Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:14

Xədicə İsmayıl: 'Anam buna görə mənə qadağa qoyub...'


Xədicə İsmayıl
Xədicə İsmayıl

Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi məsələsinə baxılıb. Bu, qadağa ilə əlaqədar jurnalistin üçüncü məhkəmə işidir.

X.İsmayıl xarici ölkələrdə keçirilən tədbirlərə dəvət olunsa da, gedə bilmir. Çünki o, 2016-cı ilin mayında həbsdən buraxılarkən ona verilən şərti cəza ilə əlaqədar 5 il sınaq müddəti təyin olunub. Bu müddətdə onun ölkədən çıxışı yasaqlanıb. Jurnalist hər dəfə xaricdə tədbirlərə dəvət və başqa əsaslarla məhkəməyə müraciət edib, qadağanın müvəqqəti də olsa, götürülməsini istəsə də, ona «yox» deyilir. Bir müddət öncə Binəqədi Rayon Məhkəməsi X.İsmayılın üçüncü müraciətini də təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

***Buna da bax-Vergilər Nazirliyinin AzadlıqRadiosu ilə bağlı ziddiyyətli qərarları

Yanvarın 30-da məhkəmədə X.İsmayıl çıxış edərək, şikayətini əsaslandırıb. Qərarın qanunsuz və əsassız olduğunu deyən jurnalistin sözlərinə görə, Binəqədi Rayon Məhkəməsi bu qərarla ona həm də maddi ziyan vurub – 12 min avro gəlirdən məhrum edib. Çünki Stokholm İqtisadiyyat Məktəbi ona bir aylıq dərs demək üçün müqavilə təklif edib. Amma bu qadağa üzündən razılaşmanı imzalaya bilməyib.

«Mənimlə bağlı bu fikir nədən qaynaqlanır?»

X.İsmayıl sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinə iş təklifinə görə qadağanın götürülməsi üçün müraciət edib və məhkəmə prosesinin gedişində jurnalistə layiq görüldüyü «Alternativ Nobel Mükafatı» – «Dürüst Həyat» mükafatının təqdimat mərasiminə dəvət gəlib. Jurnalist deyir ki, bu dəvəti də məhkəməyə təqdim edib, amma ona əhəmiyyət verilməyib.

«Bu qərarlar həm də mənim təqsirsizlik prezumpsiyası hüququmun pozulmasıdır. Yazırlar ki, mənimlə bağlı ölkədən gedib-qayıtmamaq ehtimalı var. Nəyə əsaslanır bu ehtimal? Mənimlə bağlı bu fikir nədən qaynaqlanır? Bu haqda heç bir əsaslandırma yoxdur», – jurnalist belə deyib.

***Buna da bax-'AzadlıqRadiosu mənfəət vergisi ödəyicisi ola bilməzdi'

Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

X.İsmayıl AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kasasiya şikayəti verəcək. Jurnalist ölkədən çıxışı ilə əlaqədar anası Elmira İsmayılovanın ona qoyduğu qadağadan da danışıb: «Anamın səhhətində problem var və Türkiyədə müalicə olunur. Amma çıxışıma qadağanın bu əsasla götürülməsi üçün məhkəməyə müraciət etməyi mənə qadağan edib. Deyir ki, bunlar insanlıq duyğusundan məhrumdurlar, onsuz da belə hissləri başa düşən deyillər...».

Xatırlatma

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilirdi. Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edirdi.

***Buna da bax-Xədicə İsmayılın bank hesabına həbs götürülmədi

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. İttiham olunduğu digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

X.İsmayıl həbsdən çıxdıqdan sonra jurnalist araşdırmalarına görə bir neçə nüfuzlu mükafata layiq görülüb.

Sentyabrda o, iki nüfuzlu mükafat alıb. Sentyabrın 26-da X.İsmayıl «Nobel mükafatına alternativ» - «Dürüst Həyat» (Right Livelihood) laureatı adını qazanmışdı.

Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi «Allard» mükafatının qalibi də X.İsmayıl elan edilib.

Jurnalistin bank hesabı noyabrın 14-də dondurulub.

Azərbaycanda hazırda 13 jurnalistin həbsdə olduğu, daha 15 nəfərin ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Hakimiyyət təmsilçiləri isə heç bir jurnalistin peşə fəaliyyətinə görə cəzalandırılmadığını bildirirlər.

XS
SM
MD
LG