Ən çox tələbə Böyük Britaniyaya göndərilib
Təhsil Nazirliyinin 2015-ci ilin yekunlarına dair hesabatında deyilirdi ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" çərçivəsində toplam 3 min 558 nəfər tələbəyə təqaüd verilib. Həmin sənəddə qeyd edilirdi ki, ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafı üçün azərbaycanlı gənclərin prioritet – öncəlikli sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında oxuması təmin ediləcək. Proqram çərçivəsində 5 min azərbaycanlı gəncin xaricdə təhsil alması nəzərdə tutulurdu. Yekun nəticələr göstərir ki, proqram əvvəldən nəzərdə tutulan göstəricinin yalnız 71 faizinə nail ola bilib. Həmin proqrama ən az qəbul fəaliyyətinin ilk ilində qeydə alınıb – 66 nəfər. Ən yüksək göstərici isə 2013-cü ildə qeydə alınıb – 787 nəfər.
Sözügedən proqramı Dövlət Neft Fondu maliyyələşdirib. Həmin fondun hesabatlarından aydın olur ki, proqramın icrasına 212 milyon 600 min manat xərclənib. Bu vəsait hesabına proqrama seçilən şəxslərin təhsilhaqqı, yaşayış (yataqxana və qidalanma), yol, sığorta və digər xərcləri ödənilib.
Proqram çərçivəsində Azərbaycan gənclərinin təhsil üçün ən çox üz tutduğu ölkə Böyük Britaniya olub (960 nəfər). İlk üçlükdəki digər iki ölkə Türkiyə (731 nəfər) və Almaniyadır (409 nəfər).
Cədvəl: Dövlət proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ölkələr üzrə sayı – ilk 10
|
Ölkələr |
Oxumağa göndərilənlərin sayı (nəfər) |
1 |
Böyük Britaniya |
960 |
2 |
Almaniya |
731 |
3 |
Türkiyə |
409 |
4 |
Kanada |
239 |
5 |
Niderland |
173 |
6 |
Rusiya |
125 |
7 |
İsveçrə |
104 |
8 |
Fransa |
101 |
9 |
ABŞ |
97 |
10 |
Avstraliya |
84 |
Tələbələr xaricə ən çox iqtisadiyyatla bağlı sahələrdə təhsil almaq üçün göndərilib
Xaricdə təhsil dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilən tələbələrin əksər hissəsi – 43.3 faizi magistratura səviyyəsində oxumağa göndərilib. Bakalavr təhsilinə proqrama seçilən tələbələrin 35.7 faizi yollanıb. Yerdə qalan tələbələrsə proqram çərçivəsində ali təhsilin digər pillələrində - aspirantura, ordinatura, rezidentura və doktorantura sahələrində təhsil alıblar. Buraya, əsasən, tibb təhsili alan tələbələr daxil olub.
Həm magistr, həm də bakalavr təhsili alması üçün xarici ölkələrə göndərilən tələbələr ən çox iqtisadiyyatla bağlı sahələrdə oxuyublar. Xarici ölkə universitetlərində magistratura pilləsində oxuyanların əksər hissəsi iqtisadiyyat və idarəetmə (722 nəfər), sənaye (138 nəfər), hüquq (120 nəfər), informasiya və kommunikasiya texnologiyaları (118 nəfər) sahələrində təhsil alıblar.
Bakalavr pilləsində də təhsil alanların tən yarısı (50.5 faiz) iqtisadiyyat və idarəetmə ilə bağlı istiqamətlərdə oxuyub. Növbəti yerlərdə sənaye (9.7 faiz), hüquq (8.4 faiz) və informasiya texnologiyaları (8.3 faiz) qərarlaşıb.
Hər 7 tələbədən biri məzun ola bilməyib?
Təhsil Nazirliyinin proqramın icrası ilə bağlı sonuncu açıqlamasında qeyd edilib ki, indiyədək 3 min nəfərədək təqaüdçü təhsilini başa vurub. Proqrama daxil olan 32 nəfər indi də təhsilini davam etdirir. Onlardan 28 nəfər öz vəsaiti hesabına, dörd nəfərsə Neft Fondunun vəsaiti hesabına oxuyur. Nazirliyin açıqlamasından məlum olur ki, proqram çərçivəsində təqaüd verilən 3 min 558 nəfərin 500-ündən çoxu təhsilini başa vura bilməyib. Bu isə proqrama qatılan bütün tələbələrin təxminən 15 faizi deməkdir, yəni təxminən hər 7 nəfərdən biri.
Oktyabr ayında "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" prezident sərəncamı imzalanıb. Təhsil naziri bu məsələni şərh edərkən bildirmişdi ki, yeni proqram çərçivəsində hər il 300-400 tələbənin xarici universitetlərə göndərilməsi nəzərdə tutulur.