Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:14

Vergi orqanı məhkəmələrin, az qala, yarısında uduzub


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Azərbaycanda sahibkarların vergi orqanlarından şikayətləri illərdir gündəmdən düşmür. Məhkəmələr tez-tez vergi orqanlarına qarşı iddiaları haqlı sayır. Açıqlanan faktlar bunu göstərir. Nazirlər Kabinetinin hesabatından aydın olur ki, ötən il Azərbaycanın vergi orqanları cavabdeh qismində 655 iddia tələbi ilə bağlı birinci instansiya məhkəmələrinə qatılıb. Bu işlərdən 277-ində iddia tələbi tam və ya qismən təmin edilib, yəni həmin işlərdə vergi orqanı məhkəməni uduzub. Bu işlərin cəmi 94-də iddiaçıların vergi orqanına qarşı tələbi rədd edilib. Daha 354 işdə isə iddia tələbinə mahiyyət etibarilə baxılmadan iş üzrə icraata xitam verilib.

Vergi orqanları ötən il apellyasiya şikayətinin baxıldığı 213 məhkəməyə qatılıb. Həmin işlərin 125-ində - bütün apellyasiya şikayətlərinin 60 faizə yaxınında məhkəmə vergi orqanlarının tam və ya qismən əleyhinə qərar çıxarıb. Cəmi 71 iddia üzrə apellyasiya şikayəti vergi orqanının xeyrinə həll edilib. Daha 17 işinsə icrasına xitam verilib.

Eyni dövrdə vergi orqanları toplam 118 iddia tələbi üzrə kassasiya şikayətinin baxıldığı məhkəməyə qatılıb. Bu işlərin 57-ində vergi ödəyicilərinin xeyrinə qərar verilib. Vergi orqanları 22 işdə qalib çıxıb. 38 kassasiya şikayəti yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilib, bir şikayət üzrə isə icraata xitam verilib.

Vergi borcları artıb

Ötən il Azərbaycanda 218 min 800 vergi ödəyicisinin toplam 3 milyard 255 milyon manat məbləğində vergi borcu yaranıb. Bu borclardan 202 min 800 vergi ödəyicisinə məxsus 2 milyard 865 milyon manatlıq borc ləğv edilib. Rəsmi göstəricilərdən aydın olur ki, 2021-ci ilin əvvəlində 71 min 700 vergi ödəyicisinin dövlət büdcəsinə toplam 1 milyard 506 milyon manat vergi borcu olub. Ötən ilin sonunda dövlət büdcəsinə borcu olan vergi ödəyicilərinin sayı 82 min 700-ə, vergi borcları isə 1 milyard 896 milyon manata yüksəlib. Başqa deyimlə. il ərzində vergi borcu yaranan vergi ödəyicilərinin sayı 11 min, vergi borcunun məbləği isə 390 milyon manat artıb.

Ötən il boyunca artmış borc məbləğinin 170 milyon manatı (23.9 faizi) səyyar, 334 milyon manatı (46.9 faizi) kameral vergi yoxlamaları nəticəsində yaranıb. Vergi ödəyicisinin bəyannamələrinə görə formalaşan borc həcmi 145 milyon manat olub. 2021-ci ilin sonunda sosial sığorta üzrə 145 min 100 vergi ödəyicisinin 199 milyon 700 min manat, işsizlikdən sığorta üzrə isə 20 min 800 vergi ödəyicisinin toplam 2 milyon 500 min manat məbləğində vergi borcu qalıb.

Diqqətçəkən digər bir göstərici ölkədən çıxışı məhdudlaşdırılan şəxslərlə bağlıdır. Ötən ilin sonuna olan rəqəmlərə görə, məhkəmə qərarına əsasən, 10 min şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb. 2021-ci ildə cinayət işi və materialları üzrə dövlət büdcəsinə toplam 39 milyon 251 min manat ödənilib. Bu göstərici 2020-ci illə müqayisədə 12 milyon 621 min manat və ya təxminən 45 faiz çoxdur.

Ələ keçirilən narkotiklər iki dəfədən çox artıb

Ötən il ərzində gömrük orqanları 17 mindən çox hüquqpozma faktı üzə çıxarıb. Şübhəli bilinən 427 nəfər barədə müvafiq tədbirlər görülüb. Onların 333 nəfəri Azərbaycan, 94 nəfəri digər ölkələrin vətəndaşı olub. Ötən il aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin həcmində kəskin artım diqqət çəkir - gömrük sərhədindən keçirilmək istənən 3 ton 43 kiloqram narkotik maddə aşkar edilib. Bu, əvvəlki illə müqayisədə iki dəfədən çox artım deməkdir. Ələ keçirilmiş heroinin (2 ton 106 kq) həcmi 47 faiz, metamfetaminin çəkisi (194 kq) 30 dəfə artıb. Bunlar götürülən narkotikin 75 faizi anlamına gəlir.

Saxlanılan 56 nəfərdən 22 nəfəri Azərbaycan, 34 nəfəri xarici ölkə vətəndaşı olub. Narkotik vasitələr 19 halda Azərbaycana gətirilərkən, bir halda Kanadaya aparılarkən, 31 halda tranzit yolla Azərbaycandan keçirilərkən, dörd halda isə ölkə daxilində həyata keçirilmiş əməliyyatlar nəticəsində aşkar edilib.

15 min şəxs cəzalandırılıb

Ötən il gömrük orqanlarının üzə çıxardığı 17 minə yaxın inzibati xəta faktları üzrə 1 min 700-dən çox hüquqi şəxs cərimələnib. Həmin hüquqi şəxslərin 4 min 810-u xarici hüquqi şəxslər olub. İl ərzində 15 min nəfər inzibati məsuliyyətə cəlb edilib. Bu şəxslərin 10 min 400 nəfəri, yəni üçdə ikisi xarici ölkə vətəndaşı olub və onlar bütövlükdə 3 milyon 523 min manat məbləğində cərimə edilib. Məhkəmə orqanları 1 milyon 300 min manat dəyərində malın müsadirəsinə qərar verib.

"Valyuta tənzimlənməsi haqqında" Qanunun tələblərinə pozaraq ölkə sərhədlərindən çıxarılmaq istənən 138 min ABŞ dolları, 3 milyon 348 rus rublu, 41 min 600 avro, 6 min 800 lari, 50 min 300 saxta ABŞ dolları, 2 milyon 713 min manat dəyərində 7 min 328 qızıl zinət əşyaları, sikkə və külçələr, 1 milyon 335 min manat dəyərində digər qiymətli daşlar aşkar edilib. Aksiz markası olmadan ölkəyə gətirilməsi aşkarlanan 311 min manat dəyərində 1 milyon 780 min ədəd xaricdə istehsal edilmiş siqaret və 147 min manat dəyərində spirtli içkilər də aşkar olunanlar arasındadır.

XS
SM
MD
LG