Bugün, mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmaçı jurnalist Xədicə İsmayılın işi üzrə növbəti qərarını elan edib.
Bu barədə AzadlıqRadiosuna məlumatı X.İsmayılın özü təqdim edib. Onun deməsinə görə, məhkəmənin qərarında qeyd edilir ki, bu iş X.İsmayılın ləyaqətinə qarşı Azərbaycandakı nəşrlərlə bağlıdır. Yerli məhkəmələr onun bununla bağlı verdiyi şikayəti təmin etməyib.
X.İsmayıl 2014-cü ildə Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyatın toxunulmazlığı (8-ci maddə) və ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddə) pozulması ilə bağlı şikayət verib. Məhkəmə jurnalistin şikayətini təmin edib və Azərbaycan hökumətinin üzərinə ona mənəvi ziyana görə 4500 avro, vəkil xərclərinə görə isə 1500 avro təzminat ödəmək öhdəliyi qoyub.
Dördüncü qərar
X.İsmayıl məhkəmənin qərarını şərh edərkən bildirib ki, bu, onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin dördüncü qərardır: "Mən Azərbaycanda məhkəməyə müraciət edərkən simvolik kompensasiya məbləğini qoymuşdum. O həmin dövrə təsadüf etmişdi ki, məmurlar qəzetləri milyonluq cərimələrlə məhkəməyə vermişdilər və həmin məhkəmələri udurdular. Məhkəmə müraciətim özəl həyatıma müdaxilə və şantaj olayından dərhal sonra, həbsim ərəfəsində baş verən çirkin kampaniya ilə bağlı idi. "Səs" qəzeti silsilə məqalələr dərc edirdi, haqqımda təhqirlər yayırdı və mən onları simvolik məbləğlərlə məhkəməyə verirdim. Ən azı aydın olsun ki, bu, jurnalistika deyil və azad sözdən belə istifadə etmək olmaz. Amma məhkəmələr mənə qarşı olan bütün təhqirləri haqlı hesab edirdi. Biz AİHM-ə müraciət etdik".
X.İsmayılın vurğulamasına görə, onun haqqında belə məqalələrin və yerli məhkəmələrə müraciətlərin sayı çox olub, amma AİHM-ə belə yalnız bir şikayəti gedib çıxa bilib:
"Ondan əvvəl həbslər başladı"
"O ərəfədə mən həbs olundum. Ondan əvvəl həbslər başladı, Media Hüququ İnstitutu bağlandı… Avropa İnsan Hüquqları Məhkəməsi hesab etdi ki, bu, jurnalistika, söz azadlığından istifadə deyil. Bu, azad jurnalistikanın qısnadılmasıdır. Bu qərar bunu açıq ortaya qoyur".
X.İsmayıl bildirib ki, Azərbaycan hökuməti AİHM-in qərarlarını tam şəkildə icra etmir: "Bundan əvvəl mənim üç qərarım olub. Onlardan birinin kompensasiyası ödənilib, amma hesabıma həbs qoyulduğundan orada qalıb. Digər ikisi üzrə heç kompensasiya ödənməyib. Bu dörd qərar üzrə hökumətin mənə 44500 avro borcu var. Əslində, birinci qərarı da tam icra olunmuş hesab etmək olmaz…".
Qərara "Səs" qəzetinin rəhbərliyi və Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Bu vaxta qədər olan qərarlar
2013-cü ildə aksiyalardan birində iştirakına görə jurnalist X.İsmayıl 400 manat cərimə olunub. Həmin cəriməni ödəməkdən imtina edən X.İsmayılın 220 saat icbari əməyə cəlb olunması haqqında qərar verilib.
X.İsmayıl bundan AİHM-ə şikayət verib. 2017-ci ildə AİHM Konvensiyanın 5, (Azadlıq və toxunulmazlıq), 6 ( Ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) maddələrin pozulmasını tanıyıb, X.İsmayıla 7 min məbləğində kompensasiya təyin edib.
2019-cu ilin yanvarında AİHM araşdırmaçı jurnalist X.İsmayılın Azərbaycan hökumətindən şikayəti ilə bağlı ikinci qərarını elan edib. Bu iş jurnalistin videogörüntülərinin yayılması nəticəsində Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır. Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.
Bu ilin fevralın 27-də AİHM X.İsmayılla bağlı növbəti qərarını açıqlamışdı. Məhkəməyə şikayət onun tutulması, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması və 7 il yarım azadlıqdan məhrum edilməsi ilə bağlı olub. Məhkəmə X.İsmayılın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri üzrə hüquqlarının pozuntusunu tanıyıb.
Xatırlatma
2014-cü il dekabrın 5-də həbs olunan X.İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.
Sonradan bu müddət 2 il 3 aya salınıb.
X.İsmayıl ittihamları qəbul etmirdi və araşdırma yazılarına görə əsassız həbs edildiyini bildirirdi.