslu xəstələrin klinikaya yerləşdirilməsi üçün onların yaxınlarından rüşvət almaqda suçlu sayılıb.

Xəstələrin yaxınları ilə baş həkim arasında vasitəçilikdə suçlanan daha dörd nəfər də cəzalandırılıb. "Buta" klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və heç yerdə işləməyən Samir Mirzəyevin hər biri 8 il azadlıqdan məhrum edilib. "Avrasiya" klinikası və "Viola" MMC-nin meneceri Vüsalə Əliyevaya isə 2 il sınaq müddəti olmaqla, 8 il şərti cəza verilib. Əliyeva istintaq və məhkəmə dövründə də həbsdə olmayıb.

"Heç bir sübut yoxdur"

Hökmdən öncə son sözünü deyən Əliyeva hakimlərdən xahiş edib ki, himayəsində iki azyaşlı övladı olmasını, hazırda hamilə vəziyyətini nəzərə alsınlar, ona həbslə bağlı olmayan cəza verilsin: "Həyat yoldaşım təqaüdçüdür. Əvəz Hüseynov və Qalib Nəcəfov hər xəstəyə görə mənə faiz verəcəklərini demişdi, mən də imkanım olmadığına görə buna razılaşdım. Özümü qismən təqsirli bilirəm və hərəkətimə görə bir daha üzr istəyirəm".

Sabiq baş həkim isə son sözündə, ümumiyyətlə, özünü təqsirli bilmədiyini, klinikaya xəstə yerləşdirilməsi üçün heç kimdən rüşvət almadığını bildirib. İndiyədək müxtəlif xəstəxanalarda işlədiyini, Tibb Universitetində dərs dediyini vurğulayan Abbasovun sözlərinə görə, o, iş yerlərində də heç kimdən 1 manat rüşvət almayıb: "Rüşvət ittihamının mənə heç bir aidiyyəti yoxdur. Sübut kimi nişanlanmış pullar, telefon danışıqları və başqa faktlar ortaya qoyulmalıydı. Amma heç bir sübut yoxdur".

"O klinikadan heç kimi məhkəməyə çağırıb soruşmadılar ki..."

Abbasov əlavə edib ki, həbsindən bir gün sonra Baş Prokurorluğun onunla bağlı yaydığı videogörüntülər yanlışdır. Onun sözlərinə görə, həqiqətəuyğun olmayan görüntülərlə onun haqqında cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışıblar: "İstəyiblər hamı düşünsün ki, bu yolun adamıdır. Mənimlə birlikdə mühakimə olunanların heç birinin "Yeni Klinika" ilə əlaqəsi yoxdur. O klinikadan heç kimi məhkəməyə çağırıb soruşmadılar ki, nə var, nə yox...".

Təqsirləndirilən şəxslərin son sözündən sonra bir neçə dəqiqəlik müşavirədə olan hakimlər ardınca hökmü elan edib.

Abbasov hökmdən apellyasiya şikayəti verəcək.

2021-ci ilin aprelindən həbsdə olan Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib.

XS
SM
MD
LG