Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Xəzərdə çimmək ildən-ilə çətinləşir


Mərdəkan çimərliyi. Foto arxiv
Mərdəkan çimərliyi. Foto arxiv

"İki il qabaq dənizə getmişdik, Hövsan tərəfə. Suda nə yox idi?! Kanalizasiya birbaşa ora axıdılmışdı. Ondan sonra çimərliyə getməməyə söz verdim. Hər cür xəstəliyə yoluxmaq olar orda", – çimərliklərin natəmizliyindən danışan Bakı sakini Gülər Əhmədova belə deyir.

"Dənizə getmək lazımdır. Onun qumu da, suyu da dərmandır, min cür xəstəliyə dərmandır. Qaldı çirkliliyə, onda gərək evimizə gələn Kür suyunu da içməyək", – bunu da 21-yaşlı Bahadır Zamanov deyir.

Yaxın günlərdə Azərbaycanda çimərlik mövsümünün başlanması gözlənilir. G.Əhmədova kimi xəstəliyə yoluxmaqdan ehtiyatlanıb dənizə getməməyə çalışan da var, "yayda dənizə necə getməyəsən", - deyə heç nəyə baxmadan çimərlik mövsümünü açmağa hazırlaşanlar da.

Çimərlik
Gözlə
Embed

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

Sahil, Şıx, Hövsan, Türkan...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 1-də çirklənmiş çimərliklərin adlarını açıqlayıb. Qurum Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsini tövsiyə etmir.

"Burada həddən artıq bakterioloji çirklənmə var, bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər", – nazirlikdən bildirilir.

Bununla belə, Novxanı, Sabunçu, Nardaran və Zağulba ərazisindəki çimərliklərin istifadəyə yararlı olduğu, digər ərazilərdə isə monitorinqlərin davam etdiyi qeyd olunur.

Hər il monitorinq nəticəsində müəyyənləşdirilmiş yararlı və yararsız çimərliklərin siyahıları dərc olunur. İldən-ilə yararsız çimərliklər çoxalır. Bəs problem niyə həll olunmur?

Lənkərandakı qadın çimərliyi: 'Kişilər bura niyə keçir axı?'
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

"15 gündən bir..."

"Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiqlənməsi haqqında Prezidentin sərəncamına əsasən, çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili təmin edilməlidir. Bundan əlavə, ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsi təmin edilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Turan"a bildirilib ki, mayın 17-dən etibarən qurum Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıb. 15 gündən bir keçirilən monitorinqlərin məqsədi çimərliklər ərazisində dəniz suyunun keyfiyyətinin müəyyən olunmasıdır.

Qurumdan deyilir ki, çirklilik səviyyəsi laborator tədqiqatlar nəticəsində müəyyənləşdirilir: "Hər il çimərliklərdən su və qum nümunələri götürülür, həm fiziki-kimyəvi, həm də mikrobioloji təhlillər aparılır. Alınmış nəticələrə uyğun olaraq biz çirklənmə səviyyəsini müəyyən edirik".

Zığ Gölündə çimənlər azalmır - xəbərdarlıq olsa da
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

"Fərdi evlərin kanalizasiyası... Xəzərə axıdılır"

Nazirlikdən Buzovna, Hövsan, Şıx çimərliklərində kanalizasiya sularının birbaşa Xəzərə axıdılması ilə bağlı faktlar aşkarlandığı da bildirilir: "Aidiyyəti qurumlar qarşısında bununla bağlı məsələlər qaldırılıb. Bunu təkcə nazirliyin üzərinə yıxmaq olmaz. Bəzi ərazilərdə, məsələn, Buzovna ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən fərdi evlərin kanalizasiyası drenaj kanalına qoşularaq Xəzər dənizinə axıdılır və dənizin çirklənməsi baş verir".

ETSN-dən bildirilir ki, çirkab suların idarə olunmasına cavabdeh qurum kimi məsuliyyət "Azərsu" ASC-nin üstünə düşür. Nazirlik dəfələrlə bu hallarla bağlı cavabdeh qurumlar qarşısında tələb qoyduğunu da vurğulayır: "Sözsüz ki, bu, maliyyə tələb edən məsələdir. Amma çalışıb bunu zamanla aradan qaldırmaq lazımdır".

"Azərsu" ASC-dən isə qeyd olunan istiqamətdə işlərin davam etdirildiyi deyilir: "Çimərlik ərazilərində kollektorların tikintisi işləri mərhələli şəkildə aparılır".

Cavid Qara
Cavid Qara

"Cərimə yazmaq olar, amma..."

Ekoaktivist Cavid Qaranın AzadlıqRadiosuna dediyinə görə, Xəzər dənizi yalnız Azərbaycana məxsus olmadığına görə dənizin çirklənməsi problemi məsələsi qonşu ölkələrlə birlikdə həll edilməlidir.

Azərbaycana gəlincə, ekoaktivist Xəzər boyunca çirkli suların birbaşa dənizə axıdıldığını vurğulayır: "Bakıda, Bakıətrafı qəsəbələrdə bu baş verir və həmin suların çox az bir hissəsi təmizlənir. Qalan hissə isə birbaşa dənizə axıdılır. Bu, illərdir davam edir".

C.Qaranın fikrincə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa həll edə biləcəyi məsələ deyil: "Bunu bir-iki aya cərimə və məcburi göstərişlə həll etmək mümkün deyil. Bu, yeni infrastruktur tələb edən məsələdir. Cərimə yazmaq olar, amma cərimədən sonra infrastruktur yoxdursa, çirkli sular yenə də dənizə axıdılacaq. Çirkli suları təmizləmək üçün xüsusi avadanlıq quraşdırılmalıdır".

Azərbaycanda bu yöndə iş görülməsi haqda yetərincə rəsmi qərar və sərəncam olsa da, görünən odur ki, kağız üzərində qalır. Odur ki, bəzilərinin dənizə getmək arzusu da ürəyində qalır.

XS
SM
MD
LG