Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:01

Yasamal əməliyyatı: '8-yaşlı oğlumun gözü önündə təpikləyirdilər'


Yasamalda ailələr polis əməliyyatında evdə baş verənləri danışırlar
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Yasamalda ailələr polis əməliyyatında evdə baş verənləri danışırlar

Yeni Yasamalda polisə zibil atmaqda suçlanaraq həbs olunanlardan biri də Amil Mahmudovdur. Həyat yoldaşı Lalə Mahmudova AzadlıqRadiosuna danışır ki, onu da yarıçılpaq vəziyyətdə, azyaşlı oğlunun gözü önündə döyə-döyə aparıblar.

"8-yaşlı oğlumun gözü qarşısında atasının qolunu arxaya burub, yerə yıxdılar. Onu dayanmadan təpikləyirdilər, küçə sözləriylə təhqir edirdilər. Sürüyə-sürüyə, yarıçılpaq vəziyyətdə apardılar. Mən də onların arxasınca düşdüm. Pilləkənin aşağısında başımdakı örtüyü açıb, polislərə göstərdim ki, onkoloji xəstəyəm, azyaşlı oğlum var, evimizə qazanc gətirən ancaq odur. Polislər məni itələyib, "cəhənnəm ol" qışqırdılar", – L.Mahmudova belə deyir.

"Elə qışqırırdılar, uşaq qorxdu"

Onun sözlərinə görə, həyat yoldaşı günahsızdır. Deyir ki, iyunun 7-də səs-küy eşidib, evin eyvanına çıxıblar və polislərin bina sakinlərindən birini tutduğunu görüblər: "Polislər qonşuya zorakılıq etdiyinə görə bina sakinləri fitlə, səs-küylə etiraz etməyə başladılar. Polislərin bir nəfərin üstünə düşüb, güc tətbiq etməsi sakinlərdə qıcıq yaratmışdı. Biz də eyvandan baxmışıq".

L.Mahmudova deyir ki, ertəsi gün səhər saat 07:15 radələrində evin qapısı möhkəm döyülüb. Səsə yuxudan oyanıblar. Qapını da həyat yoldaşı açıb: "Dəbilqəli geyimdə, əllərində dəyənək olan 10 nəfərə yaxın polis mənzilə girdi. Elə qışqırırdılar, uşaq qorxdu. Bizim evdə də olanları videoya çəkirdilər".

L.Mahmudova baş verənlərlə əlaqədar Yasamal rayonunun prokuroru İlqar Abbasova şikayət məktubu göndərib. O, məktubunda həyat yoldaşının qanunsuz həbs olunduğunu vurğulayıb, onun döyülməsi ilə bağlı araşdırma aparılmasını, günahkarların cəzalandırılmasını istəyib.

"İşgəncə verən, mənzilimə qanunsuz daxil olan polislərin hərəkətinə ayrıca icraata baxılmasını xahiş edirəm. Həmçinin, azyaşlı övladımın təqsirkar polislərin hesabına tam tibbi müayinədən keçirilməsi təmin olunsun", – prokurora belə yazıb.

A.Mahmudov haqqında inzibati həbs qərarından da apellyasiya şikayəti verilib.

DİN 11 nəfərin saxlandığını deyirdi

Daxili İşlər Nazirliyinin Yeni Yasamaldakı insidentlə bağlı yaydığı rəsmi açıqlamada deyilir ki, iyunun 7-də karantin rejiminə nəzarət edən polis əməkdaşları yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. Həmin vaxt binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üstünə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

"Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir", - nazirliyin məlumatında qeyd olunub.

AzadlıqRadiosunun iyunun 9-da müsahibə aldığı şəxslər isə yaxınlarının qanunsuz olaraq saxlandığını deyirdilər. Saxlananlardan biri – Kərim Süleymanlı dünən buraxılıb.

XS
SM
MD
LG