Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:32

Xədicə İsmayılın şikayəti təmin olunmayıb


Xədicə İsmayıl
Xədicə İsmayıl

Sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın şikayətinə baxılıb.

Apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinin bu il avqustun 9-da onun barəsində olan sınaq müddətinin ləğv olunmaması və onun qüvvədə saxlanması haqqında qərarından verilib.

Məhkəmədə jurnalistin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov bir neçə vəsatət qaldırıb.

Vəsatətlərdən biri hakimin səlahiyyətləri əsasında Konstitutsiya Məhkəməsinə müraciət edilməsi ilə bağlı olub.

Vəkil hesab edir ki, cinayət məcəlləsinin 71.1( Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər) maddəsinin mahiyyəti problematikdir. Ona görə, bununla bağlı Konstitutsiya Məhkəməsinə sorğu göndərilməlidir.

Jurnalist Xədicə İsmayıl məhkəmədə vəkilin verdiyi vəsatətlə razılaşdığını söyləyib.

Onun sözlərinə görə apellyasiya şikayətinin verilməsində səbəb 1-ci instansiya məhkəməsinin verdiyi arqumentlərin yanlış olmasıdır.

Xədicə İsmayıl yekun olaraq məhkəmədən məhkumluğun üzərindən götürülməsini və sərbəst hərəkət azadlığının təmin olunmasını istəyib.

Hakim vəsatətlərlə bərabər Xədicə İsmayılın apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Jurnalist bundan sonra Ali Məhkəməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini deyib.

Xatırlatma

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.

Sonradan bu müddət 2 il 3 aya salınıb.

Jurnalist 2015-ci ildən sınaq müddətinin 4 ildən çoxunu çəkdiyini və indi qalan 9 aylıq müddətin ləğvini tələb edir.

Jurnalistlə Vergilər Nazirliyi arasında iki ilə yaxındır davam edən məhkəmə çəkişməsi də bu ilin avqustunda başa çatıb.

Avqustun 7-də Ali Məhkəmə də bu məsələyə baxaraq qərarını verib. Rahib Nəbizadənin sədrlik etdiyi hakimlər kollegiyasının qərarı Vergilər Nazirliyinin xeyrinə olub.

Vergilər Nazirliyinin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin üzərinə 45 min 145 manat 63 qəpik ödəmək öhdəliyi qoyub. Bu qərardan apellyasiya şikayəti verilsə də, nəticə dəyişməyib.

Xədicə İsmayıl bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG